Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 23:37

Rəssam emalatxanasında yaşayıb-yaradan ailə... [Video]


Rəssam emalatxansında yaşayıb-yaradan ailə
Gözlə

No media source currently available

0:00 0:04:02 0:00
Direct-ə keçid

Fərhadla Leylanın evləri kimi evlilikləri də xüsusi baş tutub.

-
2 yaşlı Altunayın dili demək olar ki, «kraska», «kist», «kağız» sözləriylə açılıb. Rəssam emalatxanasında doğulub-böyüməyin də özəlliyi budur hər halda.

Əlinə fırça alıb divarları, döşəməni rəngləyən Altunay rəssamlar Fərhad YalquzaqLeyla Altunayın qızıdır. 3 ildir evli olan rəssam cütlüyü elə öz iş emalatxanalarındaca yaşayırlar - Fərhad 1999-cu ildən emalatxanasında yerləşib, Leyla isə onunla ailə qurandan sonra.

Rəssamlar üçün sovet dövründən tikilmiş bu emalatxana binası metronun «Xalqlar Dostluğu» stansiyasından bir qədər aralıdadır. Emalatxananın yeganə rəssam ailəsi özlərini başqa evdə heç təsəvvür belə etmir:

« BELƏ YERDƏ ANCAQ RƏSSAM YAŞAYA BİLƏR»

Fərhad Yalquzaq:

«Bura çox gəlib-gedən olur. Deyirlər ki, nə maraqlıdır, nə qeyri-adidir. Ancaq çoxu belə bir yerə gəlib-getmək istəyər, burda yaşamaq hər kəsin işi deyil. Hər kəs istəyər ki, hər cəhətdən tam rahatçılığı olsun. Belə yerdə ancaq rəssam yaşaya bilər. Biz aza qane olan insanlarıq, bizdə o şey yoxdur ki, başımız üstündən qır-qızıl tökülsün. Yeməyimizi bişirə bilirik, çayımızı qoya bilirik, rəngimiz var. Daha nə lazımdır ki?!»

«ƏSAS ODUR Kİ, RƏNGİMİZ OLSUN»
Emalatxana
Emalatxana

Leyla Altunay:

«Əsas odur ki, rəngimiz olsun, bir də işləməyə materialımız. Başqa mənə heç nə lazım deyil».

Emalatxananın yataq otağı və mətbəxi o qədər kiçik hissəni tutur ki, elə bilirsən onlar da müasir incəsənət muzeyində hansısa eksponatdır. Elə ki evə qonaq gəlir, yataq otağına bir az əl gəzdirməklə qonaq otağına çevirirlər:

«Mətbəx bizdə bu balaca stoldur. Şkafdır – qablarımızı bura yığmışıq. Bir də bu «pletka». Bu qədər».

Ev-emalatxananın divarlarında oboyu dünya və yerli rəssamların əsərləri əvəzləyir. Rəsm asılmayan yerləri isə divar yazıları tutur – əsasən də Fərhad Yalquzaqın şeirləri. Onun bir şeirlər kitabını dostları sürpriz olaraq çap ediblər. Bugünlərdə isə Fərhad Yalquzaqın ikinci kitabı – romanı nəşr ediləcək. Bu, hələ hamısı deyil – rəssamın gitarada çalıb-oxumağı da var...

ATA ÇƏKİR, ANA ÇƏKİR, 2 YAŞLI ALTUNAY DA...

Bir də görürsən ki, ailənin bütün üzvləri iş başındadır: ata çəkir, ana çəkir, 2 yaşlı Altunay da qoşulur onlara. Valideynləri deyir ki, onlar üçün övladlarının rəssam olub-olmayacağının heç bir fərqi yoxdur. Öz həyatları ilə bağlı qərarlarını ¬özləri verdikləri kimi, Altunaya da bu azadlığı tanıyırlar.

Fərhadla Leylanın evləri kimi evlilikləri də xüsusi baş tutub.

Fərhad Yalquzaq
Fərhad Yalquzaq
Fərhad Yalquzaq:

«Leylanı görmüşəm, bəyənmişəm, demişəm mən səninlə evlənmək istəyirəm. O da deyib ki, elə mən də. Getmişik ZAQS-a, ondan sonra səhəri gün gəldim Leylagilin evinə, atasıyla, anasıyla tanış oldum».

Və Leyla köçür Fərhadın 23 ildir tək yaşadığı emalatxanasına. Fərhad Yalquzaq iki yaradıcı insanın birlikdəliyi barədə də danışır:

«BİR MÜƏLLİMƏ İLƏ EVLƏNSƏYDİM...»

«Yaradıcı adamı ancaq yaradıcı adam tam başa düşə bilər, anlaya bilər. Bəlkə də, məsələn, bir müəllimə ilə evlənsəydim, ola bilər, mənim üçün daha rahat olardı. İndi mən Leylayla evlənmişəm, lazım olanda boyalarımı tapa bilmirəm, çünki Leyla axırına çıxıb».

Rəssam cütlüyünün hər birinin yüzlərlə əsəri var. Onlar ildə 6-ya yaxın əsər sata bilirlər.

«RƏSSAMLIQ NARKOMANİYADIR».

25 illik rəssamlıq Fərhad Yalquzaqı bu nəticəyə gətirib: Rəssamlıq narkomaniyadır:

«Narkoman elə bir şeydir ki, onun aludəçiliyi fizikidir. Yəni, sən fizioloji olaraq aludə olursan və ondan ayrıla bilmirsən. Amma rəssamlıq belədir ki, sən buna mənəvi olaraq – ağlınla, beyninlə, qəlbinlə, bütün hissiyyatınla bağlanırsan. Ona görə bunu sənin canından çıxartmaq artıq mümkün olan məsələ deyil».
XS
SM
MD
LG