Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:32

Qan Turalı. O hekayənin şifrəsini çözdüm


Qan Turalı
Qan Turalı
-

Yusif Səmədoğlu az yazan yazıçı kimi ədəbiyyat tarixində qalıb.

Əsərlərinin adı bir ovuc kağıza sığar: “Qətl günü”, yarımçıq qalmış “Deyilənlər gəldi başa” romanı, “Astana” povesti və bir neçə hekayə.

Mən az yazmağın tərənnüm edilməsinin əleyhinəyəm.

Üzməyi üzməklə öyrənirlər, yazmağı da yazmaqla.

Yazıçı nə qədər çox yazırsa o qədər qələmi itiləşir, peşəkarlığı artır.

Amma Azərbaycan eləcə də dünya ədəbiyyatında az yazıb qüdrətli yazıçıya çevrilən bir adamı göstərmək lazım olsaydı mən Yusif Səmədoğlunu göstərərdim.

Yusif Səmədoğlu bu qədər az əsəri ilə Azərbaycan nəsrinin panteonuna yüksəlməyə nail oldu.

O bu panteonda Mirzə Cəlil, Haqverdiyev, İsa Hüseynov, İsi Məlikzadə, Əkrəm Əylisli ilə yanaşı dayanır.

Bu gün Yusif Səmədoğlunun bir hekayəsinin şifrəsini açmaq istəyirdim.

Şifrə deyəndə burda dəhşətli bir şey yoxdur.

Həmid Herisçi kimi KQB-nin, CİA-nın, Ştazinin arxivləri ilə uğraşmıram. :)

İndicə Yusif Səmədoğlunun “Güllər” hekayəsini oxudum. (Sən də oxu - Oxu zalı)

Hekayənin qısa məzmunu belədir: Tahir adlı musiqi məktəbinin tələbəsi məzun konsertindədir, atası isə ölüm döşəyində. Məhz buna görə də Tahir özünü heç cür toplayıb pianonu çala bilmir, axırda atasının xəyalı ona ruh verir. Amma ona bağışlanan gül dəstəsini sabah atasının cənazəsinin üstünə qoyur.

Gənc Vaqif Səmədoğlu piano çalır, foto: modern.az
Gənc Vaqif Səmədoğlu piano çalır, foto: modern.az
Hekayənin şifrəsi əslində onun ithafında gizlənib.

İthaf belədir: “Qardaşım Vaqifə”

Səməd Vurğun 1956-cı ildə vəfat edib.

Yusif Səmədoğlu Səməd Vurğunun böyük oğludur.

Atası öləndə onun 21 yaşı vardı, ilk hekayələrinin ilk oxucusu
atası olmuşdu.

Vaqif Səmədoğlu isə atası öləndə hələ 17 yaşı tamam olmamışdı.

Üstəlik, Vaqif Səmədoğlu ixtisasca musiqiçidir.

Səməd Vurğunun öldüyü ildə musiqi məktəbini sonra konservatoriyanı qurtarmışdı.

Məzun günü isə adətən may ayında olur.

Səməd Vurğun da may ayında vəfat edib.

Bu qədər təsadüf məsələni zərurətə çevirmirmi?

P.S. Vaqif Səmədoğluya zəng vurub bu hekayə haqda soruşmaq istədim. Amma həmişə rahat tapdığım şairə heç cür danışa bilmədim. Bəlkə bu da bir mistikadır...

kulis.az
XS
SM
MD
LG