Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:04

Beyləqanda Ovçular Cəmiyyətinin sədri öldürülüb [Yenilənib]


Arxiv foto
Arxiv foto
-

NAZİRLİK BEYLƏQANDAKI QƏTLƏ GÖRƏ OVÇULAR CƏMİYYƏTİNİ İTTİHAM EDİB

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Beyləqan rayonunda brakonyerlərlə Ovçular Cəmiyyətinin nümayəndələri arasında baş verən silahlı insidentlə bağlı bəyanat yayıb.

Nazirliyin bəyanatında deyilir ki, hadisə Azərbaycan Ovçular Cəmiyyəti rəhbərliyinin qanunsuz olaraq həyata keçirdiyi əməllərin nəticəsidir:

«Belə ki, Ovçular Cəmiyyəti dəfələrlə ölkə ərazisində saxta müfəttiş biletləri paylayıb, saxta müfəttişlər vasitəsilə özbaşına reydlər keçirib, həmçinin heç bir əsas olmadan SSRİ dövründən qalmış mülkiyyətdən, yəni indiki dövlət mülkiyyətindən istifadə etməyə və onu özününküləşdirməyə cəhdlər göstərib. Qeyd edək ki, bütün bunlar Ovçular Cəmiyyətinin özünə aid olmayan səlahiyyətləri mənimsəmək cəhdidir və saxtakarlıq faktıdır. Xatırladaq ki, 2004-cü ildə Azərbaycan Respublikası Ovçuluq haqqında Qanunun qəbul edilməsindən sonra ölkə ərazisində ovçuluğun təşkili, ovçuluq fəaliyyətinin tənzimlənməsi, ovçuluq təsərrüfatlarının və mülkiyyətinin idarə olunması kimi səlahiyyətlər ETSN-yə verilib».

ETSN bəyan edib ki, Ovçular faciənin bütün məsuliyyəti tam olaraq Cəmiyyət rəhbərliyinin üzərinə düşür.

PROKURORLUĞUN MÜNASİBƏTİ

Bu arada Beyləqan Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Beyləqan şəhər sakini Mahmudov Ruhinin idarə etdiyi «Niva» markalı minik maşınında olan Beyləqan şəhər sakinləri Əliyev Mahir, Hüseynov Mahir, Əsədov Vasif, Muradxanov Vaqif rayonun Yeni Mil qəsəbəsi yaxınlığında ov ediblər. Onlar ov edərkən, Ovçular Cəmiyyətinin Beyləqan rayon şöbəsinin sədri Allahyar Süleymanov həmin şəxslərə qanunsuz ov etdiklərini bildirib və mübahisə edib. O, ov silahlarını təhvil vermələrini tələb edib:

«Allahyar Süleymanov özü maşından ov tüfəngini götürmək istəyib. Maşında olanlar silahı vermək istəməyib və mübahisə edərək, silahı özlərinə tərəf çəkiblər. Bu zaman silahdan açılan atəşlə A. Süleymanov, həmçinin yaxınlıqdakı R. Alxanov və Ə. Cəfərov müxtəlif dərəcəli bədən xəsarəti alıblar. Allahyar Süleymanov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü maddəsi ilə (ehtiyatsızlıqdan adam öldürmə) cinayət işi açılıb».

BEYLƏQANDA OVÇULAR CƏMİYYƏTİNİN SƏDRİ ÖLDÜRÜLÜB

Oktyabrın 20-də Beyləqan rayonunda ovdan qayıdan şəxslərlə Ovçular Cəmiyyətinin Beyləqan rayon şöbəsinin sədri arasında baş vermiş münaqişə ölümlə nəticələnib. Xəsarət alanlar var.
Beyləqan rayon prokurorunun köməkçisi Ağahüseyn Əmirquliyev AzadlıqRadiosuna bildirib ki, bir qrup şəxs axşam saat 11 radələrində ovdan qayıdırmış. Bu zaman Ovçular Cəmiyyətinin Beyləqan rayon şöbəsinin sədri Allahyar Süleymanov onların qarşısına çıxıb, aralarında mübahisə yaranıb: «Onlar izahatlarında göstəriblər ki, Allahyar Süleymanov ovdan qayıdan Ruhi Məmmədovla əlbəyaxa olub, onun əlindən tüfəngi alarkən silah açılıb. Allahyar Süleymanov hadisə yerində ölüb, onun yanında olan iki nəfər isə xəsarət alıb».
Ağahüseyn Əmirquliyev deyir ki, hələlik həbs edilən yoxdur, cinayət işi açılıb, araşdırma aparılır.
Mətbuatda yayılmış ilkin məlumatlara görə, Ruhi Mahmudov dostları ilə birgə rayon ərazisində qadağan olunmuş ərazidə ov edirmiş. Bu zaman ora gəlmiş Allahyar Süleymanov onlara ərazini tərk etmələrini və silahları da təhvil vermələrini istəyib. Mübahisə də burdan yaranıb. Ağahüseyn Əmirquliyev AzadlıqRadiosuna deyib ki, hazırda ovçuların qadağan olunan ərazidə ov edib-etməməyi və Ovçular Cəmiyyəti əməkdaşının belə fakta müdaxilə etmək səlahiyyətinin olub-olmamağı araşdırılır.
Beyləqan rayon polis şöbəsindən AzadlıqRadiosuna bildirilib ki, yaralanan şəxslər Bakıya xəstəxanaya aparılıblar.
XS
SM
MD
LG