Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:31

Hillary Clinton-u kim əvəzləyəcək?


Hillary Clinton (ön planda)
Hillary Clinton (ön planda)
-

- Əgər Obama yenidən prezident seçilsə, siz ikinci müddətə dövlət katibi vəzifəsində çalışmaq istərdinizmi?

Hillary Clinton:


- Yox.

- Müdafiə naziri olmaq istərdinizmi?

- Yox.

- Birləşmiş Ştatların vitse-prezidenti olmaq istərdinizmi?

- Yox (gülür).

- Bəs Birləşmiş Ştatların növbəti prezidenti olmaq istərdinizmi?

- Yox.

Amerikanın dövlət katibi Hillary Clinton CNN-də Vulf Blitzerin suallarını cavablandırır...

Onun tezliklə dövlət katibi vəzifəsindən getməsi gözlənir.

Baxmayaraq ki, yenidən prezident seçilmiş Obama bunu istəmir.

KÖHNƏ RƏQİBLƏR

Klinton Obamanın keçmiş rəqibi olub – 4 il qabaq Demokrat Partiyasının prezidentliyə namizədinin seçilməsi zamanı.

O zaman Obama Klintonu üstələsə də, demokratların namizədi seçilsə də, prezident seçkisini udandan sonra Klintona dövlət katibi vəzifəsi təklif etmişdi.

Klinton razılaşsa da, son dörd ildə daim deyirdi ki, dövlət katibi kimi yalnız bir müddət xidmət edəcək.

Amma Klinton bu dörd ili yorulmaz şəkildə çalışdı, 110-dən çox ölkəyə səfər etdi.

Dövlət katibi kimi 1,5 milyon kilometr məsafə qət elədi.

Üsyanlar, inqilablar zamanı ərəb ölkələrinə mütəmadi səfərlər etdi, demokratik qüvvələrə dəstək verdi.

John Kerry
John Kerry
Buna görə də Obamanın belə bir işgüzar dövlət katibini əldən buraxmaq istəməməsi təbiidir.

O açıq deyib ki, Klintonu fikrindən daşındırmağa, vəzifədə qalmağa razı salmağa çalışacaq.

Xüsusən də Amerikanın xarici siyasətini ərəb baharı ilə bağlı və Suriyadakı vəziyyətlə bağlı davam etdirmək üçün.

Amma Obamanın noyabrın 6-dakı qələbəsindən sonra Dövlət Departamentindəki brifinqdə sözçü Victoria Nuland demişdi ki, Klintonun planları dəyişməyib.

O deyib ki, Klinton istefaya gedib şəxsi həyatına daha çox vaxt sərf etmək, istirahət etmək, düşünmək, kitab yazmaq istəyir.

Əgər Klinton vəzifədən gedərsə, onu kim əvəzləyə bilər?

Mediada bir neçə ad çəkilib.

Daha çox adı hallandırılan - keçmiş prezidentliyə namizəd, Massaçusetsdan seçilmiş senator, Senatın xarici əlaqələr komitəsinin rəhbəri John Kerry-dir.

Onun beynəlxalq səviyyədə yaxşı əlaqələri var, Yaxın Şərqdən Çinə, Rusiyaya qədər xarici siyasətlə bağlı çox məlumatlıdır.


Susan Rice
Susan Rice
Amerika Konstitusiyası dövlət katibinin namizədliyinin Senatda təsdiqini tələb edir.

Bu da Kerry üçün problem olmayacaq, o, 1985-ci ildən Senatdadır.

Amma Kerry-nin namizədliyi həm də Demokratlar üçün riskli ola bilər.

İndi Amerika parlamentinin aşağı palatasında üstünlük respublikaçılardadır.

Yuxarı palatada isə demokratların çox cüzi üstünlüyü var – cəmi 1 yer.

Əgər Kerry dövlət katibi təyin edilsə, onun yerini respublikaçı da tuta bilər.

Bu isə artıq Senatda demokratların 51-in 49-a olan nisbətdə üstünlüyünü 50-nin 50-yə olan bərabərliklə əvəzləyə bilər.

Həmin halda bu, Obamanın təklifləri, yaxud qanun layihələrinin Senatdan çətin keçməsi, orada ilişməsi ilə nəticələnə bilər.

DAHA İKİ MÜMKÜN NAMİZƏD

ABŞ-ın BMT-dəki səfiri Susan Rice-la bağlı vəziyyət də oxşardır.


Tom Donilon
Tom Donilon
Bir tərəfdən o ilk Afrika əsilli qadındır ki, belə yüksək vəzifədə çalışır.

Amma Rice-ı kəskin tənqid də ediblər.

2012-ci il sentyabrın 11-də Benqazidə Amerika səfirliyinə hücumdan sonra dediyi sözlərə görə.

O hücumda Amerika səfiri öldürülmüşdü.

Rice hücumun xarakteri ilə bağlı ziddiyyətli məlumatlar verdiyi üçün respublikaçılar tərəfindən tənqid edilmişdi. Onu istefaya çağırmışdılar.

İndi onun namizədliyi irəli sürülsə, onu Senatdakı müzakirə zamanı çətin suallar gözləyə bilər.

Başqa bir mümkün namizəd isə Obamanın milli təhlükəsizlik müşaviri Thomas Donilon-dur.

O, prezident Klintonun dövründə dövlət katibinin administrasiya rəhbəri olub. Bosniya-Hersoqovinada müharibənin bitməsi, NATO-nun 1990-cı illərdə genişlənməsi istiqamətində uğurlu danışıqlar aparıb...
XS
SM
MD
LG