Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:52

Britaniya məşhur “nifrət vaizi”ni ABŞ-a ekstradisiya edə biləcəkmi?


Arxiv foto: Abu Hamza al-Masri, 2002-ci il avqustun 2-də Londonda islamçıların aksiyasında.
Arxiv foto: Abu Hamza al-Masri, 2002-ci il avqustun 2-də Londonda islamçıların aksiyasında.

Britaniyanın ən radikal müsəlman vaizi, Britaniyada terrorizm ittihamı ilə həbsxanada olan Abu Hamza-nın vəkilləri Avropa İnsan Haqları Məhkəməsinin onun ABŞ-a ekstradisiyası üçün son maneəni aradan qaldıran qərarından dərhal sonra 11 saat ərzində müştəriləri barədə çıxarılmış qərarı dayandırmağa çalışıblar.

Britaniya məhkəməsi Hamza-nın və onunla birlikdə Amerikaya təslim edilməli olan başqa bir terror şübhəlisi Khalid al-Fawwaz-ın ekstradisiyasını müvəqqəti dayandıran hökm verib.

Bununla belə Britaniya hökuməti məhkəmə qərarının nəyisə dəyişəcəyinə inanmadığını bildirib.

Dinləmə Britaniya Ali Məhkəməsinin üç qolundan biri olan Kraliça Palatasının sədri Lord John Thomasın iştirakilə oktyabrın 2-də keçiriləcək.

Bu Britaniya ədliyyə sistemi üçün son dərəcə qısa vaxtdır və müşahidəçilər bu qənaətdədirlər ki, məhkəmə sırf simvolik səciyyə daşıyacaq.

Britaniyalı jurnalistlər “ciddi mənbə” kimi təqdim etdikləri qaynaqlara əsasən yazırlar ki, Abu Hamza-nın vəkillərinin indi yeganə arqumentasiyası Hamza-nı ruhi xəstə kimi təqdim etməkdir.

Hüquqşünaslar bildirirlər ki, bu son dinləmə doğrudan da ən sonuncusudur.
Britaniya Daxili İşlər Nazirliyi bildirir ki, terror şübhəlilərinin ABŞ-a verilməsi üçün prosedur işlər dayandırılmayıb.

AVROPA MƏHKƏMƏSİ EKSTRADİSİYAYA İCAZƏ VERDİ

Abu Hamza al-Masri Londonun şimalında məscidin çölündə namaz zamanı. 24 yanvar 2003-cü il.
Abu Hamza al-Masri Londonun şimalında məscidin çölündə namaz zamanı. 24 yanvar 2003-cü il.
Bir vaxtlar Britaniyanı “ayaqyolu” adlandırmış radikal müsəlman ruhanisi, Britaniya vətəndaşı Abu Hamza al-Masri nəhayət ki, Britaniyanın ədliyyə sisteminin kölgəsindən çıxarılıb və o, ömürlük həbs cəzası çəkmək üçün Amerikaya təslim edilməlidir.

Az qala bir onillik hüquqi çəkişmədən sonra Avropa Məhkəməsi qərara alıb ki, Londonun ən məşhur anti-Qərb vaizi nəhayət ki, terror ittihamları ilə üzləşmək üçün ABŞ-a ekstradisiya edilə bilər.

Bundan əvvəl 2006-cı ildə Britaniya məhkəməsi Abu Hamzanı terrorla bağlı müxtəlif cinayətlər törətmək ittihamı ilə həbsxanaya göndərmişdi.

ABU HAMZA AL-MASRİ KİMDİR?

Amerika Birləşmiş Ştatlarının artıq on ildir ki, təslimini istədiyi bu şəxs kimdir?
Əsl adı Mustafa Kamal Mustafa olan Abu Hamza 1958-ci ildə Misirdə doğulub.
1980-ci illərdə Britaniyaya gələrək ingilis qadınla evlənib və Britaniya vətəndaşlığına sahib olub.

Həmin illərdə Hamza Londonun dəbdəbəli, lakin o qədər də yaxşı imicə malik olmayan Soho məhəlləsindəki gecə klublarından birində mühafizəçi və ya əslində, “şilləvuran” işləyirdi.

Elə bu vaxt Abu Hamza birdən-birə Sovet işğalına qarşı cihadda iştirak etmək üçün Əfqanıstana yollanır.

Orada qollarından və gözündən əlil kimi qayıdan Hamza Londonun şimalındakı Finsburi məscidində anti-Qərb xarakterli moizələr oxumağa başlayır.
11 sentyabr terror aktlarından sonra Abu Hamzanın verdiyi bəyanatlar isə ABŞ-ı və Britaniyanı sarsıdır.

O, Osama bin Ladeni “yaxşı oğlan və qəhrəman” adlandırır.

Bundan sonra məscidi maliyyələşdirən xeyriyyə komissiyası Abu Hamzanın imamlığını ləğv edir və onu məsciddən qovur.

Bundan sonra ictimaiyyət qarşısında tez-tez itirilmiş qolunun yerinə ucu qarmaqlı protez geyinərək görünən Abu Hamza məscidin xaricində, küçədə moizə oxumağa başlayır və dilini dinc qoymamaqda davam edir.

Sentyabr terror aktlarının ildönümündə o, daha bir tükürpədən bəyanat verir və 11 sentyabrı “Tarixin Ən Uca Günü” elan edir.

2003-cü ilin fevralında ABŞ-ın “Kolumbiya” kosmik gəmisinin qəzaya uğramasını alqışlayan Abu Hamza bildirir ki, gəminin heyəti şeytani üçlükdən – xristianlardan, hindudan və yəhudidən ibarət olduğu üçün Allah tərəfindən cəzalandırılıb.
Elə həmin ilin aprelində, necə deyərlər, canı boğazına yığılan daxili işlər naziri David Blunkett (Deyvid Blanket) mühacirlərin Britaniyanın maraqlarına ciddi zərər vurduqları halda vətəndaşlıqdan çıxarılması haqqında yeni qanunları elan edir. Bu qanunların Abu Hamza üçün yazıldığı heç kimdə şübhə doğurmur və onun Yəmənə deportasiyası üçün hüquqi prosedurlara başlanır.

Nəhayət 2004-cü ilin mayında Abu Hamza ABŞ-ın ekstradisiya orderi əsasında həbs edilir. Amerika onu Yəməndə amerikalıların girov götürülməsini təşkil etməkdə, terrorizmi maliyyələşdirməkdə, 1998-2000-ci illərdə Oreqon ştatında terrorçular üçün təlim düşərgəsi yaratmaqda ittiham edirdi.

O vaxtdan bəri Hamza Amerikaya verilmək qərarına qarşı mübarizə aparırdı.

BAHALI “AYAQYOLU”

2010-cu ildə Britaniya Abu Hamzanın məhkəmə xərclərini ödəmək üçün onun evini 280 min funt sterlinqə satdırdı.

Maraqlıdır ki, Abu Hamzanın “ayaqyolu” adlandırdığı ölkə onun uşaqlarının fərdi qaydada təhsil alması üçün ildə 9 min funt sterlinq ayırmışdı.

Səkkiz uşaq atası əl-Masri Britaniya dövlətindən indiyədək sosial təminat sistemi çərçivəsində 2 milyon 750 min funt sterlinq vəsait alıb.

Buna baxmayaraq, onun pasportunu əlindən almaq mümkün olmadı. Mühacirət üzrə Apelyasiyalar Komissiyası bildirdi ki, bu hərəkət onu “dövlətsiz” şəxsə çevirə bilərdi. Çünki bundan əvvəl də o artıq Misir vətəndaşlığından məhrum edilmişdi.
Britaniyanın Ali Məhkəməsi artıq Hamzanın apelyasiya ərizələrinə baxmayacağını qəti şəkildə bildirmişdi.

İndi isə vəziyyət budur ki, onun müraciət etdiyi Avropa İnsan Haqları Məhkəməsi Britaniya məhkəməsinin qərarını dəstəkləməklə ekstradisiyaya yaşıl işıq yandırdı.
Bu isə o deməkdir ki, Abu Hamza əl-Masri indi hər dəqiqə Vaşinqtona təslim edilə bilər.

BRİTANİYA HƏBSXANASINDA SƏKKİZ İL MƏHKƏMƏSİZ

Britaniya Abu Hamzadan əlavə daha 4 terrorizm şübhəlisini ABŞ-a ekstradisiya etməlidir.

Onlardan ən tanınmışı 8 il Britaniya həbsxanasında məhkəməsiz olaraq saxlanmış Babar Ahmad-dır.

Amerika Babar Ahmad-ı və Syed Talha Ahsan-ı Londonda cihadçı internet saytı yaratmaqda və terrorizmə maddi dəstək verməkdə günahlandırır.

Adel Abdul Bary və Khaled al-Fawwaz Osama bin Laden-in Londondakı emissarları olmaqda ittiham edilirlər.

BBC müxbiri Dominic Casciani bildirir ki, Strasburqun ekstradisiyaya yaşıl işıq yandırması fövqəladə hadisədir.

Onun fikrincə, indən belə terror şübhəliləri Avropa İnsan Haqları Məhkəməsinə o qədər də ürəklə sığınmayacaqlar.

Londondan ABŞ-a ekstradisiya olunacaq beş şübhəli öz apelyasiya ərizələrində bildirmişdilər ki, onlarla Amerikada qeyri-insani rəftar edilə bilər.

Lakin Avropa Məhkəməsinin beş insan haqları hakimindən ibarət palatası bu iddianı rədd edib və bildirib ki, onların ABŞ-da sərt rejimli həbsxananın təkadamlıq kameralarında ömürlük saxlanmaları bu şəxslərin insan haqlarını qətiyyən pozmur.

BBC ƏLAHƏZRƏTDƏN NİYƏ ÜZR İSTƏDİ?

BBC-nin Kraliça 2-ci Elizabeth-dən üzr istəməsi barədə xəbər, Abu Hamza-nın ekstradisiyası xəbəri ilə demək olar ki eyni vaxtda yayılıb.

BBC müxbiri Frank Gardner (Frank Qardner) Today proqramına müsahibəsində bildirmişdi ki, əlahəzrət kraliça bir-neçə il bundan əvvəl Abu Hamzanın ölkədən qovulması mümkünlüyünü o vaxtkı daxili işlər naziri ilə müzakirə edib.

Gardner deyib ki, Kraliça bunu ona “az aramızda” şərti ilə danışıb.

Konstitusiyalı monarxiyanın yazılmamış qanunlarına görə kraliça ölkənin siyasi həyatına fəal müdaxilə etmir və onun öz nazirləri ilə belə söhbətləri dövlət sirri olaraq qalır.

O vaxtkı daxili işlər naziri David Blunkett dərhal bəyanat verib ki, kraliça Abu Hamza məsələsini onunla heç vaxt müzakirə etməyib.

Britaniyanın sərt mətbuat qanunları şəraitində nazirlər göz qabağında olan nəyi isə danırlarsa, jurnalistlərə yalnız üzr istəmək qalır.
XS
SM
MD
LG