Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:28

Ay köçəri quşlar!


Arxiv foto: Qaranquşlar
Arxiv foto: Qaranquşlar
(Ovqat)

Uzun illərdir ki, qəfildən səhər tezdən oyanmaq adətim var.

Hələ qaranlıqdır.

Amma səhər yaxındadır.

Mən onun nəfəsini eşidirəm.

Yuxum da tamam çəkilir.

Bax, alaqaranlıq sökülür.

Və bu an quşlar başlayır-nə başlayır!

Sabahın gəldiyini bir-birinə xəbərləyirlər!

(Bir az AzadlıqRadiosunun Bakı ofisinə bənzəyir).

Bunu dillə ifadə etmək çox çətindir.

Gərək özün eşidəsən.

Sanki mükəmməl bir xor gözəl bir nəğmə oxuyur.

Nəğmə gah enir-gah qalxır, gah həyəcanlı olur, gah da sakitləşdirici.

Elə ki, səhərin bağrı yarıldı, səslər azalır, zəifləyir, kəsilir...

Sən demə, əsl xəbər sabahın gəlməsiymiş!

Yazdan bəri bir neçə dəfə mən quşların bu cəh-cəhinin şahidi olmuşam.

Ayrı cür həzz almışam.

Ötən gecə yeni eyni vaxtda ayıldım.

Xeyli yata bilmədim.

Birdən quşları xatırladım.

Yuxusuz qalsam da, heç olmasa onların avazını dinləmək istədim.

Heç bir səs yox idi!

Zavallı səhər öz-özünə açılırdı.

Nə bir səs, nə bir savaş!

Sabah «Vağzalı»sız gəlinə bənzəyirdi...

Donub qaldım.

Handan-hana anladım ki, payız gəlib axı.

Quşlar köçüb gedib...

Bakı quşlarsız qalıb.

Ay köçəri quşlar!

Nə tez getdiniz!

Nə xəbərsiz getdiniz!

Bizə əsl xəbərin nə olduğunu, necə verilməli olduğunu anlatdınız və «Can Bakı»dan xəbərsiz köç etdiniz...

Ay köçəri quşlar!..

Niyə getdiniz?!
XS
SM
MD
LG