Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:07

Şəmkirdə siçovulların «at oynatdığı» doğum evi


-
Şəmkir rayon xəstəxanasının doğum şöbəsinə girəndə nə xələt geyməyi, nə də ayaqlıq taxıb körpələri infeksiyadan qorumağı tövsiyə edən var. Gənc anaların otaqlarına onlarca ziyarətçilər girib, çıxır. Doğum şöbəsini yaxınlığındakı ayaqyolunun qoxusu bürüyüb. Diqqətimi çəkən ən vacib məsələ isə, yeni doğulmuş uşaqların uşaq şöbəsində yox, analarının yatağında olması idi. Yeni övlad sahibi olmuş analar əvvəl danışmaq istəməsələr də sonradan çəkinə-çəkinə də olsa körpələrini yanlarında saxlamalarına izahat verdilər. 2 gündür ki, ana olmuş Vüsalə deyir ki, uşağını dəhlizdə gəzişən böyük siçovulların yeməsindən ehtiyyatlanır:

«BİR KÖRPƏNİN BURNUNU SİÇOVUL YEYİB»

2 gündür ki, ana olmuş Vüsalə
2 gündür ki, ana olmuş Vüsalə
«Uşağı gətirib yanımızda saxlayırıq. Axşam vaxtı idi, dəhlizdə gedirdim, gördüm otaqdan siçovul çıxdı o biri otağa girdi. Ondan da aşağıda uşaq otağıdır. Narahat oldum. Gətirdim uşağı yanımda saxladım».

- İndi uşağı yanınızda saxlayırsız ?

- Hə yanımda saxlayıram. Qorxuram.

Binanın döşəməsində müxtəlif yerlərdə iri dəliklər var. Xəstələr deyir ki, həmin yerlər siçovulların yuvasıdır. Deyirlər ki, yeni doğulmuş müdafiəsiz uşaqların otağı isə siçovulların hədəf yeridir. Belə ki, ötən ay bir körpənin burnunu siçovul yeyib. Son anda tibb bacısı uşağı ölümdən xilas edib. Mikrofona danışmaq istəməsə də uşağın atası deyir ki, qızının burnunu böyüyən zaman əməliyyat etdirməyi düşünürlər.

«DOĞUŞ, AŞAĞISI 120 MANATDIR»

Xəstəxananın doğum şöbəsində yatan xəstələrin isə başqa şikayətləri də var idi. Danışırdılar ki, həkim vaxtı vaxtında gəlib nəzarət etmir. Tibb bacıları pulu olmayana ağrıkəsici iynəsi belə vurmur. Giley edirlər ki, belə şəraitsizlikdə gərək xəstələrin cibini bu qədər soymasınlar:

««Gəlib deyirlər ki, şikayətiniz, ağrınız varmı?», deyirəm hə, var. Deyir 1 manatın varmı gətirim iynə vurum. İstəyirsən burda yıxıl öl, vurmurlar, pul verməsən. Aşağısı 120 manatdır doğuş. Yalvara-yalvara 120 manat verdik. Eləsindən 150 manat alırlar».

Başqa bir ana:

«Şərait göz qabağındadır. Çox vaxtı həkimin bizdən xəbəri olmur».

Maral Mirzəyeva
Maral Mirzəyeva
Doğum evinin şöbə müdiri Maral Mirzəyeva isə suallarımıza cavab verməkdən imtina etdi. Üstəlik təhqiredici ifadələr işlədib xəstəxananı tərk etməyimizi tələb etdi. Binada çəkiliş etməyə mane oldu. Lakin Şəmkir rayon mərkəzi xəstəxananın baş həkiminin ana və uşaqlara göstərilən xidmət üzrə müavini Ayaz İbrahimov suallarımıza cavab verdi.

Xəstələrdən fərqli olaraq Ayaz İbrahimov dedi ki, xəstəxanada hər il cari təmir işləri aparılır və doğum evində antisanitar vəziyyətdən söz gedə bilməz:

«AVROPA STANDARTLARINA UYĞUN OLMASA DA...»

«Şəmkir rayon doğum evi Avropa standartlarına uyğun olmasa da bizim tələbimizi ödəyir. 21 nəfər doğum evində ginekoloq həkim çalışır. Bizim şöbəmizdə 9 nəfər neontoloq həkim çalışır. Orda antisanitariyadan söhbət gedə bilməz. Elə hallar yoxdur, ola da bilməz».

Ancaq doğum evinin vanna otağına baxmaq kifayət edir ki, buradakı vəziyyəti tam mənası ilə dərk edəsən.

Doğum evinin vanna otağı
Doğum evinin vanna otağı
Hər halda Ayaz İbrahimov deyir ki, rayonda yeni doğum evinin tikintisi gözlənilir. Onun deməsinə görə, 2013-cü ildə tikiləcək yeni bina 3 mərtəbəli və 60 çarpayılıq olacaq.

Uzaqdan heç sağlamlıq ocağına bənzəməyən köhnə binada üstəlik çoxlu sayda şöbələr fəaliyyət göstərir. Bu binada həm doğum evi, həm yoluxucu xəstəliklər, həm də uşaq xəstəxanası yerləşdirilib.

Ayaz İbrahimov deyir ki, mərhələli şəkildə digər xəstəxanalar üçün də yeni binalar tikiləcək. O ki, qaldı rüşvətlə bağlı deyilənlərə, Baş həkiminin müavini bu iddiaları da təkzib edir.

Müəssisələrin gigiyenik və sanitar vəziyyətinə nəzarət edən Şəmkir şəhər Gigiyena və Epidemiologiya Mərkəzi ilə əlaqə saxlamağa çalışsaq da iş günü olsa da idarədən heç kim telefon zənglərinə cavab vermədi.

Siçovulların məskəninə çevrilən bu səhiyyə ocağında hər gün onlarla körpə dünyaya göz açır. Həmin körpələr ölkənin gələcəyi olmalıdırlar.
XS
SM
MD
LG