Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:18

Azərbaycanda hər yeni doğulan 100 qıza 115 oğlan düşür


Qız və oğlan
Qız və oğlan
-
Azərbaycanda hər yeni doğulan 100 qıza 115 oğlan düşür. Bu barədə Dünya Bankının yeni hesabatında deyilir. Hesabatda qeyd olunur ki, qızların sayının belə az olması ailədə ayrı-seçkiliyi göstərir. Ailələr oğlanlara üstünlük verir, çoxalmadan imtina edir və dölün cinsinin öncədən təyin oluna bilməsindən yararlanır.

BİR QIZ, BİR OĞLAN

Ginekoloq İradə Allahverdiyeva isə hesab etmir ki, Azərbaycanda daha çox qız uşaqlarını abort elətdirirlər. Onun müşahidələrinə görə, indi ailələr daha çox iki övlada üstünlük verirlər – biri qız, biri də oğlan:

«Kimin ailəsində hansı çatışmır, onu istəyir. Hamı iki övlad istəyir. Birinci qızdırsa, artıq ikinci qızdan imtina edir. Birinci oğlandırsa, ikinci oğlandan imtina edir. Deyirlər iki övlad olsun».

İradə Allahyarova deyir ki, əksinə, bu il Azərbaycanda qız uşaqları daha çox doğulur.

QADIN VƏ KİŞİLƏRİN SAYI BƏRABƏRLƏŞİR

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova isə deyir ki, ümumiyyətlə Cənubi Qafqazda kişinin statusu, rolu həmişə qadınınkından yüksək olub. Ona görə də, selektiv abort artıq Azərbaycan üçün böyük bir faciəyə çevrilə bilər.

M.Əzizova deyir ki, Azərbaycanda birinci uşaq adətən saxlanılır. Amma ikinci, üçüncü uşaqda selektiv abort məsələsi ortaya çıxır. Elektromüayinə ana bətnində uşağın qız olduğunu göstərirsə, bir çox hallarda bu, artıq anaya onu abort etdirmək barədə siqnal rolunu oynayır:
Mətanət Əzizova
Mətanət Əzizova

«Statistikaya görə, Azərbaycan əhalisinin təxminən 49 faizini kişilər, 51 faizini isə qadınlar təşkil edir. Amma ilbəil bu statistika kişilərin xeyrinə dəyişir. Haradasa 2-3 il əvvəl qadınlarla kişilər arasında bu fərq daha çox idi. Amma hər il bu statistikaya nəzər salanda görürük ki, artıq faizlər bərabərləşir. Bu da onu göstərir ki, ölkədə oğlan uşaqları daha çox doğulur. Buna əsasən də demək olur ki, selektiv abortlar çoxalır və bu yolla da qız uşaqlarının doğulmasının qarşısı alınır».

UŞAĞIN CİNSİNİ GİZLİ SAXLAMAQ

M.Əzizova düşünür ki, problemin həlli üçün abortların insan orqanizminə ziyanı barədə maarifləndirmə aparılmalı, ultrasəs müayinəsində uşağın cinsinin deyilməsi qadağan edilməlidir.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə deyir ki, əslində ultrasəs müayinəsində cinsiyyət barədə məlumat verilməsinə qadağa qoymaq heç nəyi dəyişmir:

«Qadın gedib başqa ölkədə bu məlumatı əldə edə bilər. Çində bu məlumatın verilməsi qadağan edilib. Amma yenə də doğulan oğlan uşaqlarıdır».

ÇOXUŞAQLI AİLƏLƏRİN SAYI ARTMALIDIR

Komitə sədrinin fikrincə, bu, indiki dünyanın problemidir, Dünya Bankının hesabatındakı rəqəmlər də şişirdilib. Hadı Rəcəbli də etiraf edir ki, ölkədə oğlan uşaqlarının doğumunda qismən artım var. Amma bu, elə təhlükəli həddə
Hadı Rəcəbli
Hadı Rəcəbli
deyil:

«Burada əsas önləyici tədbir odur ki, təbliğat işi aparmaqla ölkədə çoxuşaqlı ailələrin sayını artırmaq lazımdır. Çünki bir-iki uşaq olanda, ailə üçün onun oğlan və ya qız olması xüsusi əhəmiyyət daşıyır. Amma ailədə uşaqların sayı çox olanda, bu məsələ önəm daşımır. Yəni, uşaqların sayı çox olanda, ailədə oğlan və qız uşaqlarının balansı pozulmur».

Hadı Rəcəbli deyir ki, hazırda parlamentdə onun rəhbərlik etdiyi komitədə «Reproduktiv sağlamlıq haqqında» qanun layihəsi üzərində iş gedir. Bu qanun adıçəkilən problemlə bağlı bir sıra önləyici tədbirləri özündə əks etdirəcək.

Dünya Bankının hesabatında qeyd olunur ki, Ermənistan, Azərbaycan və Gürcüstan cinsi tarazsızlığa görə dünyada Çindən sonrakı yerləri tuturlar. Ermənistanda hər 100 qıza 116, Gürcüstanda isə 111 oğlan düşür.

Hesabata görə, Avropa və Orta Asiyada gender bərabərliyi digər regionlara nisbətən yaxşı səviyyədə olsa da, 1999-2009-cu illərdə pisləşib. Nəticədə indi bu region da qadınların təhsili və işçi qüvvəsi baxımından dünyanın qalan hissəsinə daha çox bənzəyir.
XS
SM
MD
LG