Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:41

Mo Yan Nobel mükafatını nəyə xərcləyəcək?


Yazıçı Mo Yan
Yazıçı Mo Yan
Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən ilk çinli yazar olan Mo Yan ona veriləcək pula paytaxt Pekində böyük bir ev almağı düşünür.

Çin mediasında yayılan xəbərlərə görə, o, bu fikrini jurnalistlərə açıqlamasında dilə gətirib.

Ölkə daşınmaz əmlak sektorunun rəhbəri Pan Shiyi bu açıqlamaya dərhal reaksiya verərək «Sənin Pekində yaşamağa icazən varmı?» – deyə soruşub.

Pan Shiyi vurğulayıb ki, Nobel mükafatı qarşılığında verilən təxminən 1 milyon 200 min dollara Pekində, olsa-olsa, 120 kvadratmetrlik bir ev almaq mümkündür...

Çincədən çevirəndə adının mənası «Sus» olan «Mo Yan» təxəllüslü Guan Moye bütün yazarların röyasında gördüyü bu mükafata 57 yaşında layiq görülüb.

Çindəki senzura və hökumətlə razılaşdırma tələblərinə baxmayaraq, Mo Yan israr edir ki, o, istədiyini belə şəraitdə də deməyi bacarır və ciddi özünüsenzuraya məcbur qalmır.

HÜQUQ MÜDAFİƏÇİSİNƏ AZADLIQ İSTƏYİB

Pulsuzluq ucbatından 12 yaşından məktəbi atan, əkin-biçinlə, heyvan saxlamaqla və fəhləliklə gününü keçirən, zaman-zaman ağac qabığı və ot yeyən çinli yazar nə vaxtsa Nobel ödülü ala biləcəyini ağlına da gətirməyib.

Mo Yan 1987-ci ildə çəkilmiş «Qızıl Darı Tarlaları» filminə ilham verən 2 romanından sonra Avropa və ABŞ-da tanınıb.

Yeri gəlmişkən, Mo Yan, iki il öncə Nobel Sülh Mükafatına layiq görülən çinli insan haqları müdafiəçiis Liu Xiaobo üçün də azadlıq tələb edib.

MO YAN-IN ƏSƏRLƏRİ TÜRK DİLİNƏ ÇEVRİLƏCƏK

Türkiyə Naşirlər Birliyinin sədri Metin Celal Habertürk.com saytındakı yazısında bu məlumatı açıqlayıb:

«Çinlə münasibətlərimiz çox sürətlə irəliləyir. Bu ölkə böyük ehtimalla gələn il keçiriləcək İstanbul Kitab Sərgisinin fəxri qonağı olacaq və Türkiyə də 2014-cü ildə Pekin Kitab Sərgisində eyni şərəfə layiq görüləcək. Belə münasibətlər Çincə əsərlərin Türkiyə türkcəsinə çevrilməsinə yol açacaq. Bu məqsədlə Çində gerçəkləşdirilən tərcüməyə dəstək proqramından da faydalanacağımızı düşünürəm».

Türkiyə Naşirlər Birliyi sədrinin fikrincə, hazırda Frankfurtda keçirilən Kitab Sərgisində Mo Yan-ın əsərlərinin tərcüməsi və çapı ilə bağlı təkliflər dəyərləndirilir.

Tək çətinlik çincədən usta tərcüməçi tapmaqdır.
XS
SM
MD
LG