Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:28

Dəyanət Babayev Nəsimi rayon polis idarəsində saxlanılır


AXCP fəalı Dəyanət Babayev aksiyada saxlanılarkən (Arxiv foto)
AXCP fəalı Dəyanət Babayev aksiyada saxlanılarkən (Arxiv foto)
-
AXCP fəalı Dəyanət Babayev Nəsimi rayon polis idarəsində saxlanılır. O, Cinayət Məcəlləsinin 221.2.1 maddəsi ilə xuliqanlıqla bağlı cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılır.
Bu haqda AzadlıqRadiosuna vəkil Əsabəli Mustafayev məlumat verib.
Vəkil deyib ki, Dəyanət Babayevin yaxınları ilə noyabrın 25-də müqavilə bağlayıb. Noyabrın 26-da onunla görüşəcək.
Dəyanət Babayev noyabrın 17-də müxalifətin etiraz aksiyasında iştiraka görə 7 günlük inzibati həbs cəzası bitdikdən sonra azad edilməyib. O, təkrarən, bu dəfə artıq xuliqanlıqla bağlı cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bu məlumatı təsdiq ediblər.
DİN-in məlumatına görə, Dəyanət Babayev noyabrın 7-də axşam Musa Rəhimovla birlikdə Nizami küçəsində Tofiq Səlimov adlı bir vətəndaşı təhqir edib. Ona yüngül bədən xəsarətləri yetiriblər. Faktla bağlı CM-in 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
AXCP ittihamı qəbul etmir.
AXCP mətbuat xidmətinin rəhbəri Natiq Adilovun sözlərinə görə, Tofiq Səlimov özünü DİN əməkdaşı kimi təqdim edib. Fəallara polis şöbəsinə gəlməyi təklif edib. Dəyanət Babayevlə Musa Rəhimov ondan vəsiqəsini göstərməyi tələb etdikdə o, qaçmağa başlayıb. Bu zaman gənclər yaxınlıqdakı polis əməkdaşına məlumat veriblər. Ancaq polis onların özlərini saxlayıb. Ancaq həmin vaxt gənclərdən izahat alaraq, onları sərbəst buraxıblar.
AXCP Dəyanət Babayevin saxlanılmasını "əhalinin və gənclər hərəkatının siyasi fəallığının boğulmasına" yönəlmiş addım kimi qiymətləndirir.
Dəyanət Babayevin təqsiri sübuta yetirilsə, onu 2 ilə qədər islah işləri və ya 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

AXCP BƏYANAT YAYIB

«Dəyanət Babayevin həbsi ölkədə artan siyasi fəallığı və gənclər hərəkatını səngitməyə yönəlib».

Üzvünün yenidən saxlanması ilə əlaqədar AXCP-nin noyabrın 24-də yaydığı bəyanatda belə deyilir:

«Siyasi opponentlərə qarşı bu sayaq davranış demokratiya uğurunda başlanan ardıcıl və prinsipial mübarizəni önləyə bilməyəcək. Bu ədalətsiz həbs mübarizə insanlarını daha da mətinləşdirəcək».

Partiya gənc fəala açılan cinayət işini dərhal bağlamağa və onu azad etməyə çağırır.

CİNAYƏT İŞİ QALDIRILIB

7 sutkalıq həbs müddəti noyabrın 24-də bitən AXCP üzvü Dəyanət Babayev şübhəli şəxs qismində təcridxanadan birbaşa polisə aparılıb.

Bu barədə AzadlıqRadiosuna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə məlumat verib.

O.Mansurzadə deyir ki, Dəyanət Babayev noyabrın 7-də Nizami küçəsində baş verən hadisə ilə əlaqədar saxlanıb:

«Həmin gün gecə 23:30 radələrində Musa Rahim və Dəyanət Babayev ictimai asayişi kobud şəkildə pozan hərəkətlərə yol veriblər. Dəyanət Babayev və Musa Rahim sərxoş halda şəhər sakini Tofiq Səlimovu təhqir edib, sonra ona yüngül dərəcəli bədən xəsarətləri yetiriblər. Fakt üzrə Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi qaldırılıb. İstintaq gedir».

Bu maddə 2 ilədək müddətə islah işləri və ya 5 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

17 NOYABR AKSİYASINDA TUTULAN DƏYANƏT BABAYEV HARADADIR?

7 sutkalıq həbs müddəti noyabrın 24-də bitən AXCP üzvü Dəyanət Babayevin hara aparıldığı bəlli deyil.

Bu haqda AzadlıqRadiosuna AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov xəbər verib:

«Biz xəbər aldıq ki, Dəyanət Babayevi Binəqədidəki müvəqqəti saxlanma təcridxanasından çıxarıblar və cinayət işi açılması üçün Nəsimi rayonu 22-ci polis bölməsinə aparıblar. Ora zəng etdik, amma dedilər burda yoxdur. İdarəyə zəng etdik, orda da olmadığını bildirdilər. İndi bilmirik haradadır? O, bu gün azadlığa çıxmalı idi».

Natiq Adilov
Natiq Adilov
Daxili İşlər Nazirliyindən AzadlıqRadiosuna məsələni araşdırdıqlarını və AXCP üzvünün yeri barədə yaxın saatlarda məlumat veriləcəyini deyiblər.

Natiq Ədilov ehtimal edir ki, Dəyanət Babayevə qarşı noyabrın 7-də Bakının Nizami küçəsində baş verən bir hadisə ilə əlaqəli cinayət işi açıla bilər.

Noyabrın 7-si axşam saatlarında AXCP üzvləri Musa Rahim, Elvin Baycan və Dəyanət Babayev saxlanaraq Nəsimi polisinin 22-ci bölməsinə aparılmışdılar. İzahatları alınandan sonra onlar sərbəst buraxılmışdılar.

O vaxt AXCP üzvlərinin şəhər sakini Tofiq Səlimovu döydükləri üçün saxlandıqları bildirilirdi.

AXCP üzvləri isə nazirliyin məlumatını təkzib edirdilər. Deyirdilər ki, həmin şəxs özünü nazirlik əməkdaşı kimi təqdim edib onları bölməyə aparmaq istəyib. Sənəd tələb edəndə, o, qaçıb, təqib etsələr də, onu tuta bilməyiblər.

Sonradan noyabrın 17-də Fəvvarələr Meydanında razılaşdırılmamış aksiya zamanı saxlanan Dəyanət Babayev barəsində məhkəmə 7 sutka həbs qərarı çıxarmışdı.
XS
SM
MD
LG