Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:49

«Əliyev ayağını enerji yorğanına görə uzatmasa…»


BP
BP
-

BP çox narahat zamanlarını yaşayır. Azərbaycan prezidenti İlham Əliyevin BP-yə kəskin tənqidinin ardınca «Forbes» jurnalının bloq yazarı Matthew Hulbert belə yazır. Meksika Körfəzindəki neft sızıntısı bəlasından tam qurtara bilməyən və Rusiyadakı uzunmüddətli mövqelərini qoruyub saxlamağa çalışan BP, indi də Bakıda, Azəri-Çıraq-Günəşli (ACG) yataqlarında hasilatın azalmasına görə öldürücü tənqidlə üzləşib.

«Forbes» yazır: «Burada BP üçün ən narahatedici məqam o deyil ki, hücum birbaşa prezident Əliyevdən gəlir. Bu, əslində çoxdan «tüstülənən əski» idi, hamı çoxdan bilirdi ki, ACG-yə dair rəqəmlər lap əvvəldən qeyri-real olub».

Müəllifin fikrincə, narahatlıq doğuran budur ki, Əliyev BP-nin iflasını hazırlayır.

«Lakin Əliyevin özünə vermədiyi bir sual var, - yazır Matthew Hulbert, - bu proses zamanı onun özünə daha böyük ziyan dəyməyəcək ki?...».

«PREZİDENT HAQLIDIR, LAKIN…»

Məqalədə deyilir ki, prezident Əliyev ACG məsələsində haqlıdır. Son üç ildə BP-nin proqnozları ilə real hasilat arasında böyük fərq olub. Məsələn, 2012-ci il üçün proqnoz 35, 6 milyon tondur. Ancaq Bakı düşünür ki, ən yaxşı halda 33 milyon ton neft çıxarılacaq.

İlham Əliyev
İlham Əliyev
«Forbes» yazır ki, Azərbaycan tərəfi itirilmiş gəlirin 8 milyard dollar həcmində olduğunu iddia edir. Üstəlik, prezident deyib ki, bu səhvlər barəsində «ciddi tədbirlər» görüləcək.

Jurnal daha sonra yazır ki, ACG 2008-ci ildə - layihənin üçüncü fazasında günə 1 milyon barrel neft çıxarmalı idi. Amma hasilat əvvəldən aşağı olub. İndisə gündəlik hasilat 684 min barrel civarındadır.

Matthew Hulbert yazır ki, proqnozların doğrulmamasında əsas problem texniki səhvlər və ya kiminsə bacarıqsızlığı deyil:

«Məsələnin kökündə geologiya dayanır. 1990-cı illərdə neftin bir barrelinin qiyməti 10 dollar idi və yataqları gələcək təkmilləşdirmə üçün yararlı dizaynla qurmaq baha başa gəlirdi. Bu da heç kimə əl vermirdi. Nə gözlədiyini yox, nəyin varsa, onu çıxarmalı idin».

Müəllif yazır ki, hasilatı yenidən gündə 800 min barrelə çatdırmaq mümkündür, ancaq bunun üçün əlavə kapital qoyulmalıdır. Halbuki konsorsium prezidenti qəzəbləndirən hazırkı hasilatı saxlamaq üçün ildə 2 milyard dollar xərcləyir. Növbəti iki-üç ildə platformaların genişləndirilməsi isə bundan da çox pul tələb edəcək.

«Problem bundadır ki, ACG oyunçuları üçün kontrakt 2024-cü ildə başa çatır. Çox az ehtimal var ki, onlar bu müddətə qoyduqları xərci çıxara bilsinlər».

«HƏR BIR YAXŞI «PETROKRAT» KİMİ PREZİDENT BAŞA DÜŞÜR Kİ…»

Müəllif yazır: «Bu gün söhbət kontrakt müddətini 2024-cü ildən sonrakı müddətə uzatmaqdan yox, (İlham Əliyevin də qızğın şəkildə istədiyi budur) hamı üçün yeni kontrakt şərtlərinin razılaşdırılmasından gedir».

Çıraq platforması
Çıraq platforması
«Hər bir yaxşı «petrokrat» kimi cənab Əliyev çox yaxşı başa düşür ki, neft gəlirləri onun ölkəsini dağılmaqdan qorumaq və çevrəsini hakimiyyətdə saxlamaq üçün yeganə yapışqandır», - yazır müəllif.

O, qeyd edir ki, Bakı itirdiklərinin yerini doldurmaq üçün hazırda ACG-dən götürdüyü, 75 faizdən artıq paya ümid edir və 1990-cı illərdə Azərbaycanı dünyanın neft xəritəsinə qoymuş BP «ailədə ərklə şapalaq vurula biləcək əsas uşaqdır».

«ŞAHDƏNİZ 2 ÇOX BAHALI QAZ VERƏCƏK»…

Müəllifin fikrincə, Azərbaycan bir neçə ilə nefti tükənən ölkəyə çevrilsə də, Xəzərdəki «Ümid», «Abşeron» və ələlxüsus da «Şahdəniz-2» yataqlarına görə varlı qaz ölkəsinə dönəcək.

«Forbes» yazır ki, «Şahdəniz 2»nin də əməliyyatçısının BP olacağına çoxu inanır. Amma Bakı ilə münasibətlər o qədər pisləşib ki, Azərbaycan Dövlət Neft Şirkəti ABŞ-ın ExxonMobil və Conoco şirkətlərinin Xəzərin gələcək oyunçuları ola biləcəyi barədə danışır.

Müəllifin fikrincə, BP-yə təpinmək Beynəlxalq Neft Konsorsiumunun (OİC) digər üzvlərini də səksəkədə saxlamaq məqsədi güdür.

«İLHAM ƏLİYEV DƏHŞƏTLİ DƏRƏCƏDƏ ÖTKƏM OLSA»…

Bununla belə, müəllif hesab edir ki, «cənab Əliyev dəhşətli dərəcədə ötkəm olmaqla özünü risk qarşısında qoyur».

«Azərbaycanın neft ehtiyatları əhəmiyyətlidir, - yazır Matthew Hulbert, - lakin nəhəng yataqlar deyil. Exxon və başqaları, xüsusən də qaza dair şirkətlər Bakının təklif etdiyi şərtlərlə razılaşmayacaqlar.

Qaz kəməri
Qaz kəməri
«Şah Dəniz 2» çox bahalı yataqdır».

Müəllif deyir ki, bu yataqdan götürüləcək 16 milyard kubmetr qaz 50 milyard dollara başa gələcək. Üstəlik də bu qazı ala biləcək ən real bazar Avropadır. Avropada isə 2020-ci ilədək maye qazın daşınması normaya çevriləcək.

«ƏGƏR AZƏRBAYCANLILAR AĞILLIDIRLARSA»…

Müəllif yazır ki, Bakı hansı istiqaməti seçsə də, onun beynəlxalq yardıma və investisiyalara həmişə ehtiyacı olacaq. «Əgər azərbaycanlılar ağıllıdırlarsa, Türkiyənin kəmər variantlarına qarşı gürcülərə maye qaz ixracının təşkilində kömək etməlidirlər. Lakin ARDNŞ maye qaz üzrə heç də usta bir şirkət kimi tanınmır».

Məqalədə deyilir ki, prezident Əliyev özünün kim olduğunu və Azərbaycanın dünyanın neft xəritəsinin harasında olduğunu yaxşıca yadında saxlamalıdır. «Konsorsium onun cızığından çıxması qənaətinə gələrsə, Azərbaycansız da yaşaya bilər. Ancaq cənab Əliyev onlarsız və onların gətirdiyi gəlirsiz yaşaya bilməz».

Bununla belə, müəllifə görə, BP Azərbaycanda iflasa uğraya bilər. Amma «Əliyev ayağını özünün məhdud enerji yorğanına görə uzatmazsa, ondan qabaq süqut edə bilər».

Matthew Hulbert axırda sual edir: «Yeri gəlmişkən, Azərbaycan Dövlət Neft Fondu yaxşı vaxtlarda yığılmış o qədər pulu nə edib?».

«Beləliklə, hesab hələlik konsorsiumun xeyrinə 1:0-dır» - yazır müəllif.
XS
SM
MD
LG