Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:50

Şotlandiya müstəqillik referendumu keçirəcək


Britaniya parlamenti
Britaniya parlamenti
Birləşmiş Krallıq və onun bir hissəsi olan Şotlandiyanın hökuməti arasında müstəqillik referendumu barədə razılaşma əldə olunub.

Britaniya hökumətində Şotlandiya məsələlərinə cavabdeh olan birinci nazirin (bu təxminən SSRİ respublikalarındakı birinci katib vəzifəsinə uyğun gələn vəzifədir) müavini Nicola Sturgeon və Şotlandiya üzrə dövlət katibi (bu isə SSRİ respublikalarında yerli adam olan birinci katiblərin yanında, adətən milliyyətcə rus olan ikinci katib kimi bir şeydir) Michael Moore tərəfindən imzalanmış birgə bəyanatda deyilir ki, bu istiqamətdə «nəzərəçarpacaq irəliləyiş» əldə olunmuşdur.

Bu barədə xəbər verən BBC bildirir ki, Şotlandiyanın müstəqilliyinə dair referendumun keçirilməsi üçün bir sıra kiçik məsələlərin müzakirəsi getsə də, başlıca razılaşma hazırdır.
Beləliklə, indi Britaniyanın baş naziri David Cameron-la Şotlandiyanın birinci naziri Alex Salmond arasında birbaşa danışıqlar üçün son maneələr aradan qaldırılıb.

David Cameron
David Cameron
Bu görüşün gələn bazar ertəsi Şotlandiyanın paytaxtı Edinburqda keçiriləcəyi gözlənilir.
Baş nazir və birinci nazir referendumun yeganə sualı barədə planı qəbul etməlidirlər.
Bülletenlərdə yalnız bir sualın olacağı gözlənilir: «Siz Şotlandiyanın Birləşmiş Krallıqdan ayrılmasını istəyirsinizmi?» Cavab ya «bəli», ya da «yox» ola bilər.

BBC-nin siyasi redaktorlarından Nick Robinson bildirir ki, razılaşma hər iki tərəfdən edilmiş güzəştlərin məhsulu kimi ortaya çıxıb.

London referendum üçün iki sual nəzərdə tutmuşdu. İkinci sual – «Siz Şotlandiya parlamentinə Birləşmiş Krallıq tərkibində daha böyük səlahiyyətlər verilməsini istəyirsinizmi» sualı Şotlandiya Millətçi Partiyasının (SNP) tələbi ilə gündəlikdən çıxarılıb.
Əvəzində, millətçilər Londonun tələbi ilə referendumda 16 və 17 yaşlılara səsvermə hüququ verilməsi təşəbbüsündən geri çəkiliblər.

İlkin razılaşmaya əsasən, Şotlandiyanın müstəqilliyinə dair referendum 2014-cü ilin axırlarında keçiriləcək.

LONDON ŞOTLANDİYANIN MÜSTƏQİLLİYİ ƏLEYHİNƏ KAMPANİYA APARACAQ

«The Daily Telegraph» qəzeti yazır ki, istər hakim koalisiyaya daxil mühafizəkarlar və liberal-demokratlar, istərsə də müxalif leyboristlər Şotlandiyanın Birləşmiş Krallıqdan ayrılmasına qarşı qızğın kampaniya aparacaqlarını vəd ediblər.

«The Guardian» yazır ki, baş nazirlə əldə olunmuş ilkin razılaşma şotland millətçilərinin lideri Alex Salmond-a bir neçə gündən sonra Pert şəhərində SNP-nin illik qurultayını keçirmək və orada partiyasının Britaniyadan qopmaq uğrunda iki illik kampaniyasının uğur gətirdiyini elan etmək imkanı verəcək.

Səsvermə məntəqəsi
Səsvermə məntəqəsi
Bununla, belə, referendumun keçirilməsi üçün Britaniya parlamenti Şotlandiya parlamentinə səlahiyyət verməlİdir.

AYRILMAQ ASAN DEYİL

Alex Salmond-un təşəbbüsü ilə keçirilmiş imzatoplama kampaniyasında 100 min nəfər müstəqilliyə «bəli» desə də, Şotlandiyanın müstəqil olması hələlik real görünmür.

Bu həftə keçirilmiş rəy sorğusu şotlandiyalıların 53 faizinin müstəqillik əleyhinə səs verəcəklərini göstərib. Müstəqillik tərəfdarları üçün bu rəqəm 28 faiz olub.

Halbuki bir il əvvəl bu nisbət 44 – 38 idi.

Bu gün Şotlandiyadakı reallıq Hollivudun «Mərd ürək» filmindən ciddi şəkildə fərqlidir.
Britaniya boyunca, yüz minlərlə qarışıq ingilis-şotland ailələri var.

Bu isə o deməkdir ki, milyonlarla britaniyalının damarlarından hər iki qan axmaqdadır.

Əslində, bəzi ingilis millətçiləri Şotlandiyanın Britaniyadan ayrılmasını istərdilər.

Onlardan bəziləri sosial şəbəkələrdə yazırlar ki, «şotlandlar Uestministerdən çıxıb getsəydilər, nəhayət İngiltərənin də öz müstəqil parlamenti olardı»…

Elə ən incə məqam da budur ki, şotland siyasətçiləri Uestministerdən getmək fikrində deyillər.

Hələ bir neçə il bundan əvvəl Britaniya qəzetlərindən birində «Şotland istilası» sərlövhəli və millətçi ruhlu bir məqalə dərc olunmuşdu.

Arxiv foto
Arxiv foto
Məqalədə deyilirdi ki, Britaniya hökumətində əsas nazirlərdən 17-si şotlanddır.

Britaniyanın hazırkı hökuməti də bu mənada fərqli deyil.

İndi bu nazirlərin ailələrini, qohum-qardaşlarını və tanış-bilişlərini göz önünə gətirin.

Bu adamlar referendumda böyük bir ehtimalla müstəqilliyə «yox» deyəcəklər.

FUTBOL FAKTORU

Britaniya yeganə ölkədir ki, onun ərazi-inzibatı hissələrinə futbol üzrə dünya çempionatlarında müstəqil ölkələr kimi iştirak etmək icazəsi verilib.

Şotlandiya, Şimali İrlandiya, Uels və İngiltərənin öz müstəqil futbol assosiasiyaları, komandaları, çempionatları var.

Görünür, futbolla yaşayan, futbolla yeyib-içən və futbolla yatıb-duran ölkədə futbolda müstəqil olmaq, elə əsil müstəqillikdir.
XS
SM
MD
LG