Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:01

Evləri sənədsizlər 2013-cü ili gözləyirlər


Gülnaz Məmmədova
Gülnaz Məmmədova
-
«Bu tikililər qanunsuz olsaydı, bura işıq, qaz, su çəkərdilər? Hər ay da gəlib pulunu alırlar».

Bunu Bakının Buzovna qəsəbəsindəki Çingiz Mustafayev küçəsinin sakinləri deyir. Sakinlər bildirirlər ki, vaxtilə hökumətə pul verib, torpaq alıb ev tikiblər. İndi də ARDNŞ gəlib onların evlərini sökmək istəyir.

BİR DƏFƏ ERMƏNİSTANDAN KÖÇKÜN DÜŞƏNLƏR

Sakinlər deyir ki, ərazidə evlərin bir qismi sənədsiz, digər qismi isə sənədli tikililərdir. Amma məhkəmə sənədli evlərin də qanuni olmadığı barədə qərar çıxarır. Deyirlər, əvvəllər başlarını aşağı salıb kasıbçılıqlarını edirdilər. Bir gün Neft Şirkətinin işçiləri gəlib yerin altından bir boru xətti tapıb çıxardıblar. Onu rəngləyib, bəzəyib küçəni mühafizə zonası elan ediblər. Ondan sonra xoş günləri yoxdur. Sakinlər istəyirlər ki, prezident bu məsələ ilə bağlı bir qərar versin.

Gülnaz Məmmədova deyir ki, prezident qərar verib, ancaq məmurlar yerinə yetirmir:

«Prezidentimiz əmr verib də. Deyir, kömək edin camaat rahat yaşasın. Amma prezident gedib hamıya nəzarət edə bilməz ki».

Gülnaz Məmmədovanın ailəsi 5 nəfərdən ibarətdir. Bir dəfə Ermənistandan köçkün düşüblər. Bu dəfə də buradan qovulsalar, artıq getməyə yer yoxdur.

KÜÇƏDƏN 2 TANK KEÇƏR

Nuru İsrafilov deyir ki, 1992-ci ildə icra hakimiyyətinin sərəncamı ilə torpaq alıb, ev tikib. O vaxtdan burada yaşayır.
Nuru İsrafilov
Nuru İsrafilov
Bir gün ARDNŞ-in işçiləri buradan keçən boru xəttinə görə ərazini mühafizə zolağı elan ediblər. Onlara evlərin sökülməli olduğunu deyiblər:

«İndi də bizə deyirlər ki, evləriniz qanunsuzdur. Boru xəttindən 50 metr o yana, 50 metr də bu yana evlər sökülməlidir. Bütün məhkəmə instansiyalarının da hamısı deyir ki, evlər sökülsün, cərimə olunsun. Yaxşı, bəs biz neyləyək? Hara gedək? Bu gün səhər yenə gəlmişdilər üstümüzə. Bəs bu boyda yaşayış massividir. Bu millət dərdini kimə desin? Bu sıra tamam 1992-ci ildən olanlardır. Bax, bu trafareti də 2005-ci ildə gətirib basdırıblar bura. Guya bura neft ərazisidir. Halbuki, burada nə nasoslar, nə başqa şey var, yalnız borudur. O da, deyilənə görə, boşdur. Bu küçədən 4 dənə də olmasa, rahat 2 dənə tank keçər. Niyə bu camaatı incidirlər axı?».

MƏHKƏMƏYƏ NİYƏ MÜRACİƏT EDİLİR

Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyir ki, prezidentin fərmanına əsasən, bu məsələ ilə bağlı komissiya yaradılıb. ARDNŞ-in işlətdiyi mədən ərazilərində, neft və qaz kəmərlərinin keçdiyi mühafizə zolaqlarında yerləşən qanunsuz tikililərlə bağlı hal-hazırda məlumatlar hazırlanır. Artıq bu iş yekunlaşmaq üzrədir. Paralel olaraq qanunsuz tikililərlə bağlı məhkəməyə müraciət edilir. Ancaq Nizaməddin Quliyevin dediyinə görə, məhkəməyə müraciət edilməsi heç də o demək deyil ki, bu gün adamlar o evlərdən çıxarılacaqlar:

«Sadəcə, bu məhkəmə qərarları bizim əlimizdə olmalıdır ki, həmin ərazilərdə baş verə biləcək hər hansı bədbəxt hadisələrin qarşısını almaq mümkün olsun. Məhkəməyə buna görə müraciət olunur».

GENEFONDA TƏHLÜKƏ

Məhkəməyə müraciət edilməsi o demək deyil ki, bu gün adamlar o evlərdən çıxarılacaqlar
Məhkəməyə müraciət edilməsi o demək deyil ki, bu gün adamlar o evlərdən çıxarılacaqlar
Nizaməddin Quliyev təsdiqləyir ki, ARDNŞ-ə aid ərazilərdə yeni tikililərə icazə verilmir. Belə cəhdlərin də qarşısı qətiyyətlə alınır. Amma köhnə tikililərə gəldikdə, o barədə qərarı yaradılmış dövlət komissiyası verəcək. Mətbuat xidmətinin rəhbəri qeyd edir ki, ərazilərdə yaşamaq təkcə insan həyatı üçün yox, həm də genefond üçün təhlükəlidir. Yalnız ARDNŞ deyil, başqa qurumların da belə problemi var.

2011-ci ilin əvvəlində Prezident İlham Əliyev Bakı şəhər İcra Hakimiyyətində keçirdiyi toplantıda sənədsiz evlərin sənədləşdirilməsinə dair tapşırıqlar vermişdi. Prezident belə bir problemin mövcud olduğunu bildirmişdi və onu maksimum əhalinin xeyrinə həll etməyi tapşırmışdı.

Bundan sonra Bakının bir sıra rayonlarında icra strukturları tərəfindən sənədsiz evlərdən bəzi məlumatlar da toplanmışdı. Amma bu canlanma o qədər də uzun çəkməmişdi. Hətta bir ara sənədsiz evlərin sənədləşdirilməsinə dair qanun layihəsinin artıq parlamentə daxil olması barədə məlumatlar yayılmışdı.

LAYİHƏ NECƏ YOXA ÇIXDI

İqtisadçı-ekspert Rövşən Ağayev isə hesab edir ki, əslində sənədsiz tikililərlə bağlı əhalidə məlumatsızlıq var. Çünki onun dediyinə görə, ölkə prezidenti sənədsiz evlərin sənədləşdirilməsi yox, bu iş üçün hüquqi bazanın hazırlanması, müvafiq məlumatların toplanmasını tapşırıb. Məqsəd ilkin mərhələdə ölkədə - xüsusən də Abşeron yarımadasında nə qədər sənədsiz evlərin olduğunu müəyyənləşdirmək idi. Amma buna baxmayaraq, o vaxt əhalidə belə bir fikir yarandı ki, prezident sənədsiz evlərin sənədləşdirilməsini tapşırıb:
Rövşən Ağayev
Rövşən Ağayev

«Əslində sonradan sənədsiz evlərin sənədləşdirilməsi ilə əlaqədar parlamentin regional məsələlər komitəsinə bir layihə daxil olmuşdu. Bunu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov da mediaya açıqlamasında demişdi. O bildirmişdi ki, komitə belə bir sənəd hazırlayıb parlamentə verib. O layihənin surəti parlamentdən bizə də qeyri-rəsmi gəlib çatmışdı. Orada birmənalı göstərilirdi ki, neft ərazilərinə düşən tikililər sənədləşdirilməyəcək. Qalan hallarda - qaz, işıq, su, dəmiryolu xətlərinin üzərinə, yaxud qanunvericilikdəki mühafizə zolaqlarına düşməyən tikililərin dərhal sənədləşdirilməsi məsələsi o sənəddəki təkliflər arasında var idi. Amma nədənsə bir müddət sonra bu məsələ ilə bağlı fəallıq dayandı».

2013-DƏ SİYASİ PROBLEM KİMİ

Belə fikirlər var ki, 2013-cü ildə, yəni prezident seçkiləri ərəfəsində bu məsələ həllini tapacaq. Rövşən Ağayev deyir ki, hazırda Bakıda və bütövlükdə Abşeron yarımadasında 500 minədək sənədsiz evlərin olması barədə müxtəlif rəylər var. Hökumət bunu etiraf etməsə də, ayrı-ayrı QHT və beynəlxalq təşkilatların tədqiqatlarından ortaya çıxan nəticə budur. Amma burada hüquqi sənəd hazırlanmasa, çətin olacaq. Burada dəqiq informasiya bazası yaradılmalı və sənədsiz evlərin statusu müəyyənləşməlidir:

«Vətəndaş məmurlara pul verib özünə ev tikib. Dövlətin də borcu vətəndaşı başının üstündəki damdan məhrum etmək yox, onun mənzillə təminatına kömək etməkdir. Ona görə də, bu problemin həllində mümkün qədər qızıl orta tapılmalıdır və bu qızıl orta daha çox əhalinin maraqlarına uyğun olmalıdır. Yəni, lazım gəlsə, dövlət əlavə xərcə də düşməlidir».

Rövşən Ağayev deyir ki, hələlik bu problemin həlli məsələsində bir sakitlik müşahidə olunur. Ancaq ona elə gəlir ki, hakimiyyət bu məsələni 2013-cü ildə siyasi məsələ kimi yenidən gündəmə gətirəcək.
XS
SM
MD
LG