Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 10:44

Obama-nın təkrar prezident seçilməsinə Bakıdan reaksiyalar


İsa Qəmbər
İsa Qəmbər
-
Amerika xalqı noyabrın 7-də yenidən öz prezidentini seçdi. Ölkə seçiciləri yenə də indiki prezident, demokratların namizədi Barack Obama-ya üstünlük verdilər.

«OBAMA-NIN DAVAM ETMƏSINDƏ MARAQLIYIQ»

Müsavat başqanı İsa Qəmbər Barack Obama-nın yenidən ABŞ prezidenti seçilməsini Azərbaycan üçün müsbət hal sayır:

«Bilirik ki, Amerikada prezidentin hansı partiyadan olması Azərbaycan üçün köklü dəyişikliyə gətirib çıxarmır. Hər halda, Obama-nın davam etməsini istəyirdik. Ən azı 8 illik bir komandanın xarici siyasətinin davamlı olması üçün bu müsbət hadisədir».

İ.Qəmbər B.Obama-nın 2010-cu ilin sentyabrında BMT Baş Assambleyasında uzun müddət hakimiyyətdə qalan dövlət başçılarına yönəlik çıxışını xatırladır:

«Əslində Obama həmin çıxışında Amerikanın yeni bir doktrinasını gündəmə gətirmişdi. O zaman söyləmişdi ki, beynəlxalq terror təşkilatlarının başçıları kimi, öz xalqlarına zülm edən, öz hakimiyyət müddətini süni surətdə artıran dövlət başçıları da azad dünyanın düşmənləridir. Bu, çox ciddi bir bəyanat idi və bu səbəbdən də biz bu siyasətin davam etməsində maraqlıyıq».

«HEÇ NƏ DƏYİŞMƏYƏCƏK»

Gənc fəal Emin Milli Barack Obama-nın yenidən prezident seçilməsini adi qarşılayır. O, Obama-nın yenidən prezident seçilməsindən sonra ABŞ-ın Azərbaycanla bağlı siyasətində də hər hansı dəyişikliyin olacağını
Emin Milli
Emin Milli
gözləmir:

«Burda böyük neft pulları var, təhlükəsizlik məsələləri var. Bu baxımdan da mən yaxın zamanlarda Amerikanın bizim ölkəmizlə və regionla bağlı siyasətində hansısa dəyişikliklər gözləmirəm»

«REGİONA LAZIMI DİQQƏT YETİRMƏDİ»

Hakimiyyətyönlü Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı Obama-nın ikinci dəfə prezident seçilməsini gözlənilən sayır. Deyir birinci prezidentliyi dövründə xarici siyasətlə bağlı başladığı işlərin sona çatdırılması baxımından, bu, məntiqli görünür. Onun fikrincə, çox güman ki, elə amerikalılar öz seçimində bu məsələni nəzərə alaraq ona üstünlük veriblər.

Fəzail Ağamalı
Fəzail Ağamalı
Azərbaycana və regiona münasibətə gəldikdə, F.Ağamalı birinci prezidentliyi dövründəki fəaliyyətinə görə Obama-nı qınayır:

«Regiona lazımı diqqət yetirmədi. Xüsusilə onun ermənilərə üstünlük verməsi, Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasında xüsusi fəallıq göstərməməsi, regionda Rusiyanın mövqeyinin güclənməsinə xidmət edən mövqeyi, əlbəttə, problemin həllinə ciddi mane oldu».

Obama-nın ilk prezidentliyini Azərbaycan üçün uğursuz sayan F.Ağamalı növbəti 4 ildə onun Azərbaycanla bağlı müsbət addımlar atmasını arzulayır:

«Çox arzulayardıq ki, Obama ikinci prezidentliyi dövründə işğal olunmuş torpaqların azad olunmasında Minsk Qrupunun həmsədri kimi xüsusi fəallıq göstərsin. Beləliklə üzərinə düşən missiyanı yerinə yetirməklə bir münaqişənin həllində ciddi rol oynayan siyasi xadim kimi tarixin səhifələrinə öz imzasını atmış olsun».

Ərəstun Oruclu
Ərəstun Oruclu
«AZƏRBAYCANA DEMOKRATİYA ÇAĞIRIŞLARI ÇOXALACAQ»

Politoloq Ərəstun Oruclu da son prezident seçkilərdən sonra Amerikanın xarici siyasətində əsaslı dəyişikliklər olacağına inanmır. Sadəcə, taktiki baxımdan bu siyasətin daha cəsarətlə həyata keçirilməsi yönündə addımlar atıla biləcəyini düşünür:

«Mənə elə gəlir ki, ABŞ administrasiyası vaxtilə prezident Obama-nın BMT Baş Assambleyasında və Senat qarşısında avtoritar rejimlərə qarşı verdiyi mesajların reallaşdırılmasına başlayacaq. Hesab edirəm ki, islahatlar, hüquq və azadlıqların, demokratik dəyərlərin təsbit olunmasına dair Azərbaycana olan çağırışlar daha da intensivləşəcək».

ABŞ seçkilərini bizim xüsusi səhifədə izlə
XS
SM
MD
LG