Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:29

Portuqaliya-Azərbaycan: Möcüzə olacaqmı?


Foto: Arxiv
Foto: Arxiv
-
Sentyabrın 7-də 2014-cü il Dünya çempionatının seçmə mərhələsinə start verilib.

F qrupunda yer alan Azərbaycan millisi Tofiq Bəhramov adına Respublika stadionunda İsrail yığmasını qəbul edib. Oyun 1:1 hesabı ilə başa çatıb.

Azərbaycan millisinin İsraillə ilk oyunu yığmanın sabiq məşqçisi Şahin Diniyevin xoşuna gəlib:

«Azərbaycan oyunçuları yaxşı çıxış etdilər, səviyyəli oyun göstərdilər. Komandanın 1 xal qazanması az da olsa, yaxşıdır, çünki yığmanı səfərdə 3 ağır oyun gözləyir. Oyunçular tək müdafiədə oturmadılar, hücumda da etibarlı oynadılar».

AZƏRBAYCAN FUTBOLUNUN BƏLASI

Sentyabrın 11-də Azərbaycan milli komandası səfərdə Portuqaliya ilə qarşılaşacaq. Ş.Diniyev portuqallarla oyunun çətin olacağını deyir:

«Portuqaliya yığması İsraildən qat-qat güclüdür. Həm də çox sürətli komandadır. Azərbaycan futbolunun ən böyük bəlası da sürətli hücumların qarşısını ala bilməməsidir. Bu baxımdan millini çox çətin oyun gözləyir».

«FUTBOLÇULARIMIZ HƏLƏ DƏ SOVET MAŞINLARININ MOTORU İLƏ İŞLƏYİRLƏR»

Müğənni Baloğlan Əşrəfov Azərbaycan-İsrail oyununu canlı izləyə bilməyib. Amma sonradan bəzi fraqmentlərə baxan müğənni hesab edir ki, Azərbaycan futbolçuları ilə bağlı müəyyən problemlər var. O, sürət məsələsində Ş.Diniyevlə tam razı olduğunu deyir:

«Bizim futbolçular hələ də elə bil sovet hökumətinin buraxdığı köhnə maşınların motoru ilə işləyirlər. Bizim futbolda texnika həmişə olub, bizdə çatışmayan cəhət sürətdir. Müasir futbolda həlledici məsələ sürətdir. 15 dəqiqədən sonra komandanın nəfəsi təngiyirsə,
Baloğlan Əşrəfov
Baloğlan Əşrəfov
oyunçular bəhanə axtarırsa, bu, futbol hesab edilə bilməz».

«GECƏ-GÜNDÜZ ALLAHA DUA EDİRƏM Kİ, MÖCÜZƏ BAŞ VERSİN»

Portuqaliya ilə Azərbaycan yığmalarını müqayisəyəgəlməz komandalar sayan B.Əşrəfov yalnız möcüzəyə ümid edir:

«Ronaldo'nun sürət mexanizmi ilə bizimkilərin ayaqlaşacağı çətin məsələdir. Mən gecə-gündüz Allaha dua edirəm ki, möcüzə baş versin. Və ya əlimizə nə isə bir imkan düşsün ki, biz qələbə qazanaq. Bəlkə rəqib komandanın basaratı bağlanar, hər şey ola bilər. Bu İsrail komandası deyil ki, deyək nə isə edərik. Bu, Portuqaliyadır».

«İSRAİL KOMANDASININ QOLU TƏSADÜFÜ QOL İDİ»

Azərbaycan-İsrail oyununu tribunadan izləyən Müsavat başqanı İsa Qəmbər Azərbaycan futbolçularının oyununu müsbət dəyərləndirir. O, İsrail komandasının qolunu da təsadüfü qol hesab edir:

«O qoldan sonra demək olar ki, oyun açıldı və hər iki tərəfin təhlükəli hücumları oldu. Bizim tərəfin qol vurmaq şansları daha çox idi. Əslinə qalsa, Ruslan Abışovun vurduğu qol şans yox, dəqiq vurulan qol idi. Komandamızın qol şansları da oldu, amma ikinci qolu vurub 3 xal götürə bilmədik. Başlanğıc kimi Azərbaycan komandası üçün bu, pis oyun deyildi. Hesab edirəm ki, Azərbaycan komandası daha böyük uğurlar haqqında düşünməlidir».

Sentyabrın 11-də Portuqaliya yığması ilə keçiriləcək oyunu İsa Qəmbər də çətin
İsa Qəmbər
İsa Qəmbər
sayır:

«Portuqaliya dünyanın ən güclü yığmaları sırasına daxildir. Çox güclü oyunçuları var. Elə təkcə Ronaldo nəyə desən dəyər».

FUTBOLDA BƏZƏN MÖCÜZƏ DƏ BAŞ VERİR

İ.Qəmbər də növbəti oyunda möcüzə ola biləcəyini düşünür. Portuqaliyanın Lüksemburq yığmasına çox çətinliklə qalib gəldiyini yada salır. Deyir adətən Portuqaliyanın məşhur oyunçuları Lüksemburq və Azərbaycan kimi komandalarla toparlana, motivasiya oluna bilmir:

«Bizimkilər Portuqaliya ilə heç-heçə edə bilsələr, bu, çox böyük uğur olacaq. Futbolda bəzən təsadüfən möcüzə də baş verir. Təsadüfən qalib gəlsələr, bu, böyük sensasiya olacaq».

AZƏRBAYCAN OYUNÇULARI İNAMLI İDİLƏR, AMMA...

«Futbol+» qəzetinin baş redaktoru Mahir Rüstəmli də Azərbaycan yığmasının son oyunundan razı qalıb:

«Qələbəyə yaxın olan tərəf biz idik. Hətta qol vəziyyətlərinin sayına görə biz İsraili açıq-aşkar üstələyirdik. Azərbaycan oyunçuları inamlı idilər, bir az da bu inamı artırsaydılar, oyunu qələbə ilə bitirmək olardı. Mənə elə gəlir ki, rəqib Azərbaycan yığmasından belə oyun gözləmirdi».

PORTUQALİYA İLƏ ÇOX ÇƏTİN OLACAQ

M.Rüstəmli Portuqaliya ilə oyunda heç möcüzəyə də inanmır:

«Portuqaliya Avropada Top-5-ə daxil olan yığmadır. Bizim tərəfdən onlardan xal qoparmağımız çox çətindir, mən buna inanmıram. Əvvəl onların oyunçularının bəziləri zədəli idi, amma Lüksemburqla oyunda Cristiano Ronaldo və digər zədəli futbolçular meydana çıxmışdı. Bu səbəbdən çox çətin olacaq».
XS
SM
MD
LG