Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:43

Cavanşir Yusifli. Sayman Aruzun romanı zəif alınıb


Cavanşir Yusifli
Cavanşir Yusifli
-

“100 il inqilab” romanında bir cəhət elə üzdən oxunur – bir neçə səhifədən sonra əsərin nə ilə sonuclanacağı bəlli olur.

Müəllif bu problemin çözülməsində qarşıya qoyduğu vəzifələrin bir qismini həll etsə də, ümumən roman zəif alınmışdır.

Mətn “bir hüceyrəli varlıq” təsiri bağışlayır, ən müxtəlif baxış bucağı və rakursdan oxunma potensialını qazanmamış itirir...



Cavanşir Yusifli bu məqaləsi ilə yazıçı Sayman Aruzun "Qanun" nəşriyyatında "Ən yeni ədəbiyyat" seriyasında çap edilmiş "Yüz il inqilab" romanının "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur.


Cavanşir Yusifli


ƏHVALAT ROMANLARI, YAXUD HƏR ŞEY YAXŞILIĞA DOĞRU


“100 il inqilab” bu portalda müzakirə edilən əsərlərdən biridir. Yəni onun elə həmin əsərlər kimi məziyyət və qüsurlarından bəhs etmək olar.

Səhv eləmirəmsə bu mətn müəllifin ilk irihəcmli nəsr əsəridir və elə daha çox bu baxımdan onun müzakirəsini faydalı hesab edirəm.

Aktuallığın ikinci tərəfi ümumən müasir nəsr, xüsusi halda roman problemlərinin müzakirə edilməsidir.

Ən önəmli cəhətlərdən biri budur ki, bu gün portal vasitəsi ilə Azərbaycan nəsrinin demək olar əksər nümunələri ən müxtəlif problemlər baxımından araşdırılır, onlara bu günün və poetika tarixinin qanunları çərçivəsində qiymət verilir.

Burda yeri gəlmişkən deyim ki, müzakirə edilməyə gücü çatmayan, yəni əslində müzakirə predmeti olmayan əsərlər də yer alır, biz onlar haqqında da fikirlərimizi bölüşürük, dolayısı ilə desək, müzakirə ciddilik baxımından müəyyən dərəcədə itirsə də, əhatə edilmək, ən zəif nümunəni belə gözdən qaçırmamaq yönündən qazanır və bu da roman dalğasının gücünün birə on artmasına səbəb olur.

Burda qəribə, yaxud qayğılanası elə bir dözülməz məqam yoxdur, arzulanan yazı günlərin bir günü bu xaosun içindən çıxacaq, necə deyərlər hər şey yaxşılığa doğrudur.

Hər şeydən öncə qeyd edim ki, Sayman Aruzun “100 il inqilab” romanında bir cəhət elə üzdən oxunur – bir neçə səhifədən sonra əsərin nə ilə sonuclanacağı bəlli olur.

Günlərin bir günü bir zarafatın qurbanı olan Seyid gizli polis görəvində çalışmalı olur, insanları dindirir, lazım gəldikdə onlara işgəncə verir, bir sözlə, yolunu azır. Və günlərin bir günü ona bir məhbusu dindirməyi tapşırırlar, bu onun uşaqlıq sevgisi, indi milli azadlıq mücadiləsinə qalxmış Raziyədir.

Bu əhvalat necə deyərlər “su üzünə” çıxdıqdan sonra süjetin nə ilə başa çatacağı məlum olur.

Seyid həm bilinməkdən qorxur, həm də uşaqlıq sevgisinin qətlə yetirilməsindən.

Hər şey çirkabın içindəykən bütün bu yaramazlıqlardan necə xilas olmalı. Xilas yolu yoxdur. Özü də dərk edir ki, silah qapıb qaçsa belə, nə özünü, nə də sevgilisini xilas edə bilər, dağlardaca onları ələ keçirib qətlə yetirərlər.

Əslində buna heç cəhd eləmir, intiqam alınası predmet məlumdur, hər şeyi onun özü
korlayıb, hər şeyin günahkarı elə odur.

Bütün bu yaramazlıqlar içindən silkinib xilas olmaq sadəcə mümkün deyildir. Seyid edam səhnəsinə qədər dözməyə məcburdur.

Edam səhnəsində onun elədikləri bir daha qeyd edim ki, üzdən oxunandır.

Bir cəhəti də vurğulayım ki, müəllifin özü də buna cəhd etmir, oxucunun duyduğu və fəhm etdiyi şeyləri pərdələməyə, mürəkkəb bir konstruksiya daxilində azdırmağa çalışmır, başqa bir yol tutur.

Mətləbin kompozisiya həllində müəllifin tutduğu yol dünya nəsr praktikasında çox məlum bir vasitədir, əvvəldən baxanda sonu görünən bir nəsnəni koleydoskopun içinə atmaq, istədiyi, yaxud gücü çatdığı dərəcədə onu cilvələndirmək, həmin o əvvəlcədən bilinən, adi gözlə oxunan nəsnəni keçmişin xatirələri ilə süsləndirmək, və beləliklə əsas mətləbi – 100 il inqilab məsələsini kontekstə gətirmək. 100 il, 1000 il inqilab etdin, dövlət qurdunmu, demək, hər şeyin bəraəti var, tökülən qanlar da əbəs axmayıb deməli. Bunu dünya xalqlarının və dövlətlərinin tarixi də sübut eləyir. Dövlət qurmadınmı, demək, heç nəyin bəraəti yoxdu, hər şeyin günahkarı və baisi elə sən özünsən. Bu mətndə inqilab və onun millətin taleyində oynadığı mənhus.... rol haqqında bizim hamımıza məlum olan fikirlər uşaqlıq xatirələri, tanıdığı insanların taleyindən alınan qeyri-adi faktlar əsasında nəql edilir.

Müəllifin qurduğu “təhkiyə kaleydoskopu ” içindəki hadisələr, xatirələr, ayrı-ayrı insan talelərindən alınan faktlar nə pis ki, inqilab haqqında bu məlum fikir və ideyaların bəraəti üçün işlədilir. Burda başqa bir yön də ola bilərdi.

Bu xətt, təhkiyə prosesində məhz insan taleyinin, dolayası ilə elə milli kimlik probleminin daha dərindən qavranılmasına yardımçı ola bilərdi.

Bir şəxsin taleyi çərçivəsində milli azadlıq mücadiləsinin bütün faciəsini göz önündə canlandırmaq üçün müəllif daim indidən keçmişə və əksinə qayıtmalı olur.

Göründüyü kimi, müəllifin mətni qurmaq baxımından mövqeyi maraqlıdır, bizim ümumi nəsr təcrübəsində çox az işlənən bir üsulun əyaniləşməsinə hesablanıb və belə olduğu üçün roman mətninin maksimum dərəcədə sıxlaşıb ixtisar edilməsinə gətirib çıxarıb.

Həcmcə kiçik, miniatür roman modeli son dövrlərin dünya nəsr təcrübəsində ən çox işlədilən vasitədir və bunun Avropa və rus nəsrində çox maraqlı nümunələri mövcuddur.

Elə bu portalda müzakirə edilən “Şəhər meri” romanı da bu qəbildəndir, poetik tutumu, mətləbin bədii həlli baxımından müasir roman texnikasının ən uğurlu mənimsənilməsinə nümunə ola bilər. “100 il inqilab” romanında hadisələr cərgəsi ixtiyari şəkildə kəsilir, onların içində ola bilsin ki, hamının bildiyi və unutduğu hadisə fraqmentləri dövriyyəyə daxil edilir.

Qurulan mexanizmdə maraqlı cəhətlərdən biri də budur ki, bu “xaotik”, qarmaqarışıq olaylar süjet məkanına daxil edilir və müəllif bunların arasında hansısa səbəb-nəticə əlaqələrinin qurulmasına diqqət yetirmir. İxtiyari şəkildə seçilən olaylar zənciri özləri arxa plan yaradır, fraqmentlər və kəsiklər boyu bu yuvaya yığılan informasiya müəyyən münasibətlər şəbəkəsi yaradır - əsas ideyanın, mətn kontekstində yanıb-sönən
Sayman Aruz
Sayman Aruz
şarələrin aydınlaşmasına yardımçı olmaq funksiyasını yerinə yetirir.

100 il inqilab edib ona görə bir nəticəyə gəlinməyib ki, heç nədən nəticə çıxarmamışıq, milli kimliyi qulaq ardına vurmuşuq... Bu “nəticələrin” sırasını artırmaq və ya əksinə sıxlaşdırmaq mümkündür.

Əsərdə bu variantların heç birinə qarşı aqressiv münasibət yoxdur. İnsanın taleyi uşaq oyunları, uşaqlar arasında təmiz, gizli və aydın münasibətlər, söhbətlər fonunda şərh edilir, onun və mənsub olduğu millətin faciəsi sərhəd şəhərinin coğrafi, siyasi, ictimai .... vəziyyəti ilə paralel şəkildə təsvirə gətirilir.

Bütün bu dediklərim əsər mətninin formal strukturu əsasında aparılan təhlillər sonucunda məlum olur.

Hər bir nəsr əsərində ən maraqlı, diqqətə layiq, fikir yürütmək üçün istinadgah seçilə bilən tərəf onun formasıdır, mətnin, süjet və kompozisiyanın qurulma cəhətləridir.

Bu mətndə bu kimi maraqlı nüanslar romanı oxucu üçün maraqlı edən cəhətlərdir.

Tənqidə keçməzdən qabaq bir mühüm cəhəti də vurğulayım ki, bu tipli romanlar geniş, bəzi münəqqidlərin lazım bildiyi kimi, uzun şərhlər tələb etmir.

Hər şey qısa və lakonik olmalıdır. Hər şeyin məlum olduğu bir ortamda həqiqət (bədii həqiqət-!) qəfil peyda olmalıdır.

Bu modeldə hifz edilən poetikanın, üslubun əsas keyfiyyəti, fikrimizcə bu nöqtədə düyümlənib. Ancaq ilk baxışdan asan görünən modelin mükəmməl həlli heç də asan deyildir.

Fikrimizcə, müəllif bu problemin çözülməsində qarşıya qoyduğu vəzifələrin bir qismini həll etsə də, ümumən roman zəif alınmışdır.

Bədii cəhətdən. Bu sözü (“bədii cəhətdən”) işlədərkən biz mətndəki patetik cümlələri, işıqlı, qanadlı təsvirləri və bir qayda olaraq işlədilən “sənətkarlıq məsələlərini” nəzərdə tutmuruq.

Müəllif nə qədər cəhd etsə də, bu mətndə geriyə qayıdış – retroskopiya daha çox texniki vasitə kimi yadda qalır, yəni ani keçid özü ilə çox az şey gətirir, bu irəli-geri hərəkətlərin kəsişdiyi nöqtə demək olar ki, heç nə anlatmır.

Sadəcə müəyyən assosiasiyalar doğurur, müəyyən işarələrlə yadda qalır. Bütün bunlar məlum həqiqətin qaranlıq tərəflərini elə bir baxış bucağından göstərir ki, nəticədə roman adi nağıla çevrilir.

Bütün aspektləri, məlum kompozisiyası və mətləbi ilə birlikdə. Əgər uğurlu həll variantı tapılsaydı, uşağın dilindən söylənilən həqiqətlər, deyək ki, Sulduz şəhərinə edilən hücumlar nəticəsində insanların başına gələn faciələr tam fərqli kontekstdən oxuna bilərdi.

Fikrimizcə, məhz buna görə, mətn “bir hüceyrəli varlıq” təsiri bağışlayır, ən müxtəlif baxış bucağı və rakursdan oxunma potensialını qazanmamış itirir.
XS
SM
MD
LG