Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:28

Müstəqil Şotlandiya necə bir ölkə olacaq?


Şotlandiya bayrağı
Şotlandiya bayrağı
-

ŞOTLANDİYANIN AYRILMASI BRİTANİYA ÜÇÜN TƏHLÜKƏDİR

Bu barədə Britaniya Xarici İşlər Nazirliyinin xüsusi memorandumu ölkə parlamentinin Xarici İşlər Komitəsinə təqdim olunub.

Sənəddə deyilir ki, Şotlandiyanın 300 illik ittifaqdan çıxmasının yaratdığı qeyri-müəyyənlikdən ölkənin düşmənləri istifadə edə bilərlər.

Belə bir ehtimal var ki, Argentina və onun Cənubi Amerikadakı müttəfiqləri qeyri-müəyyənlik yaşayan Böyük Britaniyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyündən çıxarılmasını tələb edə bilərlər.

BAŞ NAZİRİN SOLAXAY İMZASI

Bütün bunlar gələcəkdə ola ya da olmaya bilər.

Hələliksə, Britaniyanın bir hissəsi olan Şotlandiyanın müstəqillik referendumunun qarşısındakı son maneə qaldırılıb.

Bu tarixi anı Britaniyanın bütün telekanalları göstəriblər.

David Cameron
David Cameron
Üzündə xəfif əsəbilik qarışıq təbəssümlə baş nazir David Cameron referendumun 2014-cü ilin sonunadək keçiriləcəyini təsdiqləyən müqaviləyə solaxay bir imza atıb.

Ona görə yox ki, David Cameron İngiltərənin şimal qonşusunun müstəqilliyinə hörmət qoymur. Sadəcə olaraq ona görə ki, Britaniyanın baş naziri solaxaydır.

Lakin burası mühümdür ki, David Cameron Britaniya tarixinin ilk solaxay baş naziri deyil.

Sən demə, Winston Churchill də dünyanın yeni xəritəsini sol əli ilə cizgiləyibmiş.

Fərq ondadır ki, Churchill-in xələfi yeni xəritəni Britaniyanın içərisində cizgiləməli ola bilər.

BİR AZ «SOLAXAY» MÜSTƏQİLLİK

Əslində, əgər baş tutarsa Şotlandiyanın müstəqilliyi də bir az «solaxay müstəqillik» olacaq.

Bu məsələ üzərində ölkənin aparıcı siyasətçiləri, ekspertləri və jurnalistləri baş sındırırlar.
«The İndependent» qəzeti Şotlandiyanın müstəqilliyinə xüsusi məqalə həsr edib.

Qəzet yazır ki, şotlandlar üçün ən çətini Londonla mənəvi bağları qırmaq olacaq.

Lakin bununla belə, həyatın bütün başqa sahələrini də «müstəqilləşdirmək» son dərəcə mürəkkəb görünür.

Elə təkcə səhiyyə sistemində ediləcək dəyişikliklərdən söz açmaq kifayətdir.

Müstəqil Şotlandiya abortları saxlayacaq, lakin hamiləliyin dayandırılması üçün müddəti hazırda Britaniya üzrə mövcud olan normadan – 24 həftədən daha qısa müddətə endirəcək.

ŞOTLANDLAR FUNT STERLİNQİ SAXLAYACAQLAR

Qəzetlər yazır ki, Şotlandiya millətçiləri avrozonadakı təlatümlərin, ələlxüsus da Yunanıstanda baş verənlərin şahidi olduqdan sonra, ən azı yaxın müddətdə funt sterlinqi pul vahidi kimi saxlamaq niyyətindədirlər.

George Osborne (sağdakı)
George Osborne (sağdakı)
Lakin bu millətçilərin əlindən boğaza yığılmış London, ölkənin ikinci şəxsi – maliyyə naziri George Osborne-nün dili ilə deyib ki, Edinburq «boşanma»dan sonra İngiltərə bankının səxavətinə çox da bel bağlamamalıdır. Müstəqil Şotlandiya üçün yeni, həm də daha yüksək bank faizləri tətbiq ediləcək.

Amma şotlandların da öz «gizli silahı» var. Edinburq istəsə, az qala bütün Britaniya parlamentinin limonad kimi içdiyi viskiyə elə bir qiymət qoyar ki, Uestministerin dərhal ağlı başına gələr.

NATO ÜZVLÜYÜ OLA BİLƏR, LAKİN NÜVƏSİZ…

Şotlandiya müstəqillik əldə edərsə, özünün 12 500 hərbçidən, 20-25 gəmidən ibarət silahlı qüvvələri olacaq.

Millətçilər bildirirlər ki, hərbi əlaqələr Skandinaviya ölkələri ilə daha sıx olmalıdır.

Bəzi şotland siyasətçilər Britaniya ordusunun əlahiddə qrupu olan «Şotland Qvardiyasının» da özəlləşdirilməsini istəyirlər, lakin Britaniya müdafiə naziri Philip Hammond bu arzunu «gülünc» adlandırıb.

Özünəməxsus hərbi formaya (kilt-yubkalar və sair) malik «Şotland Qvardiyası» (bir vaxtlar Leninə çardan miras qalmış «Latış polku» kimi) hərbi və «mərasim» funksiyaları daşıyır.

Qvardiya Kraliçanın ad günlərində və başqa böyük bayramlarda keçirilən paradlarda öz məşhur tuluqları ilə hərbi orkestr rolunu oynayır.

Lakin qvardiya həm də hərbi qüvvədir. Onun bölümləri bu gün Əfqanıstanda qulluq edir və «26 Bakı Komissarı» filmini xatırlayanlar bilirlər ki, bu qvardiya 1918-ci ildə Bakıda da olub.

NATO baş katibi Anders Fogh Rasmussen
NATO baş katibi Anders Fogh Rasmussen
Şotlandiya siyasətçiləri bildirirlər ki, NATO üzvü olmaq olar, lakin bu nüvəsiz üzvlük olmalıdır.

Məsələni dərindən bilənlər isə agahdırlar ki, onlar hazırda Şotlandiya sahillərində baza quran və nüvə başlıqlı raketlərə malik Britaniya sualtı «Trident» qayıqlarından izal olmaq istəyirlər.

AVROPA BİRLİYİ VƏ SƏRHƏDLƏR

Şotlandiyalıların İngiltərədə çoxsaylı biznesləri var və onlar əsrlər boyunca sularına qan qarışmış Sterlinq çayı üzərindəki sərhədin açıq qalmasını istəyirlər, lakin yenə də əsəbi London, sərhəd-pasport məntəqələrini mütləq tətbiq edəcəyini bildirib.

Ən çətini isə Şimal dənizindəki sərhədləri bölüşdürmək olacaq.

Şotlandiya Millətçi Partiyası – SNP neft yataqlarının yerləşdiyi su məkanının 90 faizinə iddia edir. Çünki bu, yeni doğulmuş ölkəyə 1, 5 trilyon funt sterlinq qazandıra bilərdi.

Di gəl ki, Şotlandiya yeni sərhədləri nəinki Norveç və İngiltərə, ən əsası baş qərargahı Şotlandiyanın Aberdin şəhərində yerləşən «dövlət içində dövlət» BP ilə müzakirə etməli olacaq.

KRALİÇA, BBC VƏ TELESERİALLAR

Elan edilib ki, müstəqil Şotlandiya kraliçanı «hələlik» dövlət başçısı kimi saxlayacaq və Britaniya İmperiyasının keçmiş müstəmləkələrindən ibarət (bir az da MDB-yə oxşayan) Britaniya Birliyinin üzvü olacaq.

Bu qəribə bəyanatı ən müxtəlif şəkildə yozmaq olar.

Lakin əsas səbəb kimi Şotlandiyanın müstəqillikdən sonra da Londondan dotasiyalar qoparmaq arzusu göstərilir.

Şotlandlar bəlkə də öz monarxiyalarını bərpa edəcəklər.

Edinburq bir çoxlarının gözündə Britaniya imperiyasını təcəssüm etdirən BBC-ni ölkədən çıxarmaq və əvəzində öz ictimai telekanalını qurmaq fikrindədir.

Lakin bu da bildirilib ki, BBC-nin məşhur teleserialı olan «Eastenders» (Şərqlilər) və bəzi başqa proqramları yayımlanmaqda davam edəcək.

Zarafat deyil, 1980-lərdən bəri davam edən və özünün 5000-ci seriyasına yaxınlaşan bu serialla bütöv bir şotland nəsli böyüyüb.

MİLLİ QEYRƏT, YOXSA iPAD?

Şotlandlar Britaniya ədəbiyyatında, filmlərində və lətifələrdə məzəli, pul qazanmaq baxımından çox diribaş, lakin ehtiyatla pul xərcləyən, yəni bir az simic toplum kimi təqdim olunurlar.

BBC yazır ki, bu yaxınlarda Şotlandiyada keçirilmiş qəribə bir rəy sorğusunda respondentlərin 65 faizinin müstəqilliyə səs verməyə hazır olduğu bildirilib. Bir şərtlə ki, hər bir şotlandın büdcəsinə ildə 500 funt sterlinq əlavə pul gəlsin.

Həmin sorğuya görə, «yox, əgər müstəqillik hər bir şotlandın kisəsindən 500 funt sterlinq aparacaqsa», onda belə müstəqilliyi rəyi soruşulanların yalnız 21 faizi dəstəkləyib.

BBC müxbiri qeyd edir ki, 500 funt sterlinq, yeni iPad-lərin maksimum qiymətidir və beləliklə, bir çoxları üçün referendum, belə demək mümkündürsə, «Braveheart» qeyrəti ilə, iPad arasında seçim ola bilər.

MEL GİBSONUN YAZDIĞI TARİX

SNP-dən olan siyasətçiləri sevindirən daha bir hadisə odur ki, London daha bir güzəştə gedərək referendumda 16 və 17 yaşlıların da iştirakına icazə verib.

Bunlar hazırda 14 və 15 yaşı olanlardır.

Millətçilər bilirlər ki, bu nəsil tarixi müəllimlərdən və dərsliklərdən yox, Hollivud ulduzu Mel Gibsondan, onun son dərəcə anti-ingilis ruhlu «Cəsur ürək» filmindən öyrəniblər.

Lakin statistika üzrə bu yaş qrupuna hazırda 9500 nəfər daxildir ki, bu da referendumun nəticələrinə ciddi təsir göstərə bilməz. Üstəlik bildirilir ki, bu rəqəmin təxminən yarısı qarışıq ingilis-şotland ailələrindən olan uşaqlardır.

Şotlandiyanın müstəqilliyinə həsr olunmuş məqalələrdən birinə yazılmış bir oxucu rəyində isə zarafatyana qeyd var:

«Kraliça və ingilis teleserialları ilə birlikdə müstəqillik kimə lazımdır?».
XS
SM
MD
LG