Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:24

NATO Azərbaycanın enerji infrastrukturunu qoruyacağını vəd edir


NATO
NATO
-
Enerji təhlükəsizliyi NATO siyasətinin üstün istiqamətinə, Azərbaycan da bu sahədə Alyansın mühüm tərəfdaşlarından birinə çevrilir.

Bu fikir Bakıda keçirilən «Xəzər hövzəsində enerji təhlükəsizliyinin təmini və mühüm enerji infrastrukturlarının mühafizəsində NATO-nun rolu» mövzusundakı beynəlxalq konfransda səsləndi.

ENERJİ TƏHLÜKƏSİZLİYİNİN ƏMƏKDAŞLIQDA ROLU

Azərbaycanın NATO yanındakı nümayəndəliyinin rəhbəri Xəzər İbrahim konfransa video-körpü ilə qoşularaq, enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın Avroatlantik məkanla bütünləşmə elementi sayıldığını bildirib.

Xəzər İbrahim NATO-nun 8 tərəfdaş ölkəsi sırasına daxil edilən Azərbaycanın Əfqanıstanla bağlı layihələrə qatılacağını da söyləyib.

NATO-nun Qafqaz üzrə məsul nümayəndəsi William Lahue bildirdi ki, Xəzər regionunda infrastrukturun təhlükəsizliyinin təminatı NATO üzvlərinin və tərəfdaşlarının marağındadır:

«Alyans stabil enerji daşınmaları üçün infrastrukturun qorunmasında öz müttəfiqlərinə və tərəfdaşlarına yardım göstərməkdə
William Lahue
William Lahue
maraqlıdır».

SÜLH, SABİTLİK, DEMOKRATİYA AMİLİ

«Azərbaycanın gələcəyi Avropa ilə bağlıdır» deyən William Lahue NATO-nun rolunun enerji təhlükəsizliyi ilə məhdudlaşmadığını vurğuladı:

«Enerji təhlükəsizliyi sülhdən asılıdır. Sülh və stabillik də Azərbaycan üçün, digər region üçün gələcək çiçəklənməni təmin edəcək amildir. NATO aramsız paylaşılan dəyərlərin təmin olunması üçün dialoq aparır. İstər demokratiya, istər insan hüquqları və hüququn üstünlüyü sülh və stabillik üçün mühüm rol oynayır».

TƏHLÜKƏSİZLİK OLMADAN...

Milli Məclisin Beynəlxalq münasibətlər komitəsinin rəhbəri Səməd Seyidov Azərbaycanın təhlükəsizliyinin təminatında və Ermənistanın təcavüzünün aradan qaldırılmasında NATO-nun müsbət roluna ümid etdiyini dilə gətirdi:
Səməd Seyidov
Səməd Seyidov

«NATO təkcə hərbi təşkilat deyil. NATO elə bir təşkilatdır ki, demokratiya, insan haqları, hüququn aliliyi, stabillik və təhlükəsizlik üçün mübarizə aparır... Bəzən görürük ki, digər Avropa təşkilatları təhlükəsizliyin nə olduğunu başa düşmürlər. Təhlükəsizlik olmadan real demokratiya qurmaq qeyri-mümkündür».

Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov Norveç, Rusiya və Şimali Afrika ilə yanaşı, Xəzər regionunun da Avropa üçün danılmaz enerji resursları mənbəyinə çevrildiyini xatırlatdı. O, Türkiyə ilə Trans-Anadolu sazişini imzalamaqla Avropaya qaz-nəqliyyat infrastrukturunun yaradılmasında məhz Azərbaycanın ilk addım atdığını söylədi. F.Məmmədov Avropa bazarına axıdılacaq qazın sonrakı istiqamətlərinin 6-12 ay içində həllini tapacağını bildirdi.

«TƏHLÜKƏ ERMƏNİSTANDAN GƏLİR»


Prezident Administrasiyasının məsul işçisi Tahir Süleymanov ölkənin enerji infrastrukturuna ciddi xarici təhlükələrdən söz açdı:

«Əsas təhlükə Azərbaycan ərazilərini işğal edən Ermənistandan gəlir. Ermənistan tərəfi dəfələrlə Azərbaycanın enerji resurslarına, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa neft kəmərində müxtəlif təxribatlar törətməyə can atıb. Ona görə öz strateji müttəfiqlərimizdən bu problemin həllinə yaxından kömək göstərmələrini umuruq».
XS
SM
MD
LG