Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 08:10

«Haqlarımı tələb etdiyimə görə şərlənərək işdən çıxarılmışam»


Xanlar Ağayev
Xanlar Ağayev
-

«YEŞİYİ QALDIRIB ORDAN BAĞLAMA ÇIXARTDILAR»

Zirə sakini Xanlar Ağayev «Qaynar xətt»ə 30 il işlədiyi Abşeron rayon Dəniz Neft Donanma İdarəsindən (DNDİ) qanunsuz işdən çıxarılmasından şikayət edib. Onun sözlərinə görə, idarədə müxtəlif vəzifələrdə işləyib. Sonuncu vəzifəsi gəmidə mexanik olub. Deyir işdən çıxarılmasının faktiki səbəbi rəhbərliklə bağlı müxtəlif qurumlara şikayətlər yazması olub, rəsmi səbəb isə işdə səhlənkarlığa yol verməsi kimi göstərilib.

Xanlar Ağayev: «2011-ci ilin yanvar ayının 7-də qəflətən gəmiyə gözətçilər gəldi. Heç bir axtarış aparmadan birbaşa mənim işlədiyim şöbəyə daxil oldular, akkumulyator yeşiyini qaldırıb ordan bağlama çıxartdılar. İçərisində bir şüşə spirtli içki vardı. İkinci şüşədə isə də ağ maye vardı, dedilər ki, partlayıcı maddədir. İşçilərdən biri həmin şüşəni götürüb dənizə tulladı. Mən etirazımı bildirdim ki, hər iki tapılan əşya hal şahidlərinin iştirakı ilə protokollaşdırılmalı idi, dənizə atılmamalı idi. Sonra da həmin tapılan əşyaları guya mənim gəmiyə gətirildiyimi yazıb, ləkələyərək işdən çıxartdılar. Onda başa düşdüm ki, əslində bağlamanı gəmiyə özləri qoymuşdular ki, məni şərləsinlər. Çünki 30 ilin işçisi idim, rəhbərlik məndə qüsur tapa bilmirdi ki, məni işdən qovsun».

Xanlar Ağayev deyir ki, rəhbərliyin gözündən düşməsinə səbəblər olub:

«ƏSL SƏBƏB RƏHBƏRLİKDƏN ŞİKAYƏTLƏR YAZMAĞIM İDİ»

«2010-cu ilin sentyabrından baş idarəmizə rəhbərliyin qanunsuz hərəkətləri, işçilərlə kobud davranışı, mənə verilməli olan məzuniyyət pullarının mənimsənilməsi ilə bağlı şikayətlər göndərmişəm. İkiqat ödənişlər, məzuniyyət pullarım düzgün ödənilmirdi, əlavə saxlayıb işlədirdilər, pulunu ödəmirdilər. Baş idarəmizdən əlavə, MTN-nin Xəzər rayon şöbəsinə də məktub yazmışdım. Hərçənd ki, bu şikayətləri oxuyan da yox idi. Əvəzində isə rəhbərlik mənə qarşı belə addım atdı ki, başqalarına görk olsun, yəni gördünüz də şikayət edənin başına nə oyun gətirdik».

Xanlar Ağayevin sözlərinə görə, 19 aydır işsiz qalıb. İşə bərpa və ona çatmalı olan ödənişlərin tələbi ilə Xəzər rayon Məhkəməsinə müraciət edib. Məhkəmə onun iddiasını təmin etməyib.

«İŞDƏ SƏHLƏNKARLIĞA YOL VERİB»

Abşeron rayon Dəniz Neft Donanma İdarəsinin nümayəndəsi Yanvar Əyyubov keçmiş gəmi mexanikinin iddialarını əsassız hesab edib. Bildirib ki, Xanlar Ağayev idarəyə məxsus olan «Şimal-59» gəmisində mexanik işlədiyi müddət ərzində xidməti vəzifəsinə məsuliyyətsiz yanaşdığına görə dəfələrlə intizam məsuliyyətinə cəlb olunub. Bu il yanvarın 7-də «Abşeron-18» gəmisinin Əsgərov soyadlı kapitanı Abşeron DNDİ-nin Pirallahı qəsəbəsi Şimal Körpüsünün yoxlama keçid məntəqəsindən daxil olarkən xidməti vəsiqəsini təqdim etməyib, ondan əlavə 3 nəfər də əraziyə daxil olub. Buna görə də mühafizəçilər idarənin rəhbər işçiləri ilə birlikdə gəmiləri yoxlamağa başlayıblar.

Yoxlama zamanı Xanlar Ağayevin baş mexanik vəzifəsində işlədiyi «Şimal 59» gəmisinin motorxanasından, akkumulyator yeşiyinin içindən bir şüşə araq tapılaraq aktlaşdırılıb. Həmin araq şüşəsi işlək mühərrikin yanında olub. Xanlar Ağayev içki şüşəsinin kim tərəfindən gəmiyə gətirildiyindən xəbərsiz olduğunu bildirib və aktı imzalayıb. İdarə rəhbərliyi qərara gəlib ki, Xanlar Ağayev səfərə hazırlaşan gəminin texniki vəziyyətinə məsul olduğu halda işinə məsuliyyətsiz yanaşıb. O, gəmidə texniki vəsaitləri yoxlamağa borcludur. Ancaq mühərrikin yanında olan tez alışan, yanğın və partlayışla nəticələnə biləcək araq şüşəsini görməyib. Səhlənkarlığına görə də o, işdən azad olunub. İşdən çıxarılandan sonra işə bərpa ilə bağlı idarəyə müraciət edib. Ona başqa bir idarədə iş təklif olunsa da razılaşmayıb.

İdarənin nümayəndəsi gəmidən partlayıcı maddə tapılması barədə iddiaları təsdiqləməyib.

Xanlar Ağayev isə deyir ki, məhkəmə onun iddiasını təmin etmədiyinə görə yuxarı məhkəmələrə müraciət edib.
XS
SM
MD
LG