Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:14

«Naxçıvan səhiyyəsi-ailələrin faciəsi» yazısının əks-sədası...


Naxçıvan səhiyyəsi - bir ailənin faciəsi
Gözlə

No media source currently available

0:00 0:09:23 0:00
-
Nehrəm kənd sakini Əşrəf Həsənov bildirir ki, AzadlıqRadiosuna verdiyi müsahibədən sonra onu Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinə çağırıblar. Əşrəf Həsənov deyir ki, xəstəxanaya çağırılmasına səbəb həmin müsahibədə mərkəz haqqında səsləndirdiyi ittihamlar olub:

«Mərkəzdə həkim Rza Hacıyev bir müddət öncə saxta çek yazıb məndən iki dəfəyə aldıqları 42 manatı geri qaytardı. Dedilər ki, bundan sonra bir də heç yerə bizdən şikayət eləmə, nə vaxt istəsən gəl, pulsuz xidmət göstərək. Məndən aldıqları qanuni pul idisə, həmin pul dövlətə keçmişdisə, niyə geri qaytardılar?».

Avqustun 14-də AzadlıqRadiosunun veb saytında «Naxçıvan səhiyyəsi-ailələrin faciəsi» adlı videolu məqalə yayılmışdı. Həmin məqalədə Naxçıvan sakini Əşrəf Həsənov Naxçıvan Diaqnostika – Müalicə Mərkəzinin tomoqrafiya şöbəsində ondan qanunsuz olaraq 20 manat pul alındığını bildirirdi. O, qeyd edirdi ki, 20 manatın yerinə ona üzərində tarix olmayan saxta çek veriblər. Əşrəf Həsənov həmçinin həyat yoldaşının əməliyyatı üçün həmin xəstəxananın həkimlərinə 2 min manat xərci çıxdığını da iddia edirdi.

Diaqnostika Mərkəzindən isə Əşrəf Həsənovdan alınan 20 manatın qanuni olduğunu və həmin pulun büdcəyə köçürüldüyünü bildirmişdilər. Xəstəxananın həkimi Rza Hacıyev mərkəzdə hər nəfərə yalnız 6 ayda bir dəfə pulsuz xidmət göstərildiyini bildirmişdi. Rza Hacıyev onu da bildirmişdi ki, Əşrəf Həsənov son 6 ay ərzində bir neçə dəfə müayinə üçün müraciət etdiyindən mərkəzdə ondan pul alıblar.

«42 MANATI QAYTARMAQLA BAŞIMI ALDATMAQ İSTƏYİRLƏR»

Əşrəf Həsənov isə indi təkcə 42 manatının qaytarılması ilə kifayətlənmir. O, həyat yoldaşı əməliyyat olunarkən xərclədiyi 2 min manatın da qaytarılmasını tələb edir:

«42 manatı qaytarmaqla başımı aldatmaq istəyirlər. Elə bilirlər, camaatı bu yolla susduracaqlar. Dedim ki, 2 mini də qaytarın, boyunlarına almadılar. Mən həmin pulumu da tələb edirəm. O vaxt yoldaşım ağır vəziyyətdə idi deyə, məcbur olub vermişəm. Əməliyyatdan sonra da sağalmaq yerinə vəziyyəti ağırlaşmışdı. Məcbur olub apardım, İranda sağaltdılar. Orada çıxan xərcimi demirəm».

«MƏN ONDAN «ŞEBEN» ALMIŞDIM...»

Əşrəf Həsənovun dediklərinə münasibət öyrənmək üçün yenidən Naxçıvan Diaqnostika – Müalicə Mərkəzi ilə əlaqə saxladıq. Xəstəxananın həkimi Rza Hacıyev Əşrəf Həsənova pul qaytardığını təsdiqlədi. Ancaq o, həmin pulun xəstəxanaya heç bir aidiyyəti olmadığını, bunun şəxsi borcu olduğunu bildirdi:

«Əşrəf Həsənov yenə gəlmişdi müayinəyə. Bu dəfə biz ondan pul almadıq. Mən ondan «şeben» almışdım, pulunu borclu qalmışdım. Ona qaytardığım həmin puldur».

Əşrəf Həsənov isə həkimə qum satdığını təkzib edir.

Xəstəxananın baş həkimi Abasət Hüseynquliyev isə məsələdən xəbərsiz olduğunu bildirdi:

«Düzdür, tapşırıq vermişdim ki, o adama üçqat kömək eləsinlər. Tapşırmışdım ki, onun pulu dövlətə keçirilməyibsə, özünə qaytarılsın. Ancaq xəbərim yoxdur ki, qaytarıblar ya yox. Hər şey qanuni olacaq».

Əşrəf Həsənov isə deyir ki, ona qarşı baş verən qanun pozuntuları ilə əlaqədar Naxçıvan İqtisad Məhkəməsinə müraciət etmək niyyətindədir.
XS
SM
MD
LG