Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:40

Arxeoloqlar Şamaxıda gizli yeraltı tunel aşkarlayıblar


Şamaxı rayonunun Böyük Xınıslı kəndinin ərazisində yerləşən «Gülüstan» qalasında aparılan arxeoloji qazıntı işləri zamanı müxtəlif təyinatlı tikililərin qalıqları və çoxsaylı maddi-mədəniyyət nümunələri aşkar edilib.

Xəbəri Mədəniyyət və Turizm Nazirliyinin saytı yayıb.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı-Ağsu Arxeoloji Ekspedisiyasının rəisi Akif Quliyevin bildirdiyinə görə, el arasında «Qız qalası» adlandırılan və min ildən artıq tarixə malik, Şirvanşahlar dövlətinin əsas iqamətgahı sayılan «Gülüstan» qalasında aparılan arxeoloji tədqiqat işləri zamanı XI-XII əsrlərə aid sənətkarlıq emalatxanaları, təndirlər, dulusçu sobaları, üç qəbir, müxtəlif ox ucluqları, gümüş və mis sikkələr, muncuqlar, şüşə bilərziklər, daşdan hazırlanmış top mərmiləri, epiqrafik yazı nümunələri, daş kitabələr və s. aşkarlanıb.

Arxeoloqlar qazıntı işləri zamanı IV əsrə aid olan və Bizans imperatoru I Konstantinin adına zərb edilmiş mis sikkələr, eləcə də Pirdirəyi və Gülüstan dağlarının arasından keçən Zoğalavay çayının sahilindən «Gülüstan» qalasına çəkilmiş gizli yeraltı yol da aşkar ediblər.

Həmin yeraltı gizli yolda arxeoloji tədqiqat işlərinin aparılması planlaşdırılır.

Xəbərdə vurğulanır ki, bu günədək Gülüstan qalasının 600 kvadratmetr ərazisində arxeoloji tədqiqat işləri aparılıb və avqustun sonunadək daha 300 kvadratmetr ərazidə arxeoloji qazıntının aparılması nəzərdə tutulur.
XS
SM
MD
LG