Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 09:59

İosif Brodski: “Heç özüm də bilmirəm xiffət nə deməkdir”


İosif Brodski
İosif Brodski
-

...- Siz xiffət çəkirsinizmi?

- Xiffət? Bu barədə nə demək olar? Xiffət nədir? Gerçəkliyin tələblərindən qaçmaqmı? Mən bu cür sentimental hisslərdən həmişə uzaq olmağa çalışmışam... Heç özüm də bilmirəm xiffət nə deməkdir. Bəzən hansı bir yerdə, hansı bir zamandasa olmaq istəyi Keçir qəlbimdən və bu mümkün olmayanda məyusluq duyuram. Ancaq əmin deyiləm ki, bu duyğu məhz sizin dediyiniz o xiffətdir...



“Oqonyok” jurnalının xüsusi müxbiri Feliks Medvedyevin Nobel mükafatı laureatı İosif Brodski ilə telefonla söhbəti.

Bu o zamanlar idi ki, "dəmir pərdə" yeni-yeni qalxır, sovet jurnalistlərinin Qərbdə yaşayan mühacirlərlə ünsiyyət imkanı yaranırdı.



...1964-cü ildə hakim Savelyev İosif Brodskiyə сəza hökmü kəsdi. Onu tüfeyli kimi mühakimə etdilər. O isə vur-tut şair idi.

...Mən Nyu-Yorka gələn kimi telefonla 9290481 nömrəsinə zəng vurub İosif Brodskini istədim. Mənə cavab verdilər ki, o, evdə yoxdur, şəhərdən üç yüz mil aralıdadır və yalnız bir neçə gündən sonra qayıdıb gələcək. Bərk dilxor oldum.

Bir çox illər əvvəl vətəndən ayrı düşmüş şairlə görüşüb söhbət eləmək çoxdankı arzum idi. Axı Nobel mükafatı laureatı ilə qabaq-qənşər oturub bölüşmək hər adama müəssər olmur.

Qəfildən ağlıma bir fikir gəldi: maşın tapmaq və Nyu-Yorkla hazırda Brodskinin olduğu Sauthedli şəhərciyini bir-birindən ayıran həmin o üç yüz mil məsafəni qət eləmək. Lakin demə, maşın tapmaq müşkül məsələ imiş.

Daha doğrusu, maşın kefin istəyən qədərdi. Ancaq sürücü yox idi - axı kim razı olardı ki, bütün gününü ona dəxli olmayan bir səfərə sərf eləsin.

Mənə Eduard Naxamkin kömək elədi. Amerikanın rəsm həvəskarlarına bu ad yaxşı tanışdır. O, SSRİ-dən Amerikaya köçmüş və rəsm əsərləri ticarəti ilə məşğul olaraq xeyli varlana bilmişdi.

Maşın tapıldı. Lakin elə bil qəsdən hava bütün işləri korladı. Yollarda gediş-gəliş kəsildi, təyyarə meydanları bağlandı.

Daha gözləyə bilməzdim. Taleyi sınağa çəkmək istəməyib telefonla İosif Brodskiyə zəng vurdum. Aramızda belə bir söhbət oldu:

- Siz indi nə üçün Nyu-Yorkda deyil, Sauthedlidəsiniz?

- Mən burada rus və ingilis ədəbiyyatı tarixindən dərs deyirəm. Mən neçə illərdir ki, bununla məşğulam.

- Siz professorsunuz?

- Bəli.

- Sizin neçə tələbəniz var?

- Müxtəlif sayda olur. Buradakı kolleclər çox da böyük deyil. Bəzən iyirmi, bəzən isə yetmiş tələbəyə mühazirə oxuyuram.

- Siz maddi çətinliklər üzündən müəllimliklə məşğul olursunuz?

- Mənim heç bir maddi çətinliyim, maliyyə problemlərim yoxdur. Sadəcə olaraq, mühazirə oxumaqdan, müəllimlik eləməkdən xoşum gəlir.

- Bəs sizin Nobel mühazirəniz nədən ibarət idi? Yəni Nobel mükafatı təqdim edilərkən, siz öz nitqinizdə nələrdən danışmışdınız? Ümumiyyətlə, Nobel mükafatının təqdimatı
İosif Brodski Norenskaya kəndində sürgündə
İosif Brodski Norenskaya kəndində sürgündə
hansı şəraitdə keçirdi?

- Mənim nitqimlə siz gec-tez sovet mətbuatında tanış ola biləcəksiniz. Mükafatı isə mənə Stokholmda, şəhər bələdiyyə idarəsində təqdim etmişdilər. Mən elm və incəsənətin müxtəlif sahələrinə mənsub olan yeddi laueratdan biri idim.

- Mən bilirəm ki, adətən bu təntənəli mərasimə dostları da dəvət edirlər. Həmin unudulmaz gündə dostlarınız yanınızda idimi?

- Dostlarım mənimlə idi. Lakin təəssüf ki, Yevgeni Reyn gələ bilməmişdi.

- Nobel mükafatına təqdim olunmağınız sizin üçün gözlənilməz idimi?

- Bir neçə ildi ki, bu barədə söz-söhbət gəzirdi. Bununla belə mükafatı alacağıma ümidim demək olar ki, yox idi.

- Bu günə kimi neçə kitabınız çapdan çıxıb?

- Yeddi. 1965-ci ildən bəri.

- Kitablarınızın tirajı nə qədərdir?

- Dəqiq deyə bilmərəm, təxminən on min nüsxədən iyirmi minədək.

- Siz həyatınızdan razısınız?

- Bilmirəm.

- İndiyə qədər sizin haqqınızda neçə-neçə kitab yazılıb. Bunlara münasibətiniz?

- Mən bu kitablara qeyri-ciddi bir şey kimi baxıram.

- Siz rusca, yoxsa ingiliscə yazırsınız?

- Şeirləri rus dilində, nəsri ingiliscə.

- Siz müasir sovet poeziyasının inkişafını izləyirsinizmi?

- Təəssüf ki, mən onu tam halda, bütöv şəkildə görə bilmirəm. Axı neçə illərdir ki, bu poeziyadan təcrid olunmuşam. Mən yalnız Kuşner, Reyn, Yelena Şvartsın adını çəkə bilərəm. Və daha bir neçə nəfərin... Veliçanskinin, Yereminin... lakin yəqin ki, siz bu şairlərlə tanış deyilsiniz, çünki onları çap etmirlər.

- Siz Sovet İttifaqında yaşayan dostlarınızla görüşürsünüzmü?

- Yalnız Kuşner və Bitovla görüşə bilmişəm.

- Yəqin sizin xəbəriniz var ki, uzun müddətdən bəri ilk dəfə olaraq şeirləriniz Sovet İttifaqında, «Novı mir» jurnalında çap edilib.

- Nədənsə mənim ən zəif şerlərimi seçib çap etmişdilər. Bu şeirlər mənim yaradıcılığım haqqında yanlış təsəvvür yaradır. Adamda belə bir təəssürat yaranır ki, yekə bir dağ bapbalaca bir siçan doğub.

Brodskinin Moskvada heykəli, 2011-ci il mayın 31-də açılışı olub
Brodskinin Moskvada heykəli, 2011-ci il mayın 31-də açılışı olub
- Yəqin siz də bilirsiniz ki, hazırda ölkəmizdə vaxtı ilə haqsız olaraq unudulmuş bir çox istedadlı sənətkarların əsərləri yenidən nəşr edilir, oxucuların sərəncamına verilir. Sizcə, daha kimləri çap etmək lazımdır?

- Mixail Kuzminin külliyyatını, Vaqinovun, Andrey Platonovun hələ də arxivlərdə yatan əsərlərini.

- Sizin yaxın dostlarınız, məsləkdaşlarınız varmı?

- Mən həmişə iki-üç yaxın adamın rəyinə inanıb etibar eləmişəm. Vətəni tərk edəndən sonra ürək dostlarının sayı artmayıb. Leninqradlı şair Yevgeni Reyn ilk dövrlərdə mənim müəllimim və ustadım olub, mən ondan çox şey öyrənmişəm.

- Eşitdiyimə görə sizi Anna Axmatova ilə ilk dəfə məhz Reyn tanış edib?

- Bəli, elədir. Bu, altmış ikinci ildə olmuşdu. O vaxt iyirmi bir yaşın içində idim. Reyn məni Anna Andreyevnanın Komarovadakı bağına apardı.

- Həmin görüşdən yadınızda nə qalıb?

- Doğrusu, bu görüşü bir qədər dumanlı xatırlayıram. Bəlkə bərk həyəcanlı idim, ona görə? Mən Axmatova haqda çox danışa bilərəm. Buradakı ədəbiyyatçılardan biri-Solomon Volkov mənimlə Axmatova haqda uzun-uzadı söhbət eləyib, bu mövzuda böyük bir müsahibə dərc etdirmişdi.

Burada çıxan jurnalı tapsanız mütləq oxuyun. Onu da deyim ki, mən Axmatova ilə təsadüfdən-təsadüfə görüşürdüm. Lakin bir qış Komarovada bağ kirayə edərkən, Axmatovanı demək olar ki, hər gün görürdüm. Bir dəfə Anna Andreyevna mənə dedi: «İosif, öz aramızdır, mənə niyə belə hörmətlə yanaşdığını anlaya bilmirəm, axı mənim ki, şeirlərimi siz bəyənmirsiz, heç bəyənə də bilməzsiniz». Başa düşmürəm, o niyə belə dedi. Mən etiraz etdim. Doğrusu, bunu çox da ürəkdən eləmirdim, çünki həqiqətən də o dövrdə Axmatovanın poeziyasından xeyli uzaq normal bir sovet gənci idim. Axmatova poeziyasına əsl maraq məndə çox-çox sonralar oyandı. Mandelştamı ilk dəfə oxuyanda mənim artıq 23 yaşım var idi. Desəm təəccüblənəcəksiniz, ancaq Reyn mənə Axmatovanın yanına getməyi təklif edəndə çox heyrətləndim: mən onun sağ olduğunu bilmirdim.

- Bəs siz nə vaxt şeir yazmağa başlamısınız?

- On səkkiz-on doqquz yaşından.

Mən susdum, sonra heç özüm də gözləmədən soruşdum:

- Siz xiffət çəkirsinizmi?

- Xiffət? Bu barədə nə demək olar? Xiffət nədir? Gerçəkliyin tələblərindən qaçmaqmı? Mən bu cür sentimental hisslərdən həmişə uzaq olmağa çalışmışam... Heç özüm də bilmirəm xiffət nə deməkdir. Bəzən hansı bir yerdə, hansı bir zamandasa olmaq istəyi Keçir qəlbimdən və bu mümkün olmayanda məyusluq duyuram. Ancaq əmin deyiləm ki, bu duyğu məhz sizin dediyiniz o xiffətdir.

- Bəs siz öz sənətinizə, öz poeziyanıza inanırsınızmı? Siz haqlı olduğunuza əminsinizmi?

İosif Brodski
İosif Brodski
- Əminəm.

- Peşman deyilsiniz ki?

- Əsla.

Sonra mən öz həmsöhbətimdən soruşdum ki, incəsənət, ədəbiyyat insanı xilas edə bilərmi? Mən o vaxt bilmirdim ki, Brodski bu suala öz Nobel nitqində cavab verib:

«Məsələ onda deyil ki, xeyir və nəciblik böyük sənət əsərinin yaranmasına təminat verə bilməz. Məsələ ondadır ki, pislik və yamanlıq, ələlxüsus siyasi yamanlıq ən zəngin, ən gözəl duyğuları məhv edir. Fərdin estetik zövqü nə qədər zəngin və sabitdirsə o, xeyri şərdən bir qədər dəqiq ayıra bilər və özünü bir o qədər azad hiss edər-lap xoşbəxt olmasa da.

Dostoyevskinin: «dünyanı gözəllik xilas edəcək» fikri, yaxud Metyu Arnoldun: «bizi poeziya xilas edəcək» kəlamı da məhz belə bir fəlsəfi mənada başa düşülməlidir. Yəqin ki, artıq dünyanı xilas etmək mümkün olmayacaq, lakin ayrı-ayrı fərdləri xilas etmək həmişə mümkündür».

Bununla da söhbət bitdi. Biz sağollaşdıq. Mən dəstəyi yerinə qoydum.

Mənə belə gəldi ki, dünya şöhrəti qazanmış şairlə, Nobel mükafatı laureatı ilə deyil, adi bir insanla söhbət eləmişəm. Çünki mən onun səsində güclə seziləcək bir titrəyiş, adi insan həyəcanını duyurdum.

Mən, əslində Nobel mükafatı laueratı ilə deyil, uzun müddətə doğma ocağı tərk etmiş bir qəriblə söhbət eləyirdim. Və o, danışdıqca söhbətin uzanmasını istəyirdim. İstəyirdim ki, o özü haqqında bacardıqca çox, bütün təfsilatı, təfərrüatı ilə danışsın. Hər şey haqqında: həyatı, poeziya, Amerika, Rusiya haqqında.

Mən dəstəyi yerinə qoyandan sonra anladım ki, ondan çox vacib bir məsələni, bəlkə də ən əsas şeyi soruşmağı unutmuşam. Mən Moskvaya qayıdıb, Con Qaedlə İosif Brodskinin müsahibəsinin lent yazısını dinləyənə qədər bu duyğu məni tərk etmədi. Yalnız bu lent yazısına diqqətlə qulaq asandan sonra neçə vaxtdan bəri mənə əzab verən suallara cavab tapdım. Bu sualları telefonla Brodskiyə verməyə cəsarət eləmişdim:

«Siz Qərbə gələn gündən demişdiniz ki, vətəninizə qara yaxmaq fikrində deyilsiniz.

- Elədir.

- Yəqin ki, hələ o vaxt vətənə qayıtmaq ümidində idiniz?

- Xeyr... xeyr...

- İndi bu ümid dururmu, yoxsa...

- Mənim heç vaxt qayıtmaq ümidim olmayıb. Bunu çox istəyərdim, ancaq ümid olmayıb, indi də yoxdur. İstəksə qalır. O həmişə mənimlədir. İllər keçdikcə bu istək bir az da güclənir».

«Oqonyok» jurnalı, 1988-ci il
(Çevirəni Natiq Səfərov)
XS
SM
MD
LG