Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 09:45

Nuranə Nur. Ehtimal


-
Ehtimal

Yavaş-yavaş cümlələrimi tərk edir adın
Hər dəfəsində bir misra qanadan,
Yazıldığı kimi oxunmayan adın.
Gecikdirilən hər an yaşanmağa məhkumdur
bunu bilirdik.
Məğrur-məğrur yenildik
iki qəlb qədər şöhrəti olan sevgiyə.
Yalnız öz arxasını saxlayar gözdən asılan pərdə.
Axı,böyüyə bilməmək
yaşlanmaqdan qurtulmaq deyil.
Üzündə ayrılıq izləri,
Həsrət qırışları yaşa dolur sevgimiz.
Alnında tumurcuqlanan tərdi xatirələr
Və biz...
çöküntüsüyük o xatirələrin.
Hər şeyin bitdiyinin səsidir səssizlik
Bir ömrü çərçivələyən bu səssizlik
varlığınla yoxluğun arasında qalmaq ehtimalımdı.
XS
SM
MD
LG