Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:29

Avropa Birliyi İrana qarşı sanksiyalarını şiddətləndirir


Avropa Birliyi ilə İranın bayraqları
Avropa Birliyi ilə İranın bayraqları
-

Avropa Birliyinin yeni sanksiyaları bank, ticarət və energetika sektorlarını əhatə edir.

Avropa Birliyi İran üzərinə yeni, daha ağır «cəzalandırıcı» sanksiyaların tətbiqi üçün özünün qanunvericiliyindəki «dəlmə-deşikləri» doldurmaq qərarına gəlib.

Tehran indiyədək məhz bu boşluqlardan yararlanaraq sanksiyalardan yayınırdı.

Avropa Birliyinin yeni sanksiyalarına həmçinin İran təbii qazına qoyulan embarqo daxildir.

Britaniyanın xarici işlər naziri William Hague deyib ki, yeni sanksiyaların tətbiqinə səbəb Tehranın öz nüvə proqramına dair Avropanı narahat edən suallara hələ də cavab verməməsidir.

«The Guardian» xəbər verir ki, cəzalandırıcı sanksiyalar paketi barədə razılıq birliyin Xarici İşlər Nazirləri şurasının Lüksemburqda keçirilən iclasında razılaşdırılıb.

İrana qarşı, daha sərt sanksiyalar təşəbbüsü Almaniya, Fransa və Britaniyadan gəlib.

Ağ Ev Avropa Birliyinin yeni sanksiyalarını alqışlayıb.

Jay Carney
Jay Carney
Obama administrasiyasının mətbuat katibi Jay Carney deyib: «Dünya boyunca İranın təcrid olunması və onun rəhbərliyinin nüvə silahı əldə etmək niyyətinin dayandırılması üçün təzyiqlərin artırılması həmişə prezidentin əsas prioriteti olub».

BMT Təhlükəsizlik Şurasının indiyədək qəbul olunmuş 6 qətnaməsində İrandan uranın zənginləşdirilməsinin dayandırılması, öz nüvə proqramı barədə mövcud suallara cavab verməsi və daha şəffaf olması tələb edilib.

Buna baxmayaraq Tehran qətnamələrin hamısını qulaqardına vurub.

WİLLİAM HAGUE TEHRANI SANKSİYALARI «CİDDİ» QƏBUL ETMƏYƏ ÇAĞIRIB

Britaniyanın xarici işlər naziri bəyan edib ki, «İran uranın zənginləşdirilməsini yalnız dinc məqsədlərlə izah olunmayacaq miqyasda genişləndirir və özünün nüvə zənginləşdirmə qabiliyyətini əvvəllər gizli saxlamaq istədiyi və möhkəm mühafizə olunan məntəqədə artırır».

«Bu gün biz energetika sahəsindəki məhdudiyyətləri gücləndirmək, İranın nüvə proqramı üçün xərclədiyi gəlirlərin yolunu kəsmək, İranın proqram üçün lazım olan materiallara çıxışını önləmək və onun mövcud sanksiyalardan yayınma cəhdlərinin qarşısını almaq məqsədilə İran bankları ilə hər hansı maliyyə əməliyyatlarını qadağan edən addımlar atmışıq», - deyib William Hague.

William Hague
William Hague
Britaniya Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilmiş bəyanatında William Hague İranı bu sanksiyaları «çox ciddi qəbul etməyə» çağırır.

Yeni bank sanksiyaları son dərəcə xüsusi hallarda humanitar yardım köçürmələri istisna edilməklə, İran bankları ilə hər hansı maliyyə-pul əməliyyatlarını qəti qadağan edir.
Sanksiyalar İran qazının satın alınmasını, idxalını və nəqlini yasaqlayır.

Bundan belə İran üçün neft tankerlərinin tikilməsi qanunsuz əməl hesab ediləcək.

İRAN VAXT UZADIR

«Reuters» agentliyinin xəbərində deyilir ki, daha sərt sanksiyalara səbəb indiyədək tətbiq olunan sanksiyalar, diplomatiya və hətta İranın nüvə məkanlarını vuracağına dair İsrail hədələrindən ibarət tədbirlər «qarışığı»nın Tehrana təsir etməməsidir.

İrana qarşı son sanksiyaların sərtliyinə baxmayaraq, Avropa diplomatları bildirirlər ki, məqsəd Tehranı danışıqlar masası arxasına qaytarmaqdır.

Avropa Birliyinin xarici işlər komissarı Catherine Ashton deyib ki, o, İslam Respublikası üzərinə təzyiqlərin «tezliklə» fayda verəcəyinə inanır.

Lakin Almaniyanın xarici işlər naziri Guido Westerwelle xanım Ashton qədər nikbin deyil.
O müxbirlərə bildirib ki, «Tehran sadəcə olaraq vaxt uzadır».

İSRAİL İRANA QARŞI «YENİ VƏ HƏLƏLİK AÇIQLANMAYAN VASİTƏLƏR»DƏN DANIŞIR

Benjamin Netanyahu
Benjamin Netanyahu
Bu arada özünün təkrar seçki kampaniyasına başlayan İsrail baş naziri Benjamin Netanyahu elan edib ki, onun ölkəsi İranın nüvə təhlükəsinə qarşı yeni, lakin hələlik açıqlanmayan yeni «vasitələr» əldə edib.

Britaniyanın baş naziri İsraili tələsməməyə və sanksiyaların «işləməsini» gözləməyə çağırıb.

«İran təkcə İsrail üçün yox, dünya üçün təhlükədir», David Cameron deyib.

«Reuters» yazır ki, sanksiyalar təsirini göstərməyə başlayıb.

Agentlik xəbər verir ki, bu ay İranın milli valyutası olan rialın dollarla müqayisədə ikinin üçə nisbətində ucuzlaşması iğtişaşlara səbəb olub.

Hazırda İranda inflyasiya 25 faizə çatıb.

Bununla belə, İranın ali dini rəhbəri Ayatollah Ali Khamenei ötən gün ölkənin şimal-şərqindəki Şirvan şəhərində izdihama xitabən deyib ki, «düşmənlər ölkədəki sakitliyi poza bilməyəcəklər».
XS
SM
MD
LG