Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:49

Elçibəy ailəsinə pensiya veriləcək


Əbülfəz Elçibəy
Əbülfəz Elçibəy
-
Sentyabrın 6-da Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev AzadlıqRadiosuna müsahibə verib. O, müsahibəsində deyib ki, «Eks-prezidentlər haqqında» qanun 3 aydır qəbul edilsə də, Elçibəyin xanımı qanunla ona düşən müavinəti ala bilmir.

Müsahibədən dərhal sonra – sentyabrın 7-də Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları Ərturqut Əliyevlə əlaqə yaradıblar. Ona müavinətlə bağlı anlaşılmazlıq olduğunu və sənədləşmə işlərindən sonra ailənin həmin vəsaiti alacağını bildiriblər.

Bu haqda AzadlıqRadiosuna Ərturqut Əliyev özü deyib.

«ELÇİBƏYİN AİLƏSİ FONDA MÜRACİƏT ETMƏYİB»

Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev isə bunları dedi:

«Qanunvericiliyə uyğun olaraq vətəndaş pensiya təyinatı üçün qeydiyyatda olduğu ərazi üzrə Fondun yerli orqanına müraciət etməlidir. Təəssüflər olsun ki, qanun qüvvəyə mindiyi andan indiyədək Elçibəyin ailəsi Fonda müraciət etməyib. Bu səbəbdən onlara pensiya təyin etmək mümkün olmayıb. Nəhayət, məsələni mətbuatda qaldırıblar».

Elman Babayevin dediyinə görə, Fondun Binəqədi rayon şöbəsinin əməkdaşları dəfələrlə ailənin qeydiyyatda olduğu ünvana getsə də, onları tapa bilməyib:

«Bu gün məcbur qalıb Ərturqut bəyin mobil telefonunun nömrəsini tapmışıq və ona müraciət etmişik ki, sənədləri şöbəyə təqdim etsin. İndi o, Bakıda deyil. Bununla belə, artıq bəzi məlumatları aldıq və indi təyinat aparılır. Qanunla müəyyən edilən müavinət onlara ödənəcək».

Elman Babayev deyir ki, qanunla Elçibəyin xanımı ayda 3750 manat alacaq. Bundan başqa, ötən aylarda yığılıb qalan məbləğ –
Ayaz Mütəllibov
Ayaz Mütəllibov
təxminən 13 min manat isə birdəfəlik ödənəcək.

«AYAZ MÜƏLLİM KARTINI ALIB»

Eks-prezident Ayaz Mütəllibov da qanunla ona düşən müavinəti alır. Bunu da Elman Babayev deyir:

«Ayaz müəllim özü keçən ay müraciət etmişdi. Artıq pensiya ödənilir və kartını da bizdən götürüb».

«Eks-prezidentlər haqqında» qanuna əsasən, keçmiş prezident indiki dövlət başçısının aylıq əməkhaqqının 50 faizi qədər pensiya almalıdır. Keçmiş prezidentə həmçinin 3 nəfərdən artıq olmayan təhlükəsizlik heyəti, bir sürücü, bir avtomobil verilir.

Keçmiş prezident vəfat etdikdə isə onun aldığı pensiyanın 50 faizi məbləğində aylıq müavinət həyat yoldaşına ödənilir.

ƏLİ HƏSƏNOV: «QANUNDA NƏZƏRDƏ TUTULAN BÜTÜN MÜDDƏALAR HƏR İKİ PREZİDENTİN AİLƏSİNƏ ŞAMİL OLUNACAQ»

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da məsləyə münasibət
Əli Həsənov
Əli Həsənov
bildirib. O, APA-ya deyib:

«Milli Məclis tərəfindən qəbul olunmuş və Azərbaycan prezidenti tərəfindən təsdiqlənmiş «Azərbaycan Respublikasının eks-prezidentləri və onların ailə üzvlərinin təminatı haqqında» qanun ölkənin bütün eks-prezidentlərinə və onların ailə üzvlərinə tətbiq olunur. Bu qanun həm Ayaz Mütəllibova, həm də Əbülfəz Elçibəyə, onun ailə üzvlərinə şamil edilir. Mətbuatda bunun əksi ilə bağlı səslənən bəzi fikirlərin həqiqətə uyğunluğu yoxdur».

Əli Həsənov bildirib ki, İlham Əliyev adıçəkilən qanunun tətbiqi üçün Maliyyə Nazirliyinə tapşırıqlar verib:

«Bu günlərdə Maliyyə Nazirliyi həmin qanunun mərhum Əbülfəz Elçibəyin xanımına, həm də Ayaz Mütəllibova, onun ailəsinə tətbiqi ilə bağlı lazımi addımlar atacaq. Qanunda nəzərdə tutulan həm maddi, həm də digər bütün müddəalar hər iki prezidentin ailəsinə şamil olunacaq».
XS
SM
MD
LG