Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:40

Salman Rushdie: “Bu axmaq filmə ən düzgün cavab o olardı ki...”


Kanada - Salman Rushdie Toronto Film Festivalında avtoqraf verir.
Kanada - Salman Rushdie Toronto Film Festivalında avtoqraf verir.
-

“Bəli, bu, axmaq filmdir... və Youtube-dakı bu axmaq filmə ən düzgün cavab o olardı ki, sən də Youtube-da buna “axmaq filmdir” deyəsən. Sonra da öz həyatına davam edib başqa işlərinlə məşğul olasan”.

Britaniya yazıçısı Salman Rushdie bunu “Müsəlmanların məsumluğu” filmi əleyhinə müsəlman ölkələrində keçirilən kütləvi etirazlara münasibət bildirərkən söyləyib.

Amma CNN-ə müsahibəsində S.Rushdie deyib ki, kütləvi etirazların spontan olmasına inanmır, düşünür ki, bu, dinlə yox, siyasətlə bağlı məsələdir, insanları qızışdırıb küçələrə çıxardan - siyasətçilərin əlində olan “nifrət maşını”dır:

“İş o yerə çatıb ki, məsələn, “Hizbullah”ın məsul şəxsləri dindarlara bildirirlər ki, bu filmin çəkilişi Amerika kəşfiyyatının rəhbərliyi tərəfindən sifariş edilib. Bu, bir qlobal paranoyadır, insanlara deyirlər ki, İslamı gözdən salmaq üçün Qərbdə nəhəng bir sui-qəsd planı mövcuddur və bütün bu videolar, karikaturalar həmin planın sübutudur. Bu təbliğat vasitəsilə ərəb ölkələrində kütləyə effektiv şəkildə təsir edə bilirlər”.

Amerikada çəkilmiş “Müsəlmanların məsumluğu” filmi qalmaqal yaradandan sonra İrandakı “15 Xordad Fondu” Salman Rushdie-nin başına qoyduğu pulu artıraraq 3,3 milyon dollara çatdırıb.

Fondun rəhbəri Sanei bildirib ki, əgər vaxtilə Salman Rushdie kimi adamlar məhv edilsəydi, indi heç kim peyğəmbəri təhqir edən filmlər çəkməzdi.

Əfqanıstanda "Müsəlmanların məsumluğu" filminə etirazlar, 19 sentyabr, 2012
Əfqanıstanda "Müsəlmanların məsumluğu" filminə etirazlar, 19 sentyabr, 2012
1989-cu ildə İranın ali dini lideri Xomeyni “Şeytan ayələri” romanına görə Salman Rushdie-nin ölümünə fitva vermişdi. Romanda peyğəmbərin təhqir edildiyi iddia olunurdu.

Yazıçı deyib ki, mükafatın artırılması, sadəcə, bir ruhaninin mətbuatın manşetinə çıxmaq istəyinin nəticəsidir. Salman Rushdie-nin sözlərinə görə, mükafat çoxdan elan edilsə də, indiyəcən buna çox az adam ciddi yanaşıb.

Yazıçı bildirib ki, vaxtilə onun qorxduğu – sifarişi dövlətdən alan peşəkar killerlər olub.

Amma artıq onun gizlənməyə məcbur olduğu illər arxada qalıb.

ABŞ-da oxucuları ilə görüşən və fitva altında yaşadığı illərdən bəhs edən “Cozef Anton” kitabını tanıdan Salman Rushdie deyib ki, bu, onun gizləndiyi zaman istifadə etdiyi təxəllüsdür.

Anton – “tənha sənətkar” Anton Çexov, Cozef isə Rushdie-nin sevdiyi “Mən ölənəcən yaşamalıyam” devizinin müəllifi Cozef Konraddır.

Jurnalistlərin yazdığına görə, yazıçının oxucularla görüşünün keçirildiyi kitab dükanı ətrafında mühafizəçilər olsa da, içəri keçənlərin çantaları yoxlanmayıb və tədbir əvvəlcədən geniş reklam edilib.

Salman Rushdie təxminən 10 il gizlənməyə məcbur olub. Ötən əsrin 90-cı illərinin sonunda İran hökuməti Britaniyaya bildirib ki, daha yazıçı ilə bağlı fitvanın icra edilməsinə çalışmayacaq.

oxuzali.az
İran, 26 fevral, 1989. Qızın əlindəki plakatda "Biz Salman Rushdie-ni öldürməyə hazırıq" yazılıb.
İran, 26 fevral, 1989. Qızın əlindəki plakatda "Biz Salman Rushdie-ni öldürməyə hazırıq" yazılıb.
XS
SM
MD
LG