Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 22:21

«Polis 5 aydır yoxa çıxmış qardaşımı axtarmır»


İsmayıllının Lahıc kəndi
İsmayıllının Lahıc kəndi
İsmayıllı rayonundan Maqsud Rəhimov «Qaynar xətt»ə zəng vurub şikayət edir ki, Qəbələnin Əmli kəndində yaşayan 48 yaşlı qardaşı Ələsgər Rəhimov 5 aydır müəmmalı şəkildə yoxa çıxıb. Ancaq polis onun axtarışını lazımınca həyata keçirmir:

«Bu il aprelin 29-da qardaşım öz arvadının yaxın qohumları ilə mübahisə edib, əlbəyaxa dalaşandan sonra həmin gecədən yoxa çıxıb. Qardaşım yoxa çıxan gündən başladıq polisə şikayət etməyə. Bundan sonra onunla mübahisə etmiş adamlar kənddən qaçdılar. Mən 5 aydır ki, Qəbələ rayon polisindən qardaşımın tapılmasını tələb edirəm. Polis axtarışa laqeyd yanaşır. Kənddə də söz-söhbət gəzir ki, həmin gecə qardaşım öldürülüb, izi itirmək üçün meyitini gizlədiblər. Bu barədə polisə də bildirmişəm, ancaq məlumatlar araşdırılmır».

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə deyir ki, ailə üzvləri və digər yaxınları ilə daim münaqişəli vəziyyətdə olan Ələsgər Rəhimovun növbəti dəfə evdən getməsində hər hansı cinayətin izini axtarmaq üçün ciddi əsas və səbəb yoxdur:

ŞİKAYƏTLƏR ƏSASSIZDIR

Orxan Mansurzadə
Orxan Mansurzadə
«Ailəsinin müraciətindən sonra Ələsgər Rəhimov barəsində Qəbələ RPŞ-də axtarış işi açılıb. Araşdırma zamanı Ə. Rəhimovun spirtli içkilərə meylli, tüfeyli həyat tərzi keçirən və macəraçı bir şəxs olduğu müəyyənləşib. O, dava-dalaş salaraq hər dəfə bir bəhanə ilə evini tərk edir, sonra bir müddət gəzib-dolaşdıqdan sonra ailəsinə qayıdırmış. Sonuncu dəfə cari il aprelin 29-da mal-qarasını satan ev sahibi öz qızı ilə xudahafizləşib və şəxsiyyət vəsiqəsini götürərək naməlum istiqamətdə gedib. Axtarışa verildikdən bir ay sonra bəzi həmyerliləri onu Bakı və paytaxt ətrafı ərazilərdə görüblər. Bu şəxslər RPŞ-yə dəvət olunaraq izahatları da alınıb. Sözügedən məsələ ilə bağlı Ə. Rəhimovun yaxın qohumları ən müxtəlif instansiyalara müraciətlər də ünvanlayıblar. Bu müraciətlər də araşdırılarkən şikayətlərin əsassız olduğu üzə çıxıb. Ə. Rəhimovun yaxınları Daxili İşlər Nazirliyində də qəbul ediliblər. Onlara izah olunub ki, Qəbələ polisi Ə. Rəhimovun yerinin müəyyənləşdirilməsi və tapılması üçün zəruri olan tədbirləri həyata keçirib və həmin istiqamətdə əməliyyat-axtarış tədbirləri bu gün də davam etdirilir. Rəhimovların şübhələndikləri və barələrində polisə məlumat verdikləri bütün şəxslərlə müvafiq söhbətlər aparılıb. Həmin şəxslərin Ələsgər Rəhimovun itməsi ilə hər hansı əlaqələri müəyyən olunmayıb».

İZİ AZDIRMAQ ÜÇÜN YAYILAN MƏLUMAT?

Orxan Mansurzadə deyir ki, Ələsgər Rəhimovun guya öldürülməsi ilə bağlı qardaşının iddiaları reallığa, faktlara söykənmir.

«Deyir, qardaşımı öldürüblər, ancaq bunu sübut edə biləcək ciddi dəlil-sübut ortaya qoya bilmir. Özü də qeyd edir ki, qətl söhbətini kimlərdənsə eşidib. Rayon prokuroru axtarış işi ilə yaxından tanış olduqdan sonra o da Maqsud Rəhimov və digər şikayətçilərə Ələsgər Rəhimovun öldürülməsi versiyası üçün kifayət qədər şahid-sübut bazasının olmadığını söyləyib».

Maqsud Rəhimov isə deyir ki, qardaşı yoxa çıxandan sonra onu kəndə yaxın ərazilərdə gördükləri barədə məlumatı sonuncu dəfə onunla mübahisə etmiş qohumları məqsədli şəkildə yayıblar ki, izi azdırsınlar.
XS
SM
MD
LG