Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:29

Əsgər Elşən Novruzovun valideynləri onun boğularaq öldürüldüyünü deyirlər... [Video]


Ailəsi əsgər Elşən Novruzovun öldürüldüyünü deyir
Gözlə

No media source currently available

0:00 0:03:17 0:00
-
İyul ayında həqiqi hərbi xidmətə çağırılmış Şəmkir şəhər Yeni Həyat qəsəbəsi sakini Elşən Novruzov avqustun 30-da torpağa tapşırılıb. Hərbi hissədən əsgərin xəstəlikdən ölməsi məlumatı verilib. Mərhum Elşən Novruzovun ailəsi isə bu fikirləri qəbul etmir. Oğlunun indiyədək heç bir xəstəlikdən şikayət etmədiyini, tamamilə sağlam olduğunu iddia edən ana - Səlbi Novruzova deyir ki, Elşən əsgər getdiyi ilk günlərdən hərbi hissədə incidildiyindən şikayət edirmiş. Üstəlik, Səlni Novruzova iddia edir ki, oğlunu daha çox xidmət çəkmiş bir əsgər hədələyirmiş. Ana bu hədə və münasibətlərin nəticəsi olaraq oğlunun boğularaq öldürüldüyünü güman edir. O, oğlu ilə son görüşündən, yəni Elşən Novruzovun komaya düşdüyü gündən 2 gün əvvəli xatırlayır:

«Getdim, dedi, mama, «dembil» telefonumu alıb. Dedim qoy dursun. Oğlum da dedi ki, istəmirəm onda qalsın. Getdi telefonu aldı gətirdi. Balamın üstdə 120 manat pulu var idi. Apardığım yeməkdən yedi, görüşdük ayrıldıq. Mən gəldim. Mən gələndən sonra guya ki, uşağın vəziyyəti qarışıb, amma mənə məlumat verilməyib. Telefonda dedi ki, daimi heyət məni incidir. «Dembil»dən telefonu alanda Elşənə deyib ki, bu sənə baha başa gələcək».

Səlbi Novruzova deyir ki, iyul ayının 19-da oğlu ilə son görüşündən 2 gün sonra, onların evlərinə hərbi hissənin həkimi zəng edib və oğlunun komaya düşdüyü xəbərini verib. Telefonda ona təcili gəlmələrini çatdırıb. Lakin sonra əsgər Ağcabədi rayonundakı Hərbi Hospitala, ordan da Mərkəzi Hərbi Hospitala göndərilib. Əsgər Elşən Novruzov Bakıdakı Mərkəzi Hospitalda vəfat edib.

«GUYA MƏNİ GÖRÜB HƏYƏCANLANIB, İSTİLİYİ QALXIB, KOMAYA DÜŞÜB»

Səlbi Novruzova gileylənir ki, oğlu əgər xəstə idisə, onun ilk gün vəziyyəti pisləşəndə xəbər verməli idilər:

«Birisigün 10 arası, dedi uşağınız ağır xəstədir, tədaviyə cavab vermir. Dedi komadadır. Soruşdum nə olub ki, dedi mən bilmirəm. Bunu hərbi hissənin həkimi dedi. Dedi və telefonu keçirdi. Ağcabədiyə getdik hospitala. Uşağın yanına buraxmadılar. Gecə idi. Girdim ki, gözləri bağlı, qapı örtülü uşağı göstərdilər. Guya məni görüb həyəcanlanıb, istiliyi qalxıb, komaya düşüb».

Elşən Novruzovun yaxınları müəmmalı ölüm xəbərini alan kimi rayonda mərkəzi yolu bağlayaraq etiraz aksiyası keçirməyə çalışıblar
Elşən Novruzovun yaxınları müəmmalı ölüm xəbərini alan kimi rayonda mərkəzi yolu bağlayaraq etiraz aksiyası keçirməyə çalışıblar
Elşən Novruzov kiqboksinq idman növü üzrə respublika səviyyəli yarışlarda uğur qazanıb, diplom və kuboklar əldə edib. Valideynlərinin deməsinə görə, tamamilə sağlam imiş. Odur ki, valideynləri və bütün qohumlarını indi bir çox suallar narahat edir.

«ÜSTÜNƏ BAYRAQ SALIB KOMANDİRLƏ, ƏSGƏRLƏ APARIB BASDIRMADILAR»

Onlar deyirlər ki, hadisə müddətində də, sonra da hərbi hissənin komandiri üzə çıxıb bir açıqlama vermir. Heç əsgərin dəfn mərasiminə də nə bir əsgər yoldaşı, nə də komandir qatılıb. Tabutuna bayraq salınmayıb, bir əsgər kimi layiqli mərasim təşkil edilməyib:

«Tabuta qoymayıblar, üstünə bayraq salıb komandirlə, əsgərlə aparıb basdırmadılar. Niyə? Ləyaqətli aparardılar. İcra hakimiyyəti də məcburiyyətdən gəldi. Polis məni öldürürdü, təpikləyirdi».

Elşən Novruzovun yaxınları müəmmalı ölüm xəbərini alan kimi rayonda mərkəzi yolu bağlayaraq etiraz aksiyası keçirməyə çalışıblar. Polislə aralarında qarşıdurma yaşandığını iddia edirlər. Ancaq rayon polisindən AzadlıqRadiosuna bu iddiaları təsdiq etməyiblər.

«ORA ƏSGƏR VERƏN ANALARIN AĞILI YOXDUR»
Elşən Novruzovun yas mərasimi
Elşən Novruzovun yas mərasimi

Mərhum əsgər Elşən Novruzovun ailəsində şübhə doğuran digər vacib məsələ meyitin ekspertizası ilə bağlıdır. Bibisi Gülgəz Xızırova deyir ki, əsgərin tibbi ekspertiza üçün tələb qoysalar da, meyiti verməyiblər. Meyit ailəyə avqustun 29-u təhvil verilib. Sabahı günü də dəfn edilib:

«Dedik haradan istəsək ekspert gətirib yoxladaram. Dedi bunun heç nəyi yoxdur, komaya düşüb. Bu nətər komadır, gözü bağlı, bunun gözün aç görək, dedi əlini vurma. Həkim deyir bilmirəm bu xəstə necə gəlib. Ağcabədinin hərbi hospitalının həkimi deyib. Bizim ehtimalımız odur ki, salamat uşağı saat 4-də anası qoyub gəlib, nə dişi ağrımayıb, nə başı, saat 6-da uşağı öldürüb aparıblar Ağcabədiyə. 1 gün yarımdan sonra da deyiblər gəl, ana, uşağın ölüb. Bəlkə salamat vaxtına çatardı. O, hərbi hissə yiyəsiz bir yerdir, komandir gündə bir dəfə gəlir, baxıb çıxır gedir. Ora əsgər verən anaların ağılı yoxdur».

Əsgərin xidmət etdiyi hərbi hissənin komandiri ilə əlaqə yaratmaq mümkün olmadı. İlk olaraq aparıldığı Ağcabədi rayon Hərbi Hospitalının qəbul şöbəsindən bildirdilər ki, artıq cinayət işi açılıb, onlar əlavə heç bir məlumat
Foto: Arxiv
Foto: Arxiv
verə bilməzlər.

Ekspertiza rəyində əsgərin üzərində heç bir zorakılıq əlamətləri aşkarlanmadığı qeyd edilib.

Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Əfrahim Təhməzov da təsdiq edir ki, hadisə ilə bağlı cinayət işi başlanılıb. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.2-ci - qulluğa səhlənkar yanaşma maddəsi ilə. Əfrahim Təhməzov istintaqın əsgərin ölüm səbəbi hesab olunan xəstəliyinin tibbi ekspertizası üzrə aparıldığını deyir. Bildirir ki, ekspertiza rəyində əsgərin üzərində heç bir zorakılıq əlamətləri aşkarlanmadığı qeyd edilib. Lakin əlavə edir ki, hərbi hissədə baş verən hadisələr də istintaqa əlavə edilib, araşdırma aparılır. Faktlar bu yönə istiqamətlənərsə, cinayət işinin maddəsi də dəyişə bilər.

Əsgərin əvvəllər xəstə olmadığını Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə dövlət Xidmətinin Şəmkir şəhər üzrə rəisi Həsrət İsmayılov da deyir. Bildirir ki, Elşən Novruzovun sənədlərinə onun həqiqi hərbi xidmətə yararlı olduğu və əvvəllər də heç bir xəstəliyinin olmaması yazılıb. Əlavə edir ki, qəfil xəstəlik olub-olmamaması onda da şübhə doğurur.

Həlak olan əsgərin yaxınlarının indi bircə arzuları var. Elşən Novruzovun nə səbəbdən ölməsi aşkara çıxsın, qanı yerdə qalmasın:

«Biz deyirik ki, balamızın qanı yerdə qalmasın. Biz Azərbaycan torpağına əsgər verdik. Demədik ki, aparıb öldürsünlər».
XS
SM
MD
LG