Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:19

Baş prokuror deputat Gülər Əhmədova ilə bağlı videonu araşdırmağı tapşırıb


Gülər Əhmədova
Gülər Əhmədova
-
Deputat Gülər Əhmədova videonun montaj olduğunu deyir.

Adının çəkilməsini istəməyən mütəxəssis AzadlıqRadiosuna deyib ki, videonun montaj edildiyini demək olmaz:

«Videodan görünür ki, çəkiliş yalnız bir tavandan aşağı, qapının üstündə yerləşən nöqtədən aparılıb. Həmin videoda heç bir orta və ya iri plan yoxdur. Gülər Əhmədovanın köməkçisinin dediyi kimi, burda fırıldaq məqsədilə söhbəti yayındırıb çəkiliş aparmaqla və sonra montaj etməklə ictimaiyyəti çaşdırmaq məqsədi güdülsəydi, təqdim edilən videoda bir neçə «skaçok» (sıçrayış) olmalı idi. Halbuki 15 dəqiqəlik videoda yalnız bir «skaçok» var. Söhbətin məğzi «skaçok»suz parçalarda tam açılır».

Bu söhbətin səsinin bu 3 nəfərin iştirakı ilə çəkilmiş başqa bir söhbətin videosuna oturdula bilərmi?

Bu suala cavab olaraq mütəxəssis deyir ki, təqdim edilən çəkilişin bəzi məqamları bu versiyanı istisna etməyə imkan verir:

«Gülər Əhmədova olduğu deyilən qadın arada ayağa qalxıb yuxarı başa keçir və onun dedikləri ağız hərəkəti ilə uyğun görünür. Burda saxtalaşdırma və ya animasiya olsa belə (bunun da ehtimalı çox azdır), bu animasiya «Avatar» filmi səviyyəsindədir».

ƏLƏSGƏR MƏMMƏDLİ: GÜLƏR ƏHMƏDOVA İSTEFA VERMƏLİDİR [17:30]

Hüquq-mühafizə orqanları dərhal bu işi araşdırmağa başlamalıydılar.

Hüquqşünas Ələsgər Məmmədli belə deyir:

«Bu tip hadisələr ictimai müzakirəyə çıxdığı andan hüquq-mühafizə orqanları üçün siqnal olmalıydı, araşdırmalara başlanmalı idi. Cinayət Məcəlləsində konkret maddə var ki, KİV-də yayılan informasiyalar araşdırma üçün əsas ola bilər. Burda çox ciddi ittihamlar var».

Ələsgər Məmmədli deyir ki, cinayət işi başlarsa, Baş Prokurorluq Milli Məclisə Gülər Əhmədovanın toxunulmazlığı ilə bağlı müraciət etməlidir.

Ələsgər Məmmədli
Ələsgər Məmmədli
Hüquqşünas hesab edir ki, Gülər Əhmədova siyasi vəzifə tutur, ona görə də, deputat mandatından imtina etməlidir, istefa verməlidir:

«Çünki sözügedən videoda çox iddialı fikirlər səsləndirilib. Bir siyasətçi kimi oyunda olduğunu göstərib. Normal ölkədə bu halda siyasətçi həm partiyasından, həm də tutduğu vəzifədən getməliydi».

ƏRƏSTUN ORUCLU: İNDİ BİLİRİK Kİ... [17:02]

«Gülər Əhmədova və Elşad Abdullayev Azərbaycan cəmiyyətinə, onun demokratik inkişafına misilsiz xidmət göstərdilər. Üzv olduqları iqtidar partiyasının üç üzünü açmaq və onun seçki «təfəkkürünü» göstərməklə».

«Şərq-Qərb» Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu belə deyir. Onun qənaətincə, Elşad Abdullayev bu məsələni ictimailəşdirməklə bəlkə də son illər ən ciddi addımlardan birini atdılar:

«Əslində YAP Siyasi Şurasının üzvü cəmiyyətdə uzun illər idi demokratik qüvvələrin, vətəndaş fəallarının seçkilərlə bağlı dediklərinə aydınlıq gətirdi, fakt qoydu. Biz sadəcə deyirdik ki, seçki saxtalaşdırılır, mandatlar verilir. Biz məbləğləri bilmirdik. İndi məbləğlərə də aydınlıq gətirildi. İndi bilirik ki, mandatın qiyməti aşağı-yuxarı 500 min 2 milyon arasındadır. Siyahı da İlham Əliyevdən keçir. Bunu da Gülər Əhmədova etiraf elədi. Hətta İlham Əliyevdən keçən siyahını dəyişdirmək də olar».

Ərəstun Oruclu
Ərəstun Oruclu
Ərəstun Oruclu hesab edir ki, cəmiyyət baş verənlərə tolerant yanaşmamalıdır:

«Baxmayaraq ki, bu nə 48 milyard dollar oğurluqdan, nə Dubay mülklərindən sensasion hadisədir. Bunun önəmi odur ki, öz adamları öz sistemlərini, partiyalarını, hakimiyyətlərini ifşa edirlər. Hesab edirəm ki, Azərbaycan cəmiyyəti artıq bir qədər hövsələli olmaqdan imtina edib baş verənlərlə bağlı ciddi düşünməlidir».

MÜSAVATIN BƏYANATI [16:40]

Müsavat Partiyası deputat Gülər Əhmədovanın rüşvət alması iddia olunan video ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir ki, deputat Gülər Əhmədovanın Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevlə rüşvət müqabilində parlamentə düşəcəyinə dair yayılan video cəmiyyətdə şok effekti yaradıb.

«Bu videogörüntülər Azərbaycan parlamentinə seçkilərin saxta keçirildiyi, parlamentə düşəcək namizədlərin siyahısının seçkilərdən öncə ali icra hakimiyyəti tərəfindən hazırlanması ilə bağlı ictimai rəyi bir daha təsdiqləyib. Təsdiq olundu ki, korrupsiya və rüşvətxorluq təkcə ölkənin iqtisadi həyatını yox, siyasi idarəçilik sistemini də bürüyüb».

Müsavat Partiyası hakimiyyətdən parlamentin buraxılmasını və Milli Məclisə azad, ədalətli seçkilərin keçirilməsini tələb edir.

BAŞ PROKURORLUQ MƏLUMAT YAYIB [15.15]

Baş Prokurorluğun mətbuat xidməti rəsmi məlumat yayıb. Məlumatda deyilir:

Baş prokuror Zakir Qaralov
Baş prokuror Zakir Qaralov
«Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Milli Məclisin deputatı Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanmış video görüntülərdə əks olunan məlumatların araşdırılması üçün baş prokuror tərəfindən Bakı Şəhər Prokurorluğuna göstəriş verilib.

Müvafiq ekspertizalar keçirildikdən və digər zəruri prosessual araşdırmalar aparıldıqdan sonra Cinayət-Prosessual Məcəllənin 207-ci maddəsinin tələblərinə uyğun qərarın qəbul edilməsi təmin olunacaq. İctimaiyyətə əlavə məlumat veriləcək».

ƏLİ HƏSƏNOVUN HADİSƏYƏ MÜNASİBƏTİ [14.35]

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deputat Gülər Əhmədovanın adının rüşvətdə hallanmasına münasibət bildirib.

Əli Həsənov AzərTAc-a bildirib ki, baş verənlər «Elşad Abdullayev kimi neqativ insanların qeyri-qanuni, dolayı yollarla hakimiyyət orqanlarına yol tapmaq və «mənsəb» qazanmaq istəyinin baş tutmamağın»ı göstərir:

Əli Həsənov
Əli Həsənov
​«Məlum olduğu kimi, son illər korrupsiyaya və ölkənin demokratik inkişafına maneə törədən digər mənfi hallara qarşı mübarizə daha da gücləndirilmiş və sistemli xarakter almışdır. Azərbaycan qanunvericiliyinə müvafiq olaraq aidiyyəti orqanlar tərəfindən ardıcıl şəkildə həyata keçirilən tədbirlər barədə ictimaiyyətə müntəzəm məlumat verilir. Dünən internet informasiya resurslarında yayılmış məlum videomaterial dövlətin antikorrupsiya siyasəti çərçivəsində müvafiq tədbirlər həyata keçirilməsinə əsas yaradır. Digər tərəfdən, həmin material Elşad Abdullayev kimi neqativ insanların qeyri-qanuni, dolayı yollarla hakimiyyət orqanlarına yol tapmaq və «mənsəb» qazanmaq istəyinin baş tutmamasının, habelə dövlət orqanlarının belə hallara qarşı əsl münasibətinin göstəricisidir. Hakimiyyətin bu tipli hallara münasibəti ondan ibarətdir ki, əyri yollarla vəzifə almaq və yaxud seçkili orqanlarda təmsil olunmaq istəyən insanların niyyəti baş tutmayıb, tutmur, tutmayacaq və belələri gec-tez cəmiyyət qarşısında ifşa olunacaqlar».

Əli Həsənov onu da əlavə edib ki, müvafiq orqanların internetdə yayılan bu materialla əlaqədar lazımi tədbirlər görəcəyinə şübhə etmir.

«MƏSƏLƏNİN MAHİYYƏTİNDƏN XƏBƏRİM VAR» [14.20]

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın nümayəndəsi Vüsal Hüseynov millət vəkili Gülər Əhmədova ilə bağlı internetdə yayılmış videomateriala münasibət bildirib.

APA-nın məlumatına görə, Vüsal Hüseynov videomateriala baxmasa da, məsələnin mahiyyətindən xəbərdar olduğunu söyləyib: «Mən həmin videomateriala baxmamışam, lakin məsələnin mahiyyətindən xəbərim var.

Azərbaycanda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi var. Əgər mətbuatda, yaxud ictimaiyyətdə hər hansı məlumat olarsa, onların bununla bağlı şikayəti olmalıdır, ya da həmin qurum bu məlumatlara reaksiya verməlidir. Hesab edirəm ki, belə bir məsələ varsa, aidiyyəti qurumlar tərəfindən reaksiya veriləcək».

ELŞAD ABDULLAYEV DANIŞIB [14.00]

Elşad Abdullayev AzadlıqRadiosuna danışıb. O, Gülər Əhmədovanın video görüntünün montaj edilməsi haqda dediklərinə belə münasibət bildirib:

Elşad Abdullayev
Elşad Abdullayev
«Bu boyda montaj olar? Bu adamlar öyrəniblər hamıya şər atmağa. Gündə insan hüquqlarından, demokratiyadan danışırlar, ancaq... Mən özüm YAP-çı olmuşam, Heydər Əliyevi dəstəkləmişəm. Amma indi baxıb görürəm ki, ölkə nə gündədir. Adam oğurluğu ilə məşğul olanlar bu gün hakimiyyətdə oturublar».

SOSİAL ŞƏBƏKƏLƏRDƏ VİDEO SÖHBƏTİ

Gülər Əhmədovanın olduğu iddia edilən qadının videoda işlətdiyi «500 olsaydı» ifadəsi «Twitter» mikrobloqunda top trenddədir. Başqa sözlə, ən çox istifadə edilən ifadədir.

Həmin video görüntü «Facebook» sosial şəbəkəsində də geniş şərh olunur. Burda yaradıcılığını işə salıb deputatla bağlı bayatı, şeir qoşanlar da az deyil.

«FACEBOOK» SOSİAL ŞƏBƏKƏSİNDƏ BU VİDEO İLƏ BAĞLI İSTİFADƏÇİLƏR YAZIRLAR:

Ələsgər Əhmədoğlu: «Bu video görüntüyə görə Baş Prokurorluq dərhal araşdırmaya başlamalı, cinayət işi açmalıdır. Eynilə, Əvəz Zeynallının səs yazısından sonra başlayan cinayət işi kimi... Videonun qanunsuz çəkildiyinə dair iddialar açmaq isə gülüncdür. Çünki, Konstitusiyada sadəcə şəxsin özəl həyatına gizli kamera ilə müdaxiləyə imkan verilmir. İctimai yerdə, ictimai-siyasi xadimlərin «Siyasi bazarlığı» özəl həyat çətiri altında qorunmur».

Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev: «500 olsaydı, mən də deputat olardım».

Vafa Naqi: «Axırıncı Deputat seçkilərində seçki məntəqəsində müşahidəçi idim. Səhər saat 8-dən axşam saat 10-a qədər müşahidəçi oldum 100 nə qədərsə adam gəlmişdi, dəqiq yadımda deyil, qutudan 300 səsə çıxdı. Onda etirazımı bildirdim, amma neyləmək olardı , mənə çox təsir etmişdi evdən çölə çıxa bilmədim vicdan əzabından, gözümüzün qarşısında olmuşdu axı hər şey. Fikirləşdim ki bu hələ bizim gördüyümüzdür, görə-görə belə edirlər, gor görmədiklərimiz nə qədərdir. Sen demə Gülər Əhmədova bütün səsləri 500 min manatdan hamısını mandat bazarında satıbmış».

MirEleddin Bagirov: «Biz buyuq, irəli gedənin həmişə qarşısını kəsirik Gülər xanım biz sizə inanırıq».

Erkin Gadirli: «Roma'da Senata və ya başqa seçkili orqana seçilmək istəyənlər ağ paltar geyinməli idilər. Həmin geyim «candidus» adlanırdı (tərcümədə «ağ» deməkdir). Candidus'un ağ rəngi təmizlik, saflıq, dürüstük rəmzi idi. Onu geyinən dürüst olduğuna iddia edirdi və seçiciləri buna inandırmağa çalışmalı idi. «Candidate», «kandidat» sözləri də buradan törənib. Müasir demokratik sistemlərdə, əlbəttə, namizədlər ağ paltar geyinməyə borclu deyillər, amma dürüst olduqlarını göstərməyi bacarmalıdırlar. Bizdəki sistem isə vəzifələri əldə etmək üçün «ağ geyinməyi» deyil, «ağ etməyi» tələb edir və bununla da «ağ etməklə» «ağ günə» çıxmağın mümkünlüyünü təlqin edir. Sistemi kökündən dəyişmək lazımdır!».

«REKTOR GÖRÜNTÜLƏRİ GÜLƏR ƏHMƏDOVANIN ÖZÜNƏ GÖNDƏRİB»

Elşad Abdullayevin vəkili Adil İsmayılov AzadlıqRadiosuna deyir ki, rektor həmin görüntüləri rəsmi qaydada Respublika Prokurorluğuna, Prezident Administrasiyasına və Gülər Əhmədovanın özünə göndərib.

Vəkilin sözlərinə görə, hələ də rəsmi qurumlar bu müraciətə cavab verməyiblər.

Adil İsmayılov
Adil İsmayılov
Gülər Əhmədovanın «həmin görüntülər montaj olunub» fikrinə gəlincə Adil İsmayılov bunu söylədi:

- «Mən də sizin kimi o videoya baxmışam. Mənim üçün çətindir nəsə demək. Yəqin bunun üçün mütəxəssis olmaq lazımdır».

- Gülər Əhmədova deyir ki, «məni şantaj yolu ilə susdurmaq istəyirlər».

- «O barədə şərh vermək istəmirəm. Çünki mənə aid olan söhbət deyil».

«7-8 İLDƏN SONRA BUNLARI ORTAYA ÇIXARMAQ NƏYƏ LAZIMDIR?»

Deputat Jalə Əliyeva isə baş verənləri geniş şərh etmək istəməyib. Sadəcə, bunu deyib: «7-8 ildən sonra bunları ortaya çıxarmaq nəyə lazımdır? Elşad Abdullayevin əlində belə faktlar var idisə vaxtında açıqlaya bilərdi. Burda başqa məqsəd var və bu adi gözlə belə görünür».

GÜLƏR ƏHMƏDOVA AÇIQLAMA VERİB

Millət vəkili Gülər Əhmədova rüşvət alması iddia olunan video görüntü ilə bağlı açıqlama verib.

Deputat APA-ya bildirib ki, video gorüntülər montajdır. Onun sözlərinə görə, Elşad Abdullayev əvvəllər onu üç dəfə məhkəməyə verib:

«Əli İnsanov həbs olunandan sonra Elşad Abdullayev məni 3 dəfə məhkəməyə verib. O, bilirdi ki, mən 2002-ci ildə uşaq alveri ilə bağlı məsələ qaldırmışdım. Bundan yayınmaq üçün ona başa salmışdılar ki, məni indidən məhkəməyə verib, ona şər atdığımı iddia etsin. Yəni bu mənim üçün ilk hadisə deyil. Bu halı bir dəfə yaşamışam. Bu da ikinci hadisədir. Mənim üçün fərqi yoxdur. Mən materialları da yayıram, göndərirəm. İndi belə etməklə özü başa saldı ki, hansı dərəcədə günahkardır. Mən güman edirdim ki, o, bəlkə camaatın pulunu qaytaracaq. Çünki evi əlindən alınan, döyülüb gözü çıxarılan, intihar edən gəlinlər olub orada. Bunların hamısını açıqlayacağıq. Elşad Abdullayev nə edirsə etsin, dəxli yoxdur».

Deputat deyib ki, onun Elşad Abdullayevə bəzi sualları da var: «Birinci, onda bu qədər pul hardandır? Əgər bu pulları leqal biznesdən qazanıbsa, onda vergisi hanı? Orqan mafiyasının başçısı daha neyləməlidir ki?».

DEPUTATIN SOSİAL ŞƏBƏKƏ İSTİFADƏÇİLƏRİNƏ İSMARIŞI

«Sosial şəbəkələrdə özlərini həddindən artıq aktiv aparanlara bir ismarışım da var. Zamanında özünü «Xədicənin bacıları» kimi təqdim edənlərə xitab etmək istəyirəm. Onlar indi «şok oldum», «halım dəyişdi» kimi fikirlər səsləndirirlər. Burada şok olmalı bir hal yoxdur. Bu video görüntü başdan ayağa qədər montajdır. Bu ölkədə Elşad Abdullayevin hansı rəzilliklərlə məşğul olduğunu bilməyən yoxdur. Ona görə də Elşad Abdullayev kiminlə düşmənçilik edirsə, əksinə, həmin adama dəstək vermək lazımdır».

G. Əhmədova görüntüləri izləyib-izləmədiyi, hansı hissəsinin montaj olduğu barədə suala isə belə cavab verib: «Əsəbimdən əməlli-başlı baxa bilməmişəm. Bircə başlıqları oxuya bilmişəm. Bəlkə də bu adamla rastlaşanlar bilirlər ki, bu hansı xislətdə adam olub. Dünən köməkçim dedi ki, bu xəbəri ilk yayan «azpolitika» saytı da video görüntünün montaj olduğunu yazıb. Açığı, əvvəldən axıra qədər həmin görüntüyə baxmamışam. Bütün gecəni isə bizdə olan materialları toplamışam. Ən çox baxdıqlarım sosial şəbəkələrdəki statuslar idi. Həm də özünü «süddən çıxan ağ qaşıq» kimi göstərən mətbuat orqanlarını izləmişəm. Hamı nədənsə özü haqqında olanları unudur. Çalışırlar ki, belə vəziyyətdə özlərini İsa peyğəmbər, Müqəddəs Məryəm kimi göstərsinlər. Hər halda hamı bir-birini yaxşı tanıyır və bilir ki, kim-kimdir».

«YƏQİN 2000-Cİ İLLƏRİN ƏVVƏLLƏRİNDƏN SÖHBƏT GEDİR...»

Deputat video görüntünün çəkildiyi vaxtla bağlı suala konkret cavab verməyib: «Bir ayın içində mənim 40-50 cür video və foto görüntülərim ola bilər. Bu video isə neçə il əvvəlin görüntüsüdür. Bəlkə haradasa olanda çəkilib, yaxud da montaj olunub. Bu məsələləri hələ özüm araşdırmamışam. Bunları araşdırandan sonra bu suallara bir-bir cavab verəcəyəm. Mən heç vaxt suallardan qaçmıram. Onun danışıqlarından belə başa düşürəm ki, orda deputat seçkiləri-filan deyir, qardaşı ilə bağlı danışır. Yəqin, 2000-ci illərin əvvəllərindən söhbət gedir».

G. Əhmədova artıq prokurorluğa müraciət etdiyini və E. Abdullayevlə bağlı materialları göndərdiyini deyib.

Deputat üzvü olduğu partiyadan və Milli Məclisdən bu görüntülərə hansı reaksiyanın verildiyi barədə suala isə qısa cavab verib: «Mənə heç kim heç nə deməyib».

DEPUTAT GÜLƏR ƏHMƏDOVANI RÜŞVƏTDƏ İTTİHAM EDƏN VİDEO YAYILDI

İnternetdə millət vəkili Gülər Əhmədova ilə hazırda Fransada yaşayan Elşad Abdullayevin arasında gedən söhbətin gizli görüntüsü olduğu ehtimal edilən video yayılıb. Elşad Abdullayevin adından “Azadlıq” qəzetinə göndərilən və artıq Youtube`a yerləşdirilən videoda tərəflər deputat seçilmək üçün rüşvətin məbləğini müzakirə edirlər.

Millət vəkili Gülər Əhmədovanın səsinə bənzəyən səslə danışan və ona oxşayan qadın (videonun keyfiyyəti aşağı olduğndan oradakı adamların sifətləri aydın görünmür – red.) Elşad Abdullayevdan deputat seçilməsi üçün təklif etdiyi 500 min dollarla razılaşmır, 1 milyon tələb edir.

Ramiz Mehdiyev
Ramiz Mehdiyev
Videoda tez-tez Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin adı hallandırılır və Elşad bdullayev pulun ona çatmasını dəqiqləşdirməyə çalışır.

Qeydiyyatı ləğv edilən Beynəlxaql universitetin keçmiş rektoru Elşad Abdullayev bir neçə gün əvvəl KİV-lərə müraciət edib. O, müraciətində iddia edir ki, itkin düşmüş qardaşı Mahir Abdullayevin tapılmasının əvəzində ondan 2 milyon dollar rüşvət tələb olunub.

Elşad Abdullayevin iddialarına görə həmin məbləği millət vəkili Gülər Əhmədovanın vasitəsilə Prezident Administrasiyasının rəbərinə çatdırmalı, bundan sonra həm qardaşı sağ-salamat buraxılmalı, həm də özü deputat seçilməli imiş. Amma bu vədlərin heç biri doğrulmayanda pulunu geri istəyib. Lakin onun pulunu qaytarmayllar, özünü isə hədələyiblər.

Bu iddialardan sonra millət vəkili Gülər Əhmədova Elşad Abdullayevi ona böhtan atmaqda ittiham edib.

Gülər Əhmədovaya yaxınlığı ilə tanınan media orqanlarında Elşad Abdullayevin özünün rektor olduğu müddətdə korrupsiya əməllərindən bəhs edən yazılar yayılıb.

Hələlik yayılmış videoya millət vəkili Gülər Əhmədovanın rəsmi reaksiyası açıqlanmayıb.

Yalnız facebook-da onun adından olan profildə qeyd ediblər ki, video montajdır. Kompüter proqramı ilə oradakı səslər saxtalaşdırılıb.

Elşad Abdullayevin rəhbəri olduğu və 1997-ci ildən fəaliyyət göstərən Azərbaycan Beynəlxalq Universiteti 2010-cu ildə Təhsil Nazirliyinin qərarı ilə bağlanıb. Təhsil Nazirliyi Univeristetdə ciddi qanun pozuntularına görə ona verilmiş lisenziyanın müddətinin uzadılmaması qərarına gəldiyini bildirib.

Gülər Əhmədova hakim Yeni Azərbaycan partiyasının üzvüdür. 2000-ci ildən deputatdır. 2005-ci ildə 34 saylı Xətai ikinci seçki dairəsindən millət vəkili seçilib.

Əvəz Zeynallı
Əvəz Zeynallı
Keçən ilin oktyabrında Gülər Əhmədovanın iddiası ilə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı həbs edilib. Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Idarəsinə verdiyi ərizəsində millət vəkili qeyd edib ki, Əvəz Zeynallı onu əlində olan hansısa faktlarla şantaj edib, materialların çap olunmaması müqabilində 10 min manat pul istəyib. O, aralarındakı telefon söhbətinin audioyazısını da sübut kimi məhkəməyə təqdim edib. Əvəz Zeynallı da bu audio yazının montaj olduğunu bildirib. Hazırda baş redkator həbsdədir.
XS
SM
MD
LG