Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:24

Bir kvadratmetrlik emalatxanada işləyən karikaturaçı


"Bədxərc cənab qırmızı lent"
"Bədxərc cənab qırmızı lent"
Bir qayanın başında üzərinə «büdcə» yazılmış içi pulla dolu buldozer çalovu, o biri qayada isə ölkənin sıravi vətəndaşları dayanıb. Bir yetkili ikiyə bölünmüş bu qayaları birləşdirən yeganə qırmızı lenti kəsir. Özü və onu alqışlayan rəsmilər büdcə pulları ilə qayanın bir tərəfində, vətəndaşlar isə digər tərəfdə qalır.

Söhbət rəssam Gündüz Ağayevin «Bədxərc cənab qırmızı lent» karikaturasından gedir.

CİDDİ TƏZYİQ OLMAYIB

Gündüz Ağayevin son zamanlar çəkdiyi karikaturalar sosial şəbəkələrdə, xüsusilə «Facebook»da ən çox müzakirə olunan mövzulardandır. «Bayraq rekordu», «Keçmişə irəli», «Kukla qisasçı», «Femida» və digər karikaturaların müəllifi Gündüz Ağayev deyir ki, mövzu seçimində çətinliklə rastlaşmır:

«Karikatura elə bir janrdır ki, sosial-siyasi hadisələrin, cəmiyyətdə olan ictimai proseslərin şişirdilmiş formasıdır. Məndə çox vaxt siyasi alınır. Mən medianı izləyirəm, hadisələr göz qabağındadır. Harada yumor hissim qalxırsa, ona uyğun karikatura çəkirəm».

Gündüz Ağayev
Gündüz Ağayev
Gündüz Ağayev çəkdiyi karikaturalara görə ciddi təzyiqlə rastlaşmayıb. Amma deyir ki, bəzi «Facebook» istifadəçiləri onun barəsində təhqiramiz ifadələr səsləndirib, onu «naşükürlükdə» suçlayan statuslar yazıblar. Bundan incimədiyini bildirən Gündüz əksinə özünün də bir karikaturasını çəkib, adını da qoyub «naşükür».

CƏMİYYƏTİN GÜZGÜSÜ OLASAN...

O, karikatura çəkməyə iki ilə yaxındır başlayıb. Özünü peşəkar hesab etmir. Deyir onun sənəti əsasən rəngkarlıqdır, karikatura onun üçün fikrini ifadə vasitəsidir. Bir növ çəkdiyi karikaturalarla cəmiyyətdə güzgü rolunu oynayır:

«Cəmiyyətin səhv tərəfini göstərmək, güzgü rolunu oynamaq vacibdir. Cəmiyyətin güzgüsü olasan, güzgüyə baxıb özünün pis- yaxşı tərəflərini görəsən. Məsələn, mənim çəkdiyim karikaturaların effektini görəndən sonra çoxlu gənc karikaturaçılar mənə öz işlərini göndərirlər. Mən onların səhvlərini deyirəm, onlar öyrənməyə can atırlar. Çox sevinirəm ki, bu sənətə maraq artır. Ola bilər ki, bir ilə yeni-yeni gənc, cəsarətli, mərd karikaturaçılar yetişsin».

Gündüz Ağayevdən çəkdiyi karikaturalar barədə özünün nə fikirləşdiyini soruşuram. Gülür... Sonra deyir ki, karikaturalara görə tanınmaq istəməzdi. Amma əlavə edir ki, çəkdiyi karikaturalar arasında elələri var ki, hətta özünü də təəccübləndirib:

AZƏRBAYCANLI FEMİDA

«Hardasa gözüm Femidaya sataşdı. Belə baxdım, fikirləşdim ki, bu mövzudur. İndiyə kimi femidaya aid çoxlu karikatura çəkilib. Mən də çəkdim. Düzü çəkdim və nəticədən özüm də təəccübləndim. Hərdən fikirləşirəm ki, yəqin bunu necə çəkməyi mənə kimsə deyib. İnanmıram özümün bunu çəkməyimə. Rusiyanın Femidası- məsələn onu çox xoşlayıram. Dözə bilməyən Femida».

«Femidanın müxtəlifliyi» adlı karikaturada 8 müxtəlif ölkənin Femidasını çəkib.

Azərbaycanlı Femidanın əlinin biri və ağzı bağlıdır – müəllif deyir bu, ölkədə azad sözün olmamasına işarədir. Qılıncını iki kişi aparır, yəni qayda-qanunun, ədalətin silahını da əlindən alırlar. Femidanın haqq- ədalət tərəzisi də əlində deyil. Gündüz Ağayev deyir ki,
Rəssam emalatxanada
Rəssam emalatxanada
bununla Azərbaycanda ədalət simvolunun zorlandığını, təcavüzə məruz qaldığını demək istəyib.

1 KVADRATMETRLİK EMALATXANA

Onun çəkdiyi karikaturalar ən tezi 10 dəqiqəyə, ən geci isə 2 günə ərsəyə gəlib. Deyir elə mövzular olub ki, həmin mövzuya münasibət bildirmək istəsə də fikrinə heç nə gəlməyib. Elə mövzular da olub ki, dərhal nəsə çəkib:

«Elə vaxt olur ki, baş verən hadisəyə münasibət bildirə bilmirəm. Görürəm ki, ya çox şit alınır, ya maraqlı olmur. Ümumiyyətlə mənim karikaturalarım çox bayağıdır. Çalışıram ən loru dildə fikrimi ifadə edim. Yəni, yüksəyə qalxmıram».

Gündüz Ağayevin emalatxanası mənzilinin 1 kvadrat metrlik balkonunda yerləşir. Deyir ki, karikaturalarını əsasən işdə çəkir. Karikatura bir növ onun hobbisidir. O, tezliklə bu rəsmlərindən ibarət «balkon» adlı sərgi keçirməyi planlaşdırır.


XS
SM
MD
LG