Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 17:18

Tüklü adam (Seçmə şeirlərdən)


Əli Şirin Şükürlü
Əli Şirin Şükürlü
-


Bu şeirlər son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilb. Münsiflər hər dəfə tanınan yazıçılar və tənqidçilər arasından seçiləcək və ilin sonunda adları açıqlanacaq.


Əli Şirin Şükürlü


tüklü adam

gözləri təəccübdən böyüyür.
az qala güzgünü vurub sındıracaq indicə.
hələ nə baş verdiyini tam anlaya bilmir
yuxu ilə gerçəkliyin sərhəddində.

deməli,
hadisə belə başlayır;
bir neçə gün öncə oxuyur ki,
bir nəhəng canlı tutublar
adama oxşayır, daha doğrusu,
qar adama – bədəni tamam tüklə örtülü.
qəfəsdə şəklini də veriblər
gözlərində
qəribə ifadə; təlaş heyrət qarışıq.

ötən gecə isə
yuxuda görür ki,
üzünü tük basıb. qırxır.
qırxıb qurtaran kimi
yenidən üzünə tük gəlir,
sonra bütün bədəni tüklə örtülür
və getdikcə çoxalır.

birdən
hardansa bir dəstə adam
peyda olub onu qovur.
qovaqovda
adamlar gah tüklü, gah tüksüz görünür.
qaçmaq da müşkülə dönüb,
elə hey çığırır:
mən də sizdənəm, mən də sizdənəm.

hövlnək yuxudan oyanır;
yuxuda hər şey mümkündü
təkcə qaçmaqdan başqa – düşünür

ani xatırlasa da
tez də
unudur gördüklərini.

yenidən yuxu aparır onu.
bu dəfə görür ki.
funksiyaya oxşayır: F(t).
t – zamandı sürətlə dəyişir,
dəyişdikcə F(t) müxtəlif hallara düşür;
körpə, cavan, qoca – yox olur,
qoca, cavan, körpə - yenə yox olur.

yoxluğunu da görür yuxuda, yəni
yoxluğunun varlığın –
qeyri-müəyyən şəkildə;
qara lövhədə ağ rəngli nöqtəyə (ölçüsüz)
bənzəyir hardasa. rəngini tez-tez dəyişir
lövhə də. gah böyüyür ağ nöqtə (ölçüsü var indi),
gah da itir - lövhə ağarınca.

sonra
yenidən “tüklü adam” səhnəsi,
sonra qarışır mənzərələr. cürbəcür
vəziyyətlər alır funksiya.

oyanır yuxudan.

bax əslində
hadisə belə baş vermişdi
bu gün səhərki olaya qədər.

indi isə
dayanıb güzgünün qarşısında
üzünü qırxır tələsik
təlaş içində.

... – 16.04.2012.



itkin

şaxtada yoxa çıxdı
gözlənilmədən – 22 yaşında.

səsi özündən sonra yox oldu tədricən azala-azala.
son sözü şaxta boyu üzü yuxarı çevrilib sədaya
hardasa itdi. itdi hardasa, amma hardasa
movcudolmada yəqin ki. hər varlığa bir yoxluq,
hər yoxluğa bir varlıq hakim kəsilər həmişə.

hara qeyb ola bilər – çox axtardılar,
bütün şaxtanı ələk-vələk eləyib
həyacan təbili çaldılar.

qəfil
bir adam peyda oldu cavan itən yerdə,
təxminən 65-70 yaşında saç-saqqalı ağarmış.
eynən itən cavanı xatırladırdı
gözlərində sevinc qorxu qarışıq:

bu mənəm, - itən səsiydi qayıtmışdı sanki - hüznlü,
özü kimi dəyişmiş formada. qəfildən
bir dəliyə düşdüm. uçurdum çevrə boyunca.
cürbəcür hadisələrdən, müxtəlif məkanlardan
keçirdim sürətlə;
dayanmaq istəsəm də
qəbul etmirdi məni məkanlardan bəzisi,
sanki bir sıxlıq hökm sürürdü orda, ilk baxışdan
əşyalar arasında boşluq nəzərə çarpsa da.
bəzi məkanlarsa özü cəzb edib saxlayırdı.
canlılar həm adama, həm heyvana,
həm də bitkiyə bənzəyirdi.
indi yuxu kimi gəlir mənə gördüklərim,
çoxdan yaşanmış yuxu kimi. çoxunu
xatırlamıram nədənsə.

yaşlı biri:
-qocalıb zavallı yarım saat ərzində

yaraşıqlı gənc:
-bütün cavanlığını itirdi

həyatı sevən:
-yox. az qala bütün ömrü keçdi hədərə

intihar barədə düşünən:
-nə yaxşı. 50 il irəli düşdü

hərə bir söz deyirdi çaşqınlıq içində.

cavan qocanın və ya qoca cavanın
üzündəsə təbəssüm:
yaşayıram hələ də.

19 - 22.05.2012
XS
SM
MD
LG