Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:41

Gəncədə ailə quran hər 4 nəfərdən biri boşanır


Arxiv foto
Arxiv foto
28 yaşlı Sevinc (ad şərtidir) 4 il əvvəl qonşuluqda yaşayan oğlanla ailə qurub. Deməsinə görə, söz-söhbətli keçən bu dövrdə qayınanası ilə dəfələrlə mübahisə edib. Nəhayət 6 ay əvvəl izdivaclarına son veriblər. Ancaq bu hadisə digər dağılan ailələrə nümunə deyil. Boşanmaların səbəbləri müxtəlifdir.
BİRİNCİ SƏBƏB İŞSİZLİKDİR...
Gəncə şəhər Statistika İdarəsinin verdiyi məlumatda deyilir ki, son 6 ay ərzində Gəncədə qurulan hər 4 ailədən biri dağılır. Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsinin mütəxəssisi Gülnarə Adıgözəlova da deyir ki, bu ilin 6 ayı ərzində 416 nəfərin ailə qurması qeydə alınıb. Onlardan 145-i boşanıb. Gülnarə Adıgözəlovadan boşanma üçün müraciət ərizələrində daha çox hansı səbəblərin göstərildiyini soruşuruq. Deyir ki, ilkin səbəb işsizlik göstərilir:
«Vətəndaşlar evlənib ailə qururlar. Rusiyaya gedirlər, qadın qalır burada təkcə. Yoxsulluq, işsizliklə bağlı olur. Adətən ailəyə baxmırlar. 6 ay ərzində 145 nəfər boşanıb. Ailə quranlar da 416 nəfər olub. Birinci işsizlikdir. Tüfeyli həyatdır. Ailədə ziddiyyət yaranır».
Gülnarə Adıgözəlova onu da əlavə edir ki, qeydiyyatı aparılmayan erkən nigahları və nigaha girməyənlər də nəzərə alınsa reallıqda boşananların sayı daha çoxdur.

«NİGAH MÜQAVİLƏSİ MƏCBURİ OLMALIDIR...»
Regional Qadın Mərkəzinin rəhbəri Məleykə Əlizadənin sözlərinə görə, təşkilatın araşdırmaları da təsdiqləyir ki, boşanmaların sayı çoxalıb. Bununla belə o da qeyd edir ki, bu rəqəm reallıqda dəfələrlə çoxdur:
Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsi
Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsi
«İnsanlar iqtisadi cəhətdən ailə qurmağa hazır olmurlar. Bizim təşkilatın apardığı sorğu və tədqiqatlar nəticəsində bu onu göstərir ki, insanlar hazır olmadan ailə qururlar. Mənəvi cəhətdən də hazır olmurlar. Məsuliyyətlərin bilmirlər. Ailə institutu möhkəmləndirmək lazımdır. Bu adət-ənənəyə söykənən institut olub. Bunun üçün orta məktəbdə bir fənn tədris etmək lazımdır. İnsanlar arasında maarifləndirmə aparılmır. Psixoloji yardım mərkəzləri olmalıdır. Nigah müqaviləsi mütləq olmalıdır. Məcburi olmalıdır. Nigah müqaviləsində şərtlər ki, qoyulur kişi qadına nələr ödəməlidir. Onda bu boşanmaların qarşısı alınacaq. Boşanmalar zamanı indi qadınlar ancaq yaşayış hüququ alır, aliment çox azdır. Uşaqların tələblərin ödəmək qeyri mümkündür».
«XANIMI GÜCLÜ MÖVQEDƏ GÖRMƏYƏ HAZIR DEYİLİK»
Psixoloq Səbinə Həsənova isə deyir ki, hazırda cəmiyyətdə köklü dəyişikliklər gedir və bu gənclərin psixoloji durumuna ciddi təsir edir:
«Ailələrdə artıq mövqe dəyişilib. Bizim cəmiyyətdə kişilərin iş tapmaq problemi qabarıqdır. Təsir edir, ailələrdə boşanmaların sayı artır. İlk növbədə işsizlikdir, sonra cəmiyyətdə qadınlarla kişilərin rolunun dəyişməsidir. Bizim cəmiyyət hələ buna hazır deyil. Xanımı güclü mövqedə görməyə hazır deyilik. Hər bir məqam ola bilər. İlk uşaq anadan olanda xanım əsas vaxtını körpəyə həsr edir. Öz yoldaşına vaxt az ayırır. Qlobal mövzudur. Müxtəlif səbəblər var. Ən çox boşanma güzəştə gedilmədiyinə görə olur».
Psixoloq Səbinə Həsənova da deyir ki, ailələr üçün psixoloji yardım mərkəzləri açılmalı və hər ailənin öz psixoloqu onlarla yaxından maraqlanmalıdır.
XS
SM
MD
LG