Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:56

Şalva Bakuradzedən hekayə (Seyfəddin Hüseynlinin tərcüməsi)


-


Amma mən artıq böyümüşəm, bilirəm ki, sən yoxsan, ölmüsən. Daha məni aldada bilməzlər.

Mən burda elə hey adamların ölməyini görürəm, ona görə də bilirəm, bu, çox asan, lap adi bir işdir...



Şalva Bakuradze


BABAMA MƏKTUB


(Gürcü yazıçısının hekayəsini rus dilindən Seyfəddin Hüseynli tərcümə edib. “Oxu zalı” hekayənin Azərbaycan dilinə çevrilib çap olunması üçün yazıçıdan icazə alıb)


- Babacan, elə bilmə, unutmuşam səni. Yadımdasan. Səni çoxlu-çoxlu xatırladığım üçün yazıram bu məktubu da.

Anam həmişə mənə səndən danışır: «Heç kəs səni baban qədər çox istəməyib»; «Babandan savayı qayğımıza qalan olmayıb…»

Bizdə şəkillərin var sənin: yaraşıqlı adammışsan – hamı belə deyir.

Bilirəm, sən bu məktubu mütləq oxuyacaqsan. Daha böyümüşəm, bilirəm, oxuyacaqsan mütləq, mən də elə buna görə yazıram.

Manuçarın nənəsi ölənlərin iyirmi beşincisiydi. Onu reanimasiyadan çıxarmışdılar, axırıncı həftəni aşağıda, bizim böyrümüzdəki 705-ci palatada yatdı.

Nə dərmanlar yeritmirdilər onun damarına! Deyirdilər, dirçələr, yaşayar...

Biz indi beş ildir ki, burda – Respublika Xəstəxanasında oluruq. Anam qapının üstündəki nömrəni qopardıb, yerinə öz familiyasını yazıb.

Atam gec gəlir, sərxoş gəlir, ancaq anam daha ağlamır, elə mən də.

Balaca vaxtı mən heç nə başa düşmürdüm, indisə böyümüşəm, oxuyub-yazmağı, saymağı bilirəm.

Manuçarın nənəsi iyirmi beşinciydi. Ona qədər ölənlərin heç birini tanımırdıq. Həmin adamları hardansa gətirirdilər, onlar da burda ölürdülər. Anam məni palataya girməyə qoymurdu. Sonralar öyrəşdik buna.

Tamam öyrəşmişik. Anam kofe dəmləyib, gecələr xəstə yanında qalanları qonaq eləyir. Onlar da mənə alma, banan verirlər. Ölənlərə lazım olmur axı bunlar.

Ancaq yenə də adamlar hər gələndə cürbəcür meyvələr gətirirlər. Mən də üçtəkərli velosipedimdə oturub, ləzzətlə şaftalı, armud yeyirəm.

Gələnlər hərdən bizim otağa keçirlər – televizora baxmaqdan ötrü. Qadınlar seriala baxırlar, kişilər futbola. İki-üç gündən sonra xəstə ölür, o təzə tanışlarımız da, heç bizimlə sağollaşmadan, çıxıb gedirlər.

Babacan, bilirəm, sən mütləq oxuyacaqsan bu məktubumu.

Əvvəllər elə bilirdim, sən Suxumidə qalmısan. «Baban orda yaşayır» - mənə belə deyirdilər. Amma mən artıq böyümüşəm, bilirəm ki, sən yoxsan, ölmüsən. Daha məni aldada bilməzlər.

Mən burda elə hey adamların ölməyini görürəm, ona görə də bilirəm, bu, çox asan, lap adi bir işdir.

Manuçarın nənəsi iyirmi beşinciydi. Deyirdilər, yaşayacaq, ancaq mən bilirdim ki, xeyri yoxdur. Lap əvvəldən bilirdim bunu. Onun yuxuda gördükləri mənim də yuxuma gəlirdi: Üstünü buludlar almış şəhər, bulanıq dəniz... Sahildə bığlı bir kişi dayanmışdı. Əlində yekə bir balıq, əynində qara pencək, başında palıdı rəngdə iri kepka vardı. Bildim, bu onun ərinin cavanlığıydı...

Babacan, yuxuları yozmaq lazım deyil, üstəlik, əgər onlar başqasının yuxularıdırsa.

Göyərçinlər pəncərəyə qonurdular. Manuçar elə bilirdi, mənim o pəncərənin ağzına səpdiyim çörək qırıntılarına görə gəlirlər. Amma mən anlamışdım: bu, ölümdən xəbər verirdi.

Fürsəti əldən buraxa bilməzdim. Girdim palataya. Qadının danışmağa taqəti qalmamışdı, ancaq gözlərilə mənə işarə elədi: bilirdi nə istədiyimi, yəqin, fikrim xoşuna gəlmişdi. Cibimdən alma çıxarıb dişlədim. O, gözünü məndən ayırmırdı. Yaxınlaşıb, sözümü dedim – axı o səni tanıyırdı. Gözlərini güclə yumub-açdı. Manuçar da, o birilər də dəhlizdəydilər. Astadan nəsə danışırdılar. Əlimi adyalın altına salıb, məktubu qadının tərli ovcuna qoydum. Yenə də gözlərini ağır-ağır yumub açanda bu neçə gündən bəri mənim yuxuma girənlərin hamısını onun bəbəklərində gördüm.

Mən dəhlizə çıxıb mızıldandım: - Öldü o...

Sonra yenə alma gəmirməyə başladım.

Babacan, buraya – Respublika Xəstəxanasına heç vaxt poçtalyon gəlmir. Bizə məktub yazan da yoxdur. Heç görməyə gələnimiz də. Səndən də bir xəbər çıxmır. Belə keçir günlərimiz.

Qohumlarımızdan biri bu yaxınlarda səni görmüşdü, elə hey soruşurdu: görəsən, o niyə mənim yuxuma girib?...

Hamı ölümdən qorxur. Görünür, həyat haqqında hələ mənim anlamadığım nələrisə bilirlər onlar. İtirməkdən qorxurlar həyatı, heç vaxt bu həyatda olmayıblar, yəqin, ona görə.

Sən bu məktubu mütləq alacaqsan. Mən daha böyümüşəm, dəqiq bilirəm: məktubum gəlib sənə çatacaq. Çox istəyirəm səni, babacan!
XS
SM
MD
LG