Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:12

Məcburi köçkünlər yenidən çadırlara sığındı...


Məcburi köçkünlər yenidən çadırlara sığındı...
Gözlə

No media source currently available

0:00 0:04:16 0:00

Məcburi köçkünlər yenidən çadırlara sığındı...

-
Avqustun 1-də Dərnəgül qəsəbəsində məcburi köçkünlərin yataqxanası yanandan sonra oradakı 30-dan çox ailə çadırlara yerləşdirilib. Onlar üçün çadırlar da elə yataqxananın yaxınlığında qurulub.

«NƏYİMİZ VARDISA, YANDI»

Məcburi köçkünlər gecəni çadırlarda keçirsələr də, səhər yenə yanmış yataqxananın qalıqlarına üz tutublar. Əllərinə salamat nəsə keçəcəyinə ümid etsələr də, yanğın güclü olduğundan, demələrinə görə, bir şey tapa bilməyiblər:

«Hamısı yanıb külü çıxıb. Hamımız bu kirin-pasın içindəyik. Nəyimiz vardısa, yandı. Televizoru, soyuducunu kreditə götürmüşdük. Heç pulunu da verib qurtarmamışdıq».

Yanmış binanın mərtəbələrindən birində qırmızı kasa, vedrə görünür. Kiminsə qalstuku yerdədir. Qaralmış binanın yanmış əşyaları maşınlarına yüklənir.

Gecəni isə 30-dan çox ailə asfaltın üstündə qurulmuş çadırlarda keçirib. Çadırlara ailə üzvlərinin sayına görə çarpayılar, yataq dəsti, sərinkeş verilib.

Çadır şəhərciyində tibb məntəqəsi, yeməkxana qurulub. Yeməkxanada televizor da var. Hər çadırın üstünə nömrəsi, burda yaşayan adamların adları olan siyahı vurulub.

«DEMİRİK Kİ, YENİ EV VERSİNLƏR»

Çadırlar
Çadırlar
Gülbar Nərimanova deyir ki, hər çadırda 5-6 adam yaşadığından çox çətinlik çəkirlər:

«35 ailəyə 33 çadır verilib. Biz demirik ki, bizə yeni tikilən binalarda ev versinlər. Yaşamağa şəraiti olan bir yer versinlər. 35 ailədir. Hər ailədə 5-6 nəfər adam yaşayır. 5-6 aylıq uşaqlar, qocalar var. Axı, biz də insanıq, bizim də haqqımız var».

Məcburi köçkünlər deyir ki, yanmış yataqxana binaları qəzalı vəziyyətdə olub. Bununla bağlı icra orqanlarına müraciət etsələr də, vaxtında əncam çəkən olmayıb:

«Bura həmişə belə olub. Əvvəlcə 2006-cı ildə qaz partlayışı oldu. Bir nəfər yandı. Gəlib yalandan binanın üstünü bəzədilər. Keçən il də partlayış oldu. Yenə gəlib üstünü bəzəyib getdilər».

«GUYA ŞORBA VERİRLƏR»

Gündəlik yemək verilsə də, yeməyin keyfiyyətindən narazı olanlar da var:

«Guya şorba verirlər. Ancaq sudur. Çörəyi batırıb su əvəzinə içirsən. Bu gün də iki yumurta ilə başımızı aldatdılar».

Məcburi köçkünlər deyir ki, əməlli-başlı yağışdan çıxıb yağmura düşüblər:

- Çöllərdə qalmışıq. Burda heç kim yaşamaz.

- Axşam yatmaq olmur, istidən camaat partlayır.

-80 yaşım var. Bu gün səhərə qədər gözümə yuxu getməyib...

- Bu boyda yanğın oldu. Nə ölkə başçısı, nə fövqəladə hallar naziri bura baş çəkib.

«DƏYMİŞ ZİYANLA BAĞLI ARAŞDIRMA GEDİR»
Gülbar Nərimanova deyir ki, hər çadırda 5-6 adam yaşadığından çox çətinlik çəkirlər
Gülbar Nərimanova deyir ki, hər çadırda 5-6 adam yaşadığından çox çətinlik çəkirlər

Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov isə deyir ki, hazırda əhaliyə dəyən ziyanın ödənməsi üçün siyahı hazırlanır:

«Hər bir şərait yaradılır. Onların burada nə qədər qalacaqları məlum deyil. Dəymiş ziyanla bağlı araşdırma gedir».

Həyat Fəaliyyətinin Təhlükəsizliyi üzrə Mütəxəssislər Assosiasiyasının rəhbəri Həbib Ocaqov isə deyir ki, bu cür vəziyyətlərdə sakinlərə minimum şərait yaradılmalıdır:

«Bu, ekstremal şəraitdir. «Qaçqınkom»un milyardlarla pulu var. Bununla onlar məşğul olmalıdırlar. Fövqəladə Hallar Nazirliyinin qurumları, o ərazinin yerləşdiyi və hansı rayonların qaçqınlarıdır onların icra hakimiyyətləri şərait yaratmalıdır. Hər bir insan üçün minimal şərait yaradılmalıdır – onun qazı da, suyu da, tibbi şəraiti də olmalıdır. Üç-dörd yerdə tualet təşkil olunmalıdır. Özü də tualetlər elə olmalıdır ki, səhərisi günü epidemioloji vəziyyət yaranmasın. Hamam təşkil olunmalıdır. İstər maşınla gətirilən, istər krandan gələn su olmalıdır».

«GÜNDƏ 3 DƏFƏ YEMƏKLƏ TƏMİN OLUNURLAR»

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov isə deyir ki, çadırlarda yaşayan ailələr zəruri əşyalar və yeməklə təmin olunub:

«Həmin çadırlarda 32 məcburi köçkün ailəsi məskunlaşıb. Onlara yaşayış üçün lazım olan bütün şərait yaradılıb. Gündə 3 dəfə yeməklə təmin olunurlar. Komitə tərəfindən onlara yataq dəsti, geyim əşyaları, digər zəruri avadanlıqlarla təmin olunublar. Tibb məntəqəsi də var, hamam da quraşdırılır, tualet məsələsi qaydasındadır, qərargah yaradılıb».

«TALEDƏN QAÇA BİLMİRİK»
Uşaqların dünya vecinə deyil
Uşaqların dünya vecinə deyil

Məcburi köçkünlərin bu çadırlarda nə qədər yaşayacağı məlum deyil. Onlardan Gülbahar Məmmədova deyir ki, Qarabağ müharibəsindən sonra dəfələrlə sığınacaq yerlərini dəyişiblər. İndi yenə talelərinə çadırda yaşamaq düşüb:

«Deyəsən, bu taledən qaça bilmirik».

Balaca çadır şəhərciyində topla oynayan qızın isə dünya vecinə deyil. Sıralanmış çadırların yanında sevinclə top-top oynayır.

Avqustun 2-də Nazirlər Kabineti yanğından zərər çəkmiş 32 məcburi köçkün ailəsinə birdəfəlik maddi yardım göstərilməsi ilə bağlı sərəncam verib. Sərəncamda deyilir ki, ailə tərkibi bir nəfərdən ibarət olan ailəyə 1000 manat, 2 nəfərdən ibarət olan ailəyə 1800 manat, ailə tərkibi 3 və daha çox olan ailənin hər bir üzvünə 800 manat birdəfəlik maddi yardım göstəriləcək.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov deyir ki, avqustun 3-də maddi yardım məcburi köçkünlərə veriləcək.
XS
SM
MD
LG