Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:20

Əyyub Qiyas "Sonuncu büt" (Romandan parça)


Əyyub Qiyas
Əyyub Qiyas
-


ƏYYUB QİYAS


SONUNCU BÜT


(romandan bir parçanı təqdim edirik)



Əzizlərim Elvüsala, Qiyasa, Orxana və Elbrusa ithaf edirəm


«…bircə qağayılar yuvasız olur,
Bir də qağayısifətli insanlar.
Bəlkə də …
Bəlkə də elə ondan ötəridir ki,
Qağayılar da xoşbəx olur,
Qağayısifət insanlar da…»




Dəniz ağzını açıb udmağa adam axtarırdı. Qocalar deyirdi ki, dəniz əjdahaya dönüb hamını udacaq…
Televizorda da göstərmişdilər ki, hansısa vilayətdə dəniz doğrudan da əjdahaya dönüb adamları udub…
Qəzetlərdə yazırdılar ki, kosmosdan çəkilən şəkillərdə dənizin adamları udduğu anda suyun üzündə dalğalar «ALLAH» sözü yazıblarmış…
Sonra da bütün qəzetlər bu şəkilləri çap edib adamların ixtiyarına buraxmışdı.
Sonra da dəniz yenidən quzuya dönyb susmuşdu, dalğalar aram-aram yırğalanmağa davam eləmişdi… Elə bil ki, bu həmən dəniz deyilmiş.
Adamlar deyirdilər ki, Allah istəsə dəhizi hər an əjdahaya döndərə bilər…

***

Köhnə qəbiristanlığın köhnə kişilərindən olan qoca gorqazan yenə əlindəki külünglə gilli torpağı dəlib gor qazırdı. Qoca buralarda, bu cansız başdaşlarının arasında olan yeganə canlı nümayəndə idi. Qoca gorqazan arabir qəbiristanlığın təpəsinə baxıb köks ötürürdü. Kişi orada özü üçün xudmani bir yer seçmişdi, ancaq elə bil ürəyi narahat idi o yerdən yana, elə bil kimsə o yeri onun əlindən alacaqdı…
Qoca bu qorxunu yaşadıqca tez ölmək istəyirdi, amma ölümünü düşünəndə alnının tərini silərək səmaya baxırdı. Belə vaxtlarda qoca sanki başının üstündə üçan saysız-hesabsız ruhları görürdü, yaşamaq istəyirdi… Ölməkdən qorxurdu…

***

İyirmi səkkiz il Bakının və köhnə ittifaqın müxtəlif həbsxanalarında olandan sonra Məmmədağa ilk dəfə idi ki, taksiyə minmişdi və dəyişib tamam başqalaşan şəhərin küçələrini keçərək bir vaxtlar yaşadığı məhəlləyə tələsirdi…
Həbsxanadan çıxıb evə getməyə ürək eləmədi Məmmədağa. İyirmi səkkiz ili bağlı qapılar arxasında keçirib bir anın içində azadlığa qovuşmaq, üç-dörd qapını keçib divarlarsız bir dünyaya çatmaq yuxu kimi gəlirdi ona, ona görə də bu yuxudan oyanmaq üçün dəyişən, başqalaşan dünyanın üstündə bir az gəzmək istəyirdi Məmmədağa.

***
Rüfət dənizkənarı parkdan çıxıb asta-asta evə sarı gedirdi, nə üçünsə köhnə qəbiristanlığın yanından keçəndə dayandı, boy-boya verən qəbirlərə baxdı, sonra gözünün ucu ilə qoca gorqazanı axtardı, uzaqda qaraltısı görsənən kişinin hərəkətlərindən tanıdı onu. Alnını qəbiristanlığın məhəccərli hasarına dirəyib dəmirin soyuğunu alnına çəkdi və uzaqlarda əyilib-duran ( məlum məsələ idi ki, gorqazana), torpağı yumşaldan kişiyə tamaşa elədi, ürəyində gorqazan olmağı arzuladı, gorqazana paxıllığı tutdu…


MƏMMƏDAĞANIN TÜRMƏDƏN QAYITMAĞI
və SÜPÜRGƏÇİ QIZBACININ HƏLƏ
DƏ SAĞ QALMAĞI

Köhnə daş binanın tinində üz-üzə gəldilər, bir anlıq ayaq saxlayıb bir-birlərinə baxdılar, başları ilə salamlaşdılar, sonra bir-iki addım birlikdə atdılar, tini burulub həyətə döndülər, Rüfət bir söz demədən alaqapıdan içəri girdi, Məmmədağa isə qapının ağzında ayaq saxlayıb siqaret alışdırdı və onunla qarşılaşan adamın kimliyini xatırlamağa çalışdı. Tanışdan tanış sifətin sahibi hər kim idisə onunla bağlı Məmmədağanın yaddaş kitabında nəsə olmalıydı, amma nə?
Səhərin alatoranında gözləri ilk iyirmi səkkiz il öncə qoyub getdiyi quş damını axtardı. Quş damı yox idi, illərin ixtisarına düşmüşdü və onun bir vaxtlar durduğu yerdə indi son vaxtların dəbi ilə tikilən, şüşələri güzgü kimi işıldayan «SUPER MARKET» dururdu. Məmmədağa da təzə tikiliyə (baxmayaraq ki, mağazanı iki ildən çox idi işlədirdilər) müştəri gözü ilə baxandan sonra ağlından keçən ilk fikir bu oldu ki, nə ola, Allahın altında adamın bu boyda bir quş damı ola və dünyanın ən bərkgedən quşlarını da yığalar bu quş damına. Nə isə…
Məhəllə o məhəllə deyildi, ağacları da, skamyaları da, yelləncəkləri də dəyişmişdi məhəllənin və Məmmədağa üçün ötən illərin xatirəsindən qopa biləcək bircə detal da qalmamışdı, təkcə bayaq onunla rastlaşan adamdan savayı.
Məmmədağa bir vaxtlar böyüdüyü məhəlləyə qərib-qərib baxırdı və baxışlarının seyr etmə dərəcəsi böyüdükcə onun dərdi də böyüyürdü. Onların uşaqlıqda futbol oynadıqları meydançanı da indi hasara alıb maşınlar üçün dayanacaq eləmişdilər və yəqin ki, bu məhəllənin uşaqları daha futbol da oynamırdılar. Həyətdəki «TİR»in yerində isə tərəvəz köşkü qoyulmuşdu. Bir sözlə, Məmmədağanın böyüyüb boya-başa çatdığı həyət köhnə libasını dəyişib təzə dona girmişdi və nədənsə Məmmədağaya elə gəldi ki, bu təzəliyin, bu müasirliyin arxasında bir məkr, bir qara niyyət durur, yoxsa keçmişi birdəfəlik yaddaşlardan silmək, bir nişanə belə saxlamamaq boş yerə olmazdı.
Gözləri ilə məhəlləni gəzməkdə davam elədi və birdən köhnə kinoteatrın yerindəki şadlıq sarayının həyətini süpürən qarını görəndə əməllicə sevindi. Qarını tanımışdı, alatoranda qarının siluetini görmüşdü və bu siluetin əvəzsiz elementi sayıla biləcək uzunburun qarının illərdən bəri qoruyub saxlaya bildiyi tarixi pasport da sayıla bilərdi. Hamı bu süpürgəçi qarını hələ o vaxtlardan «Qarğaburun Qızbacı» deyə çağırardı və Məmmədağa qarıya diqqətlə baxanda gördü ki, illər bu qadının nəinki burnunu, elə özünü də qarğaya oxşadıb . Qarının əyninə keçirdiyi nimdaş, qara fəhlə xalatı da qara qarğanın rəng simvolu sayıla bilərdi.
Bəli, bu Qızbacı qarı idi, o Qızbacı ki, hər səhər iş gününü söyüşlə açar, işinin sonunu da söyüşlə tamamlayardı.
Məmmədağa fikirləşəndə birdən çaşıb qaldı, ona elə gəldi ki, Qızbacı iyirmi səkkiz ildir elə oradaca durub, heykəlləşib, bütləşib. Və tale onu Məmmədağanın xatirələrdə qalan yaddaşı üçün qoruyub saxlayıb. Əgər Qızbacı tərpənməsəydi, bir yerdən başqa yerə keçməsəydi Məmmədağa elə də düşünəcəkdi. Sanki Qızbacı illərdən bəri bir yeri, bir nöqtəni süpürməyə çalışırdı, amma süpürmək istədiyini süpürüb qurtara bilmirdi.
Hiss elədi ki, Qızbacını gördüyü üçün, onun sağ-salamat qaldığı üçün uşaq kimi sevinir.
Məmmədağa çəkib qurtardığı siqareti yerə tulladı və tez də yenidən gözləri ilə Qızbacını axtardı. Asta addımlarla qarıya tərəf getdi, bir-iki addım aralıda durub bir də yaddaşını dəqiqləşdirməkdən ötəri qarıya baxdı, o idi.
- Sabahuz xeyir…
Qızbacı başını qaldırmadan, işini saxlamadan dilləndi:
- Abatuz xeyir, beşi də üstündə…
- Sağ ol…- Bunu Məmmədağa pıçıltı ilə dedi, ancaq Qızbacı eşitdi bu pıçıltıları. İşinə ara verdi, süpürgəsinin dəstəyinə söykənib Məmmədağanı ayaqdan başacan süzdü.
- Təzə « upravdom » sənsən?
Məmmədağa gülümsəyib geriyə, bir vaxtlar qoyub saxladığı quş damının yerində tikilən, şüşələri güzgü kimi parıldayan mağazaya sarı boylandı. Günəş binaların arxasından bir boy da qalxmışdı. Məmmədağa gözlərini qıyıb bir xeyli sakit dayandı, sonra nə fikirləşdisə yenidən çevrilib Qızbacı ilə üz-üzə durdu, qarının əlindəki süpürgənin dəstəyinə baxıb gülə-gülə oxudu:


«Ay Qızbacı, Qızbacı!
Dili zəhər, özü acı!»

Qızbacı nə təhər çaşıb qaldısa, az qala söykəndiyi süpürgənin dəstəyi əlindən çıxsın, qarı səndələdi, özünü yıxılmaqdan birtəhər saxladı. Qıyıq gözlərini bir az da qıydı, Məmmədağanı bir də süzdü. Qarının xatirələri alt-üst olmuşdu və bu anlarda sanki bir nataraz traktor qarının beyninin içini haray-həşir sala-sala şumlayırdı. O mahnını ki, Məmmədağa oxumuşdu, həmən mahnının son sədaları azından iyirmi-iyirmi beş ilin o biri üzündə qalmışdı və səhərin alatoranında Məmmədağa bu mahnını oxuyanda birdən-birə Qızbacıya elə gəlmişdi ki, kimsə onun qolundan yapışıb atmışdı o haylı-küylü illərə.
- Kimsən, ay oğul? Kimlərdənsən?
- Məhlə uşağıyam, Qızbacı xala, buralarda böyümüşəm.
- Məhlə uşağı… Sənin dediyin o məhlə uşaqları böyüdülər, yekə-yekə kişilər oldular, ancaq onlardan olanlar onlara oxşamadı, heç oxşamadı…
Qızbacı danışığına ara verib Məmmədağanın küləkdənmi, kövrəlməyindənmi yaşarmış gözlərinə baxdı, özü də kövrəldi, sonra xalatının cibindən balaca bir əl yaylığı çıxarıb gözlərinin yaşını sildi.
- Suyun şirin gəlir mənə… De görüm kimsən axı? Adın nədir, kimin oğlusan?
- Məmmədağadır adım… Rəhmətlik tramvaysürən Musa kişinin oğluyam.
Qızbacı bircə anın içində əlindəki süpürgəni yerə atıb Məmmədağanın üstünə cumdu, onu doğmalıqla qucaqladı, yaşarmış gözlərini çıyni ilə silib: -A bala, deyirəm axı, suyun mənə şirin gəlir,- dedi, - xoş gəlmisən, həmişə evində, eşiyində. - Sonra nə oldusa arvad Məmmədağanı buraxıb əllərini göyə doğru qaldırdı, uca səslə: - Şükür sənə Xudavəndə, səni tanımyana lənət! -deyə, haray çəkdi. Sonra da çevrilib üzü Məmmədağagilin eyvanlarına sarı dayandı və yenə də uca səslə dilləndi:
- Gözlərin aydın, ay Zibeydə! Balon sağ-səlamet türmedən qeyitdi!
Sonra isə adi şeylər baş verdi. Qonşular – köhnələr borc bilib, təzələr isə maraq xatirinə- bir-bir Zibeydə arvadın evinə axışıb gəldilər, ona gözaydınlığı verdilər, bir stəkan çayını içib cibinə beşdən-üçdən basıb dağılışdılar. Evə gələnlərin arasında Məmmədağa ən çox səhər tezdən rastlaşdığı adamı axtardı, ancaq görə bilmədi. Və beləcə azadlıqdakı ilk axşamı qarşıladı, hamı dağılışıb getdi və anası ilə tək qaldı Məmmədağa. Zibeydə arvad bu iyirmi səkkiz ildə oğlunu cəmi on bir dəfə görmüşdü. Sonuncu dəfə isə bu görüş il yarım əvvəl, Məmmədağa həbsxanaların «Böyük Şor»dakı tibb müəssisəsində olanda baş tutmuşdu. Onda Məmmədağa sarılıq keçirmişdi və Zibeydə arvada xəbəri qonşulardan biri həbsdə olan oğluna baş çəkib qayıdanda vermişdi.
Məmmədağa azadlığının ilk axşamında evlərindəki sakitliyi qucaqlayıb özü üçün ayırd etmək istəyirdi ki, azadlıqla həbsxanın fərqi nədir? Bu suala dürrüst cavab tapa bilmirdi. Ancaq Məmmədağa onu dəqiq bilirdi ki, ömrü boyu azadlıqda olub özünü həbsdəki kimi də hiss etmək mümkündür, həbsdə ola-ola azad da olmaq olur. Bütün bunlar şəraitə görə nisbidir və Məmmədağa özünün filosofluğundan ləzzət alıb qaranlıq şəhərə baxmaqdan ötəri eyvana çıxdı.
Məmmədağa hiss eləyirdi ki, o azadlıqdan hələ ki, ləzzət ala bilmir. İyirmi səkkiz ilin ağrıları, əzabları, həsrət, xəyallar, uzun gecələr və birdən-birə heç bir məna kəsb etməyən azadlıq. İyirmi səkkiz ilin məhbəsində müxtəlif insanları görən, onlarla dil tapan, dəli olmasın deyin özü üçün min bir yaşayış forması kəşf edən o olubsa bu azadlıq adlanan həyatda da özünə məşğuliyyət tapacaqdı. Bu mütləq idi!
Məmmədağa qollarını başının altında çarpazlayıb uzanmışdı, anası ona müxtəlif söhbətlər edirdi, ötən illərdə baş verənlərdən danışırdı, ölənlər, qalanlar haqqında məlumat verirdi. Məmmədağa arvada heç nə deməsə də arvad dəqiq bilirdi ki, Məmmədağa yatıb eləməyib, onu eşidir, sadəcə cavab vermir, fikirləşir. İyirmi səkkiz il… Zarafat deyildi bu rəqəm… Bunu Zibeydə arvad da yaxşı bilirdi.
Arvad köhnə qonşuların çoxusunun dağılışıb hərənin bir tərəfə getmələrindən, təzə qonşuların məhəllədə at oynatmalarından, ermənilərlə gedən müharibədən, rayonlardan gələnlərin soyuqqanlılığından danışıb qurtardı, sonra da, lap axırda Məmmədağanın bıçaqladığı -qonşuluqdakı Səkinə arvadın tək bir oğlundan- Rüfətdən danışmağa başladı.
-Çox ağıllı oğlın idi, hamı başına and içirdi, ancaq gəl evlənən kimi, dəyişdi. Anasını aparıb qoydu «qocalar evi»nə, arvadın qırxı təzə çıxıb, xəstələnmişdi yazıq Səkinə, arabir gedib ona baş çəkirdim,o öləndin sonra daha bu dünyada mənim də dünyam boşaldı. Rüfətə də bilmədim cadu elədilər, yeməyinə nə qatdılar, oldu dəli. İndə də deyəsən heç yerdə işləmir binəva. Elə hey o küçə sənin, bu küçə mənim… Amma iki-üç il qabaq hamı ondan danışırdı. Gözə gətirdilər qaragünü.
Anası danışdıqca Məmmədağa Rüfətin simasını yadına salmağa çalışırdı və birdən onun qaranlığa dikilən gözlərinin qarşısında nə üçünsə iyirmi səkkiz ilin o tayında qalan Rüfət yox, bu gün səhər evin tinində rastlaşdığı və iyirmi səkkiz ilə dəyişən, başqalaşan Rüfət canlandı. Bəli, Məmmədağanın bayaqdan bəri xatırlamağa çalışdığı insan. Məmmədağa istədi ki, gecənin bu vədəsində yerindən durub bir mərtəbə yuxarıya qalxsın, Rüfətin son illərdə döyülməyən, bir kəsin üzünə açılmayan qapısını döysün, Rüfətlə görüşsün, illərin yaddaşına ilişib qalan keçmiş günlərin xatirəsini yaşasın. Ancaq qalxmadı yerindən, eləcə anasının söhbətlərinə qulaq asa-asa gözlərini qaranlıq tavana zilləyib susdu. Bir qədər sonra isə anasının fısıltısından hiss elədi ki, arvad yuxulayır.
Səhəri açıq gözlə açdı Məmmədağa. Yerindən qalxıb yuyundu, siqaret çəkməkdən ötəri eyvana çıxdı yenə və maraqla küçələrə baxmağa başladı ki, indilərdə ağ paltarlı, qara kostyumlu məktəblilər sıra-sıra qatarlanıb dərsə axışacaqlar. Məmmədağa həbsdə olduğu illərdə ən çox qara kostyum, ağ köynək geyinib məktəbə getməyin xiffıətini çəkmişdi. Ancaq, bu şəhərdə məktəbli yox idi sanki, var idisə də məktəbliyə oxşayan məktəbli yox idi. Alabəzək paltarlı qızlar, oğlanlar məktəbə gedənlərdən çox toya, teatra gedənləri xatırladırdılar. Düzünə qalanda Məmmədağa heç dəqiqliyi ilə bilmədi ki, bu uşaqlar hara gedirlər.
Düzdür, Məmmədağanın qoyub getdiyi şəhər müasirləşmişdi, gözəlləşmişdi, küçələrin, prospektlərin yaraşığı artmışdı, lakin bütün bunların altında bir laqeydlik, oxşatma yatırdı sanki. Məmmədağa fikirləşirdi ki, bütün bunlarsız da yaşamaq olar, amma insanların bir-birlərindən uzaq düşmələri, biganəlik, hərənin öz içinə qapanıb yaşaması bağışlanmazdır. Heç olmazsa tarix üçün, nəsillər üçün yadigar olaraq bircə tramvay yolu, hansısa küçədə köhnə işıq dirəyi saxlamaq olardı axı. Axı tarix unudulduqca hər şey dəyişir, unutqanlıq deyildimi millətlərin axırına çıxan? Maşınlar elədən belə şütüyür,insanlar heç bir şey ifadə etməyən sifətləri ilə harasa tələsirlər, televiziya, radio tamam başqa şeylərdən danışır, bir dənə də olsun köhnə sima yoxdur. Hara gedir bu dünya? Sürətlə gedən bu keçmişdən yayınma insanlığı hara aparır? Yox!- Məmmədağa fikirləşdi, - Belə bir dünyada dəli olmadan yaşamaqdan ötəri ya gərək özün üçün bir nağıl uydurasan və o nağılın ləzzətini çəkib yaşayasan, ya da tüpürəsən dünyanın üzünə, diri-diri gedib girəsən qəbrinə.
Məmmədağa möhkəm adam idi və yəqin bilirdi ki, qəbrə getmək yolu onluq deyil, əvvəl-axır özünə bir nağıl uyduracağına əmin idi...
Məmmədağa evə keçəndə Zibeydə arvad süfrə açmışdı, stəkanlara çay süzüb Məmmədağanı gözləyirdi. Məmmədağa anası ilə üzbəsurət oturub çay stəkanını əlinə aldı, arvada baxıb gördü ki, arvad dolub.
-Nə olub, ay mə, belə , sözdü adama oxşuyursan e?..
-Tay yorulmuşam, oğlum, tay bacarmıram… Qocalıq axırıma çıxıb , mənim də arzularım var axı… Niyə evlənmirsən?
Məmmədağa əlindəki armudu stəkanı az qala əlindən salacaqdı. Nə təhər güldüsə arvad çaşıb qaldı.
- Ay arvad, gəldiyim bir gün deyil ki… Necə vaxt tapıb evlənim? Mən də deyirəm nə olub… Vaxtı çatanda o da olacaq. Sənin sözündən belə çıxır ki, elə indi, bu saat evlənim?
- İndi nöşün ki? Əncağ, day vaxtundu da…
Məmmədağa qalxıb ayaqqabılarını geyindi, sonra anasının «naftalin»ləyib «şifoner»də saxladığı atasından qalma nimdaş, qısa paltonu əyninə keçirib qapını açdı. Zibeydə arvad oğlunun qoluna toxunub onu saxladı və əlindəki pulu ona sarı uzatdı:
- Al bu pulu, birdən gərəyin olar…
Məmmədağa gülümsünüb arvadın əlini geri qaytardı. Sonra pillələri enə-enə: - Bəs kommunizm qurulmadı, bəs deyirdilər onda pula ehtiyac olmayacaq, - deyib, həyətə çıxdı.
Saat on olardı, amma həyətdə hələ də heç kəs yox idi. Məmmədağa həyət qapısının ağzında dirsəklənib oturdu və bir vaxtlar quş uçurduğu meydançaya tərəf həsrətlə baxdı. «Super market»in şüşələri parıldayırdı. Məmmədağanın ağlından keçən ilk fikir o oldu ki, köhnə vaxtlarda olan o şirinliyi, o mehribanlığı qaytarmaqdan ötəri əvvəlcə elə o quş damının pozulmuş hüquqları bərpa olunmalıdır. Köhnə quş damı ən qısa zamanda geri qayıtmalıdır ki, o damın bəzəyi olan «Qaraquyruq», «Kəkilli», «Raket bala» kimi əfsanəvi quşlar öz şöhrətlərinin yeni dövrünü yaşasınlar.
Məmmədağa bu fikirlərlə ayağa qalxıb «Super market»ə tərəf addımladı. Elə bir-iki addım atmışdı ki, süpürgəçi Qızbacının səsi polis maşının «sirenası» kimi nə təhər həyəti başına aldısa Məmmədağa zəlzələ olduğunu fikirləşdi. Heç bir şey anlamayan Məmmədağa dayanıb o səsi axtarmağa çalışdı. Səs susmaq bilmirdi.
- Evin yıxıldı, ay Zibeydə! Qan su yerinə axacaq. Demişdim axı o uşağın quşlarıynan heç kəsün işi olmasun. Mən demişdim axı…
Sonra eyvandan Zibeydənin yorğun və həyəcanlı səsi eşidildi.
- Getmə! İşin olmasun onnarnan! Qaçqın adamlardı, əllərində kağızları da var, pulları da var. Sən onnarnan bacarmazsan. Südümü sənə halal eləmərəm! Mənim daha türmə qapılarına düşməyə halım yoxdur.
Məmmədağa hələ indi başa düşdü bu qışqırığın, haray-həşirin mənasını. Yenə də başını bulaya-bulaya bir həyətdə durub baxan Qızbacını, sonra da eyvandan sallanıb qalan anası Zibeydəni süzüb heyvərə addımlarla mağazaya girdi. Onun mağazaya girməyi ilə eyni anda polis maşını da tini burulub həyətə daxil oldu.
İki polis nəfəri Məmmədağanın qolundan tutmaq istədi, Məmmədağa qoymadı:
- Özüm gedirəm, -deyib, maşına qalxdı.
Məmmədağanı şöbəyə apardılar.
Zibeydə arvad içini çəkə-çəkə ağlayırdı:
- Mən bilirdim ki, belə də olacaq…
Qızbacı süpürgəsinə söykənib fikrə getmişdi, amma nə fikirləşdiyini heç özü də bilmirdi.
Mağazanın, yəni Məmmədağanın quş damının yerində tikilən təzə mağazanın sahibi, eni ilə uzunu bərabər olan Muxtar qorxa-qorxa məhəlləyə göz gəzdirirdi və ürəyində düşünürdü ki; - Heç aministin yeriydi?


MƏMMƏDAĞANIN TƏZƏ DAYISI ,
«SONUNCU BÜT» FİLMİ, BİR DƏ Kİ,
AĞCAQANAD NƏĞMƏSİ

Məmmədağanı polis maşınına mindirəndə o dükan sahibi Muxtarın oğrun-oğrun, qorxaq-qorxaq baxdığını gördü, onu tanımasa da bildi ki, bu odur. Ona görə də bircə onu deyə bildi:
- Çox axmaq iş tutdun…
Maşın onu polis şöbəsinin qabağına gətirib çatdırdı, çox böyük nəzakətlə qarşılayıb maşından düşürdülər. Yol boyu Məmmədağa fikirləşirdi ki, azadlığa yenidən əlvida demək olar… Çünki iyirmi səkkiz il həbsdə olan adam üçün onsuz da normal insanların arasında yer tapmaq çətin məsələ idi, ona görə də bir yolla torba tikib onu yenidən o tərəfə göndərəcəklərini gözləri önünə çoxdan almışdı .
Məmmədağa polis şöbəsinin təzə təmir olunmuş dəhlizi ilə keçib ikinci mərtəbəyə qalxdı və bu müddət ərzində onu müşayət edən polis kapitanı ilə bir kəlmə də olsun kəsmədi. Vaxt uzandıqca Məmmədağa boşluqdan darıxdı, pillələrlə üzbəüz gələn foto-stendin qarşısında dayanıb tarixin şəkillərinə baxdı…

***

Altı gündən sonra Məmmədağanın on beş yaşı tamam olmalıydı, ancaq olmadı. Olmadı deyəndə ki, əgər indi Məmmədağanın qırx üç yaşı vardısa, deməli, onun on beş yaşı da olmuşdu, amma bu tamam başqa bir şəraitdə olmuşdu, tamam başqa bir məkanda keçirilmişdi.
Heç o vaxt da Məmmədağa bilmədi ki, onun qollarını kim burub maşına itələdi, qandalları onun qollarına kim vurdu. O anlarda Məmmədağa bircə onu bilirdi ki, adam vurmuşdu, vurmuşdu ki, öldürsün. Ona görə Məmmədağa o adamın ölməyini çox istəyirdi. Ona görə ki, həmən adam ona xəyanət elmişdi, MƏMMƏDAĞA İSƏ XƏYANƏTİ BAĞIŞLAMIRDI.
Məmmədağanın aləmində onun yoldaşı, yaşıdı olan bir nəfər gecənin xəlvətində quş damına girib oradan ən yaxşı quşlardan birini oğurlamışdı və bu azmış kimi həmən quşu qonşu məhəllənin quşbazlarına satmışdı. Məmmədağa da xəbərdən bərk əsəbiləşmişdi və and içmişdi ki, onun quşunu oğurlayanı tapıb öldürəcək.
Məmmədağanın vurduğu bıçaqdan o oğlan ölmədi… Ağrıdan, sancıdan qarnını iki əli ilə tutub sıxdı, ikiqat əyilib yerə çökdü, dodaqlarını bir-birinə sıxıb inildədi, sonra da yazıq-yazıq Məmmədağaya baxdı:
- Sənin quşuvu mən oğurlamamışam, onları başqası…
Məmmədağa onu danışmağa qoymadı, həm baş verən hadisədən çaşmışdı, həm də ki, qorxmuşdu Məmmədağa.
- Qələtivi elə, -çığırdı, -mənim quşlarımı sən oğurlamısan, Arturik görüb, o mənə yalan deməz…
Sonra gözünün ucu ilə yavaş-yavaş göllənən qırmızı qana baxdı… Sonra gözlərinə qaranlaq çökdü, tutqunluğun, alaqaranlığın içindən anasının səsini, vurduğu oğlanın anasının çığırtısını eşitdi, tanış sifətlərin arasından qardaşı İlqarın bozarmış sifətini, eynəyin altından bərələn gözlərini gördü… Bir də onda ayıldı ki, qandallı qollarının soyuqluğundan üşüyür…
Bəli, bəzən belə də olur… Məmmədağanın kitabını bağlayan, yazıq, dünyadan xəbərsiz qonşu uşağanın ölüm fərmanını imzalayan adam isə Məmmədağanın qapıbir qonşusu erməni balası Arturik idi… O Arturik ki, Məmmədağadan da, elə bıçaqlanan oğlandan da itdən qorxduğu kimi qorxurdu. Ona görə də Məmmədağanın quşunun oğurlanması faktından çox məharətlə istifadə eləyib bir güllə ilə iki dovşanı vura bilmişdi. Səbəb isə o idi ki, Arturikin bacısı Susannanın yaşı Məmmədağadan bir az çox idi və qızın gözləri çoxdan qaynayırdı. Bu səbəbdən də gözünə döndüym Məmmədağa boş durmadan Susannanı bişirə bilmişdi və bir-iki ay onunla kef də çəkmişdi. Hətta deyilənlərə görə onları lüt olaraq uşaq bağçasının damında, köhnə, sınıq-salxaq divanın üstündə də görmüşdülər və elə bu səbəbdən idi ki, məhəllə uşaqları o vaxdan bəri Susannaya «Karlson» deyirdilər. Məmmədağadan sonra da bıçaqlanan oğlan Susanna ilə bir az keyif sürmüşdü. Amma Susanna da Susanna idi ha… Anasından geri qalmırdı.
Nə isə… Məsələ isə belə baş vermişdi. İki gün əvvəl qonşu məhəllənin quşbazları Məmmədağanın quşlarını uçarkən görüb onları tutmaqdan ötəri havaya bir-iki kəşviyyatçı quş qaldırmışdılar, amma bunun bir faydası olmamışdı, əksinə, Məmmədağanın quşları qayıdarkən qonşu məhəllənin iki quşunu da azdırıb özləri ilə yuvaya gətirmişdilər. Qonşu quşbazlar məsələni bilən kimi Məmmədağanın yanına gəlmişdilər, quşları ondan istəmişdilər, Məmmədağa isə quşları gizlətmişdi. Quşbazlar ona:
- Bilirik ki, quşlarımızı sən tutmusan, düz iş görməmisən, biz qonşuyuq axı, - demişdilər. Məmmədağa isə:
- Mənim sizin quşlarıvızdan xəbərim yoxdur, - cavabını vermişdi, -Ancaq, tutsaydım da qaytarmazdım, nöşün ki, süz mənim quşlarımı tutmaq istəmisüz, süzdən mənə qonşu olmaz… Xoş gəldüz.
Qonşu quşbazlar gedəndən sonra Məmmədağa quşları gizlətdiyi yerdən çıxarıb onların qanadlarını qayçılamışdı ki, təzə yerə öyrəşənə qədər heç yerə uçub getməsinlər.
Məmmədağa öz aləmində haqlı idi, adətən xam quşları azdırmaq üçün havaya quş qaldırardılar, qonşu quşbazlar bilərəkdən Məmmədağaya sataşmaq istəmişdilər. Əgər onlar da Məmmədağanın quşlarından tutmuş olsaydılar yəqin ki, qaytarmayacaqdılar.
Elə o günün səhəri qonşu məhəllənin uşaqları gecəykən Məmmədağanın quş damının ağzındakı qıfılı qırıb Məmmədağanın ən çox sevdiyi quşu - Kəkilli Qaraquyruğu oğurlamışdılar, ancaq başqa quşlara toxunmamışdılar. Bu, əslində izi azdırmaq və qisas almaq idi. Məmmədağa qonşu uşaqlardan şübhələnə bilmirdi, ona görə ki, cəmi bircə dənə quş oğurlanmışdı. Bu işi kim görmüşdüsə tanış adam idi və hərəkətinə görə Məmmədağaya cavab verəcəkdi. Bunu isə məhəllə uşaqları fikirlşirdi.
Erməni balası Arturik bu xəbərdən lazımınca istifadə eləyə bildi. Yəni xəbəri eşidən Arturik, əvvəlcə çox sevindi, sonra məhəllədə bir müddət aşağı-yuxarı gəzib bir xeyli məlumat topladı, sonra da axşamüstü torbasını tikməyə hazırlaşdığı oğlanın anası ilə harasa qonaq getdiyini görüb özünü Məmmədağaya çatdırdı.
- Mən dəqiq bilirəm ki, sənin quşuvu kim aparıb…
Məmmədağanın hövsələsi daraldı, boğazından yapışıb onu divara dirədi.
- Haradan bilirsən? Kim aparıb?
- Üz vurma, deyən deyiləm… Ancaq onu da bil ki, sənin quşuvu aparan sənin öz dostundur, aparıb qonşu uşuqlara satıb.
Məmmədağa Arturiki alaqapının divarına sıxdı, dostluq elədiyi uşaqların adını bir-bir saydı, növbə gəlib onun bıçaqlayacağı oğlana çatanda Arturik kəkələyə-kəkələyə :
- Bax özün tapdın ha, - qırıldatdı, - bunu mən demədim…
Məmmədağa havalanmışdı onda, özündən ixtiyarsız əlini şalvarının cibindəki bıçağın dəstəyinə atmışdı və dodaqlarını çeynəyə-çeynəyə:-Öldürəcəm, -demişdi, -anasını ağladacam…
Sonra nə təhər olmuşdusa Arturik itmişdi və bir gün sonra Məmmədağanın axtardığı oğlanın qarşısında cin kimi peyda olub :
--Məmmədağa səni axtarır,- demişdi. Dünyadan xəbərsiz oğlan özü öz ayaqları ilə əcəlinin yanına tələsmişdi. Məmmədağa onu quş damının, indiki aynalı «Super market»in yanında görəndə özündən çıxmışdı, cibindəki qatlama bıçağı çıxarıb gədənin üstünə cummuşdu və heç bir söz demədən, heç nəyi aydınlaşdırmadan var gücü ilə iki bıçaq vurmuşdu oğlanın qarnına. Sonra belini düzəldib bir az aralıdan hirsli-hirsli danışmışdı:
- Adam kişi olar, kişi dostundan oğurluq eləməz…
Sonra da Məmmədağanı aparmışdılar polisə (onda polis nə gəzirdi, onda ancaq milis var idi) və itələyə-itələyə basmışdılar alaqaranlıq kameraya. Onda hələ dünyanın nə təhərliyindən o qədər də xəbəri olmayan Məmmədağa alaqaranlıq kamerada quşlarını fikirləşmişdi, başının içində olan tank atışmasının fərqinə varmadan gözləri qarşısında mavi səmada dövrələmə uçan arabir də elə göydəcə dayanmadan bir-neçə dəfə çevrilən quşlarını gözünün qabağına gətirib dizlərini qucaqlayaraq yuxulamışdı.
Məmmədağa o gedən getmişdi və bir də qoyub getdiyi məhəlləyə, canından çox sevdiyi quşlarını saxladığı məhəlləyə iyirmi səkkiz ildən sonra qayıtmışdı.
…Polis şöbəsinin uzun dəhlizinin o biri başında , üzərində «qəbul otağı» yazılmış lövhənin qarşısında ayaq saxladılar. Kapitan süni baxışları ilə ona baxıb gülümsündü:
- Bircə dəqiqə gözləyin, -deyib, içəri keçdi. Məmmədağa qaşlarını çatıb fikrə getdi və nə qədər elədisə bir yana çıxa bilmədi. Bir azdan kapitan qayıdıb gülərüzlə Məmmədağanı içəri dəvət etdi və nəzakətlə onun arxasınca addımladı.
Rəis qırx-qırx beş yaşlarında, saçları yanlardan ağarmış, ortaboylu bir adam idi. O, əsil əməliyyatçı baxışları ilə Məmmədağanı başdan-ayağadək süzüb sonda düz onun gözlərinin içinə baxdı. Belə baxışlardan Məmmədağa arxada qoyduğu iyirmi səkkiz ildə çox görmüşdü. Bu baxışların rəngi də, mənası da tanış idi. Sonra araya çökən sükutu bayırdan eşidilən qarışıq hay-küy pozdu. Rəis nə fikirləşdisə oturduğu yerdən ayağa qalxdı və Məmmədağaya yaxınlaşdı.
- Xoş gəlmisən, həmişə evində, eşiyində…
Bu süni səmimiyyətdən və mehribançılıqdan bir şey anlamayan Məmmədağa istər-istəməz ona sarı uzanan əllərin salamını aldı. Sonra rəis çevrilib arxadan onları maraqla izləyən kapitana getməsini işarə elədi. Otaqda qalan Məmmədağa rəisin tanış sifətini yadına salmağa çalışdı və bu sifəti yalnız həbsxanalarda görə biləcəyinə ümid elədi. Bir az keçəndən sonra katibə çay gətirdi. Qəribəsi o idi ki, nə rəis, nə də Məmmədağa danışmır, bir-birləri ilə hələ ki, baxışları ilə ünsiyyət qururdular. Nə isə… Deyəsən, rəisin əsəbləri dözmədi və söhbət belə başladı:
- Axşamkı kinoya baxdın, dəhşət kinoydu ha…
- Baxdım, rəis, ancaq, axırından bir şey başa düşmədim. Bilmədim ki, heykəli düzəldə bildilər, ya yox?
- Ədə yox e… -Rəis coşqunluqla danışırdı, -heykəl qırılmasın, heykəl ki, qırıldı, onu düzəltmək çətin məsələdir. Bir də o adi heykəl deyildi axı… Adamlar ona Allah kimi baxırdılar…
- Deyirəm ki, ay rəis, -Məmmədağa siyasətə keçdi, -qəribə keçmişi olub e bu dünyanın, elə indi də qəribədir də, düz demirəm ?
Rəis ayağa qalxdı, pəncərəyə yaxınlaşdı , Məmmədağanın siyasəti onun xoşuna gəlmədi, amma şəhər onun nəzarətindəydi və Məmmədağa kimilərin bu nəzarəti poza biləcəklərindən ehtiyatlanırdı odur ki, birbaşa mətləbə keçdi:
- O kişiynən işin olmasın, -qəti danışdı, – kiçiyimizdi bizim, pis oğlan deyil, sən də uşaq deyilsən ki…
- Hansı kişiynən? -Məmmədağa təəccüblə soruşdu, -Kimi deyirsiz?
Rəis pəncərənin qarşısından gəlib Məmmədağa ilə üz-üzə oturdu, çayından (çay soyumuşdu) bir-iki qurtum içib az qala pıçıltı ilə danışdı:
- Muxtarı deyirəm, «super market»in sahibidir, sizin məhəlləyə köçüb, qaçqındır, qardaşı müharibədə şəhid olub, bir çətən külfəti qalıb o yetimin üstündə, amma düz sözümdür, pis oğlan olsaydı ondan yana səninlə görüşməzdim, yola ver onu…
«ƏLA!»,- bu nida Məmmədağanın ürəyinin içindən qopdu. Rəisin onunla razılaşması zəiflik əlaməti idi və bu razılaşmanın iki başı ola bilərdi; birincisi, rəis onu təzədən içəri göndərə bilərdi, buna görə isə rəis üçün istənilən qədər əsas tapmaq çətin bir şey deyildi. İkincisi isə, onunla hesablaşa bilərdi, məsləhətə, hətta, onu əməkdaşlığa da dəvət edə bilərdi. Yəni Məmmədağa rəisin «sukası» olardı. Hal-hazırkı anda isə rəis həzrətləri ona adam tapşırırdı…
Məmmədağa onun məhəllədiki fəaliyyətinə nəzarətin Qızbacı başda olmaqla yaşayan başqa bir-neçə nəfərə tapşırıldığını, həyətə enən kimi polis maşınının yaxınlıqda gözləməsini və onun azadlığa çıxması xəbəri ilə bağlı polis şobəsində müəyyən tədbirlərin hazırlanmasını fikirləşib güldü. Kartlar sadə idi, primitiv idi və açıq idi. Onun bu gülüşü rəisin gözündən yayınmadı.
- Nəyə güldün?
- Heç, -Məmmədağa gülməyinə davam elədi, -deyirəm də, dünyanın zibili çıxıb. Yaxşı şəhərdir, -Məmmədağa söhbəti dəyişdi, -amma qabaqlar lap yaxşıydı.
Məmmədağa rəisin narahatlığını açıqca hiss edirdi.
-Düzdür, -rəis danışdı, -bu şəhəri bizim atalarımız tikib, ona görə doğmadır da bizlərə…
Rəis yenə susdu, bir istədi ki, ayağa qalxıb köhnə məhəllə uşağının boynunu qucaqlayıb öpsün, amma eləmədi, bir qədər də fikirləşdi, götür-qoy elədi, sonunda özü ilə bacara bilmədi, narahatçılığı xoş təbəssümlə əvəzləndi:
- Mən də sizin məhəllənin uşağıyam axı… -Məmmədağaya baxdı, -İki yaş sizdən yuxarıda oxuyurdum da, yadından çıxıb? Sən tutulan il Bakıya köçdük, dədəmə təzə iş verdilər, katib oldu… Ancaq sənin uşaqlığın mənim yaxşı yadımdadır. -Nə fikirləşdisə rəis qəfildən şaqqanaq çəkib güldü, - Ə, mən ölüm, əntiqə idi ye o illər… Yadında olar yəqin, uşaqlarla həyətdə aşıq-aşıq oynamağımız. Sənin yadından çıxsa da mənim yadımdan çıxmaz o gün… Bilirsən, məndə bir dənə yaxşı aşıq var idi, sən məhəllənin atamanı idin axı… Hə, o aşığı məndən almaq istədin, mənsə vermədim, sonra bilirsən nə oldu?
Məmmədağa gözlərini yumub anidən o illərə, o məhəlləyə, o uşaqlığa düşmək istədi. Düşdü də…
- Sənin aşığın çox yaxşı aşıqdır, amma onu bir az da sıxmaq lazımdır ki, lap yaxşı olsun.
- Bəs onu necə sıxım?
- Əfəlsən ki, sən… Onu sıxmağa nə var ki? Gedək qoyaq tramvay yoluna, tramvay keçsin üstündən, aşıq da yaxşıcana sıxılsın. Amma aşığı belə sıxmağı heç kəsə demə, yoxsa hamı öyrənər.
Getdilər, Məmmədağanın məsləhəti ilə aşığı relsin üstünə qoydular, tramvay gəlib keçdi, Məmmədağa gülə-gülə məhəlləyə qayıtdı, oğlan isə relslərin üstünüdə aşıq əvəzində bir ovuc toz qaldığını görüb ağladı. Ağlaya-ağlaya məhəlləyə qayıdan oğlan məhəllə uşaqlarının arasında dayanıb gülən, onu ələ salan Məmmədağaya yaxınlaşdı və:
- Aşıq əzik-əzik olub, - dedi. Məmmədağa da eləcə gülə-gülə:
- Qulaqlarıvı aç, eşit, yaxşı şey ya mənim olmalıdır, ya da ki, heç kəsin!
…-Çaylarımız da soyudu… Hə yadına düşdüm?
Məmmədağa başı ilə təstiqlədi və o günlərin xoş xatirələri bütün bədənini titrətdi.
- Nə gözəl vaxtlar idi…
- Nə qulluğun olsa burdayam, sənin kimi oğlana can qurbandır, can. Sən bizim şəhərə çox lazımsan. Çəkdiyin əziyyətlərdən xəbərim var, biz elə eləyəcəyik ki, sən daha əziyyət çəkməyəcəksən. Zəmanədən baş çıxarmaq çətindir, bir iş görmək istəsən mütləq mənimlə məsləhətləş, bu da mənim telefonlarımın nömrələri…
***

…sonra yağış yağdı. Sopsoyuq, dupduru damlalar uzaqdan-uzaq göy üzündən, qaradan-qara buludlardan süzülüb keçib dünyanın sinəsini sərinlətdi. Ancaq, təbiət bura, bu balaca təpəciyin ətrafına toplaşan adamları barmağına sarımışdı. Yağış yağırdı, amma, heç kəsi islatmırdı yağan yağış, eləcə şəkil kimi, fon kimi görsənirdi. Büt isə islanmışdı, bütün yerə səpələnib torpaqla bir olan qalıqları, palçığa, zığa bulaşmış ayaqları, başı da islanmışdı.
Kimsə qorxa-qorxa əyilib yerə səpələnən daş parçalarını-bütün tökülüb qalan qalıqlarını-toplamağa başladı, lakin, əlləri elə bil daş parçalarına yox, közə toxunurdu … Adamın barmaqları yanıb dağlanırdı, onun dayanmaq fikri yox idi, işini görüb qurtarmağa tələsirdi.
Adam əyilib yerə səpələnən daş parçalarını bir yerə topladıqca fikirləşirdi ki, aya, illər, əsrlər boyu obanın ən uca təpəsində necə bir əzəmətlə, necə bir vüqarla dayanan, hamını sitayişə səsləyən, tufanlardan, qasırğalardan keçən büt birdən-birə heç bir şey baş vermədən hamının gözləri qarşısında çiliklənib parçalanmışdı.
Adam içindən keçən fikirlərdən çaşdı, ona elə gəldi ki, onun fikirləşdiklərini fikir kimi yox, görüntü kimi görənlər olub. Bircə anlığa işinə ara verib belini düzəldirmiş kimi azca dikəldi, ətrafına toplaşan adamlara baxdı. Qorxu, təlaş həyəcan dolu gözləri görüb sakitləşdi. Hamı onun əllərini izləyirdi, onun fikirləri heç kəs üçün maraqlı deyildi.
Bütün topalanıb yığılan qalıqları onun özündən də əzəmətli görsənirdi…
… Kino qurtaranda gecədən xeyli keçmişdi. Məmmədağa televizoru keçirib yerinə girdi, qaranlıq otaqda gəzən gözləri yavaş-yavaş qaranlığa alışdı. Yan otaqdan anası Zibeydənin fısıltısı eşidilirdi. Çevrilib gözlərini yummaq istəyirdi ki, qışın soyuğuna qədər mətanətlə can saxlaya bilən qəhrəman bir ağcaqanad onun qulağının dibindəncə «əmi,ay əmi…» deyib, baş aparmağa başladı. Uşaqlıqdan bu səsə qarşı allergiyası olan Məmmədağa əsəbindən yerində qurcalandı, ağcaqanadın səsi bir qədər uzaqlaşsa da yenidən onun qulağının dibinə qayıtdı və Məmmədağa bu dəfə özündən asılı olmayaraq qulağının dibinə bir şapalaq ilişdirdi. Ağcaqanadın səsi kəsildi, amma məlum olmadı ki, onu öldürə bilib, ya yox… Yuxusu qaçdı Məmmədağanın, qalxıb pencəyini çiyninə saldı, yavaşca eyvanın qapısını açıb bayıra çıxdı, şəhərin gecəsinə, mürgüsünə baxmaq istədi.
Filterini kəsib damağına basdığı siqareti alışdırandan sonra alnını aynabəndin pəncərəsinə söykədi. Sonra nə fikirləşdisə pəncərəni açdı, bayırın soyuğu da sanki qızınmaqdan ötəri eyvana doldu. Məmmədağa üşüdü, amma fərqinə varmadı, bu anlarda şirin yuxuda olan, şirin yuxular görən, şirin macaralar yaşayan şəhərə baxdı. Şəhər köhnənin şəhəri idi, ancaq elə bil ki, zorla, yerə yıxıb ağzına-ağzına vura-vura , yamaya-yamaya dəyişmişdilər onu. Elə bil ki, köhnə ruhla yaşayan, bu ruhla qocalan, bu ruha bağlı olan bir adama zornan mini yubka, dikdaban ayaqqabı, kürəyi açıq bir paltar geyindirmişdilər və adam bu paltarda müqəvvaya oxşayırdı. Bəli, Məmmədağanın iyirmi səkkiz il əvvəl qoyub getdiyi şəhər də müqəvvaya oxşayırdı. Bütün bu dəyişikliklərin, bu yeniləşmənin arasında Məmmədağa necə də qərib, necə də çaşqın görsənirdi.
Məmmədağa gözlərini yumub alnını söykədiyi pəncərənin soyuğunu canına çəkdi. Başının sızıltısı, ağrısı çəkilib getdi.
***

Məmmədağa atası Musanın verdiyi birabbasını dəllək Qasıma verib başını ülgüclə qırxdırmışdı və məhəllənin hər yerindən onun kələ-kötür, ağappaq daz başı gözə girirdi. Məmmədağa axşam xəlvətə salıb atasının dovşan tükündən olan papağının qulağının bir tərəfindən əl içi boyda bir dəri kəsmişdi və indi də məhəllənin uşaqlarını başına yığıb yumru qurğuşun parçasının ortasını mismarla deşirdi ki, onu kəsdiyi dərinin altından bağlayıb çilədi düzəltsin. Yay tətili təzə başlamışdı və Məmmədağa dəqiq bilirdi ki, dədəsi papağı azından dörd-beş aydan sonra başına qoyacaq və Məmmədağa onu da dəqiq bilirdi ki, kişi papağı başına qoyanda onun qulaqlarını heç vaxt açmır. «Açılmayan qulağın dərisinin papağın üstündə qalması nəyə lazımdır ki?». Bu başnı aşağı əyib işi ilə məşqul olan Məmmədağanın beynini qarışdıran ən çətin bir sual idi.
Amma Məmmədağanın bəxti gətirdi, atası nə o il, nə də ondan sonrakı illərin heç birində bir də o papağı başına qoymadı. Həmən ilin payızında işdə kişini tok vurub öldürdü və Məmmədağanın bütün yay uzunu atasının verə biləcəyi suallara axtarıb tapdığı cavabların hamısı onun ürəyinin içindəcə qalıb su kimi donub buz bağladı .
Payıza çox var idi hələ və Məmmədağa düzəltdiyi çilədi ilə səhərdən axşama qədər oynayırdı və hər gecə evə qayıdanda paçalarının arası ağrayırdı, dizləri sızıldayırdı, baldırları uyuşurdu, lakin bu ağrılara baxmayaraq yatıb ayılan kimi yenidən çilədi oynamağa tələsirdi.
… Pəncərənin soyuqluğu onu üşütdü, alnını pəncərədən çəkib açıq pəncərəni bağladı, hənirtiyə geri çevrildi, anası Zibeydə yuxulu gözlərini ovuşdura-ovuşdura ona baxırdı:
- Niyə yatmırsan, a bala? Bəlkə yerin narahatdır?
Məmmədağa güldü, əlini arvadın çiyninə qoyub onu qucaqladı.
- Nə danışırsan, ay mə, yerim yaxşıdır, ancaq yuxum gəlmir, siqaret çəkib yatıram.
Arvad heç nə deməyib əvvəlcə ayaqyoluna dəydi, sonra da yerinə uzanıb yatdı və bir-neçə dəqiqədən sonra Məmmədağa yenidən anasının fısıltısını eşitdi.
Şəhərin qaranlıq küçələrinə baxa-baxa indinin uşaqları barədə fikirləşdi, fikirləşdikcə də onlara yazığı gəldi. «İndinin uşaqları parnik çiçəkləri kimi böyüyürlər, çilədi nədir, çijik nədir, aşıq nədir bilmirlər. Belə də uşaqlıq olar? Adam dəli olar ki… Heç futbol oynamağa həyətdə yer də yoxdur. Hara baxırsan market, hara baxırsan «gecə-gündüz apteki», hara baxırsan…əşşi!»
Xəyal yenidən Məmmədağanı aparıb atdı köhnə şəhərə, yaddaşında qalan məhəllyə.
…Məmmədağa aşıq-aşıq oynayırdı, qonşuları Mələk xala da evin tinində qovrulmuş tum, bir də evdə şirədən bişirilmiş qırmızı-qırmızı xoruzlar satırdı. Qonşu uşaqlar Mələk xaladan xoruz alan kimi onu aparıb verirdilər Məmmədağaya və həmişə alınan xoruzların süftəsini Məmmədağa eləyirdi. Bəli, Məmmədağa ona verilən xoruzun hər iki tərəfindən bir-iki dəfə yalayandan sonra bir qədər gözləyirdi və sonra onu xoruzun sahibinə qaytarıb deyirdi:
- Ye,getsin.
Çünki Məmmədağa bu məhəllədəki yaşıdlarının arasında hamıdan ağıllı və çoxbilmiş idi, nə vaxtsa anası Zibeydədən eşitmişdi ki, adam xoruzdan zəhərlənə bilər, elə o gündən də Məmmədağa zəhərlənmə ehtimalını əlində bayraq edib heç vaxt xoruza pul verməmişdi, ancaq gün ərzində bütün uşaqların şirnilərinə şərik olub onu hamıdan çox dadmışdı. Məmmədağa uşaqlara başa salmışdı ki, adam zəhərlənə bilər, zəhərlənən adam isə ölə bilər, ölümsə çox qorxulu şeydir… Bura qədər başa sala bilirdi Məmmədağa. Ona görə də heç kəs ölmək istəmirdi, ölməyib sağ qalmağın isə bir yolu var idi, diqustasiya məsələsini mütləq Məmmədağa həyata keçirməliydi. Bu minvalla məhəllədə heç kəs şirin xoruzlardan zəhərlənib ölməmişdi və bu fakta görə bütün valideyinlər azından Məmmədağaya minnətdar olmalıydılar. Nə isə…
Məmmədağanın qulaqranıda bir vaxtlar bu küçələrlə şəhərin bu başından o biri başına tələsən tramvayın fitinin səsi cingildədi. Məmmədağa müasir şəhərin boş küçələrindən, qaranlıqların arxasından o səsi, tramvayın sarılı-qırmızılı rəngini axtarıb tapmaq istədi. Küçə yetim və yalqız idi. Üstüylə tramvay şütüyərkən bu küçə nə qədər vüqarlı və əzəmətli görsənirdisə indi bir o qədər yazıq və qorxaq idi.
Məmmədağa qaranlıq şəhərin məchulluğundan tuneldən çıxırmış kimi gələn atası Musanın sürdüyü və üstündə 017 yazılmış qırmızılı-sarılı tramvayı gördü. Atası həmişə məhəllənin yanından keçəndə tramvayın fitini verirdi və bu dünyada o səsin ləzzəti qədər ikinci bir ləzzətli səs yox idi Məmmədağa üçün.
… Məhəllə həmişəki kimi qaynayırdı…
Musa kişinin taramvayının fitinin səsi eşidilən kimi məhşur müğənninin dəli anası tez bəzənib-düzənib eyvana çıxardı və əlinə qırmızı bir yaylıq tutub üzü tramvaya sarı yelləyərdi. Ona məhəl qoymadan ötüb keçən taramvayın arxasınca baxıb bir az naz satardı, tramvayın arxasınca baxıb gözləyirdi və görəndə ki, tramvay dayanmadan gedir, başlayardı söyməyə və bu söyüşlərin mətni həmişə eyni olduğu üçün heç vaxt unudulmazdı.
- Görüm ki, səni itə dönəsən!
Arvadın dəli çığırtısı Məmmədağanın fikirlərini dağıtdı, oynamağına ara verib arvadın eyvanının altına yaxınlaşdı.
- Kimi söyürsən?
- Yetimçə, sənə qalmıyıb, sevgilimi istəyirəm…
- O tramvay mənim dədəmindir.
- Mənim də sevgilimindir, indi gəlib məni tramvayına mindirib aparacaq.
- Hara aparacaq?
- Yetimçə!
… Boynunun ardına ilişdirdiyi şapalaqdan diksindi.Barmaqlarının ucundakı qanı görüb bir qədər çaşdı, amma sonra da güldü. Yatmaq istəyərkən qulağının dibində nəğmə oxuyan ağcaqanadın qətlinə fərman vermişdi deyəsən. Pencəyini çiynində sahmanlayıb yenə siqaret alışdırdı. Bir az siqaretin tüstüsü ilə oynadı, tüstü bağlı pəncərə şüşəsinə dəyib hürkürmüş kimi bir azca geri qayıdır, sonra isə yayılaraq itirdi. Pəncərini açdı, tüstü acgözlüklə axıb bayıra getdi. Bayır soyuq idi, bu soyuqdan küçədəki ağaclar da, pişiklir də, yuvalarına çəkilib büzüşən sərçələr də üşüyürdü. Məmmədağa da üşüdü və siqareti damağına qoyub çılpaq qollarını ovuşdurdu…
O vaxtlar hamı bu şəhərə «Komsomolçu gənclər şəhəri» deyərdi. Məmmədağa «komsomolçu»nun mənasını başa düşməsə də o sözdən xoşu gələrdi. O vaxtlar bu şəhərin adamları da şəhərin özü kimi gənc və mehriban idilər. Məmmədağanın atasının sürdüyü qırmızılı-sarılı tramvayın üstündə qəribə bir şüar da yazılmışdı: «XƏZƏR SAHİLLƏRİNDƏ KOMSOMOLÇU GƏNCLƏR ŞƏHƏRİ!». O vaxtlar hamı səhərlər işə tələsər, axşamlar isə evə qayıdıb ailələri ilə birlikdə teatra, kinoya gedərdilər. Uşaqlar birlikdə oynayar, birlikdə bağçaya, məktəbə yollanardılar. Yayda isə çoxu pioner düşərgələrində dincələrdi və həyat olduqca şən və maraqlı idi. İstirahət günlərində atalar həyətdəki bağçada nərd, şahmat oynayardılar, analar isə bütün günü nə barədəsə danışardılar…
Məmmədağa barmağının ucuna ilişib qalan ağcaqanad ölüsünü dırnağının ucu ilə ayırıb eyvandakı çiçək dibçəyinin dibinə atdı, sonra pəncərəni bağlayıb alnını yenidən şüşənin soyuğuna dirədi.
… - Səni itə dönəsən!
Məmmədağa yerdən götürdüyü daşı ovcunun içində sıxıb dəli arvadın eyvanının altına tərəf yüyürdü. Anasının səsi onu haqladı, ancaq dayanmaq istəmədi və bir az da möhkəm qaçdı, anası bir də çağıranda dayandı, daşı yerə atdı.
- Mənim ağıllı balam, ona fikir vermə, xəstə, yazıq adamdır, külmü qoyum onun artiskə qızının, doxtur oğlunun başına ki,analarına yiyə durmurlar… Gəl gedək, sənə qurban olum, mənim qiryetdi balam!
Məmmədağa quzu balası kimi anasının arxasınca düşüb bir-iki addım atdı, sonra qəfildən dayanıb çevrildi və hələ də eyvanda dayanıb əzilib-büzülən dəli arvada baxıb çığıdı :
- Bir də mənim atamı söysən …
Anası onun qolundan yapışıb arxasınca çəkdi. Dəli arvad yenə dedi:
- Yetimçə …
Arvad onların arxasınca baxıb qəribə jestlər elədi və onun hərəkətləri dəlidən çox «günü» hərəkətlərinə bənzəyirdi. Bu hərəkətlərə gözünün ucu ilə baxan Məmmədağanın anası da bir azcana əsəbiləşdi və qonşu arvadının eyvanının altından tez uzaqlaşmaq istədi.

***

Pəncərənin soyuqluğu Məmmədağanın alnının ortasını qızışdırmağa başlamışdı və sanki həmin o nöqtə ilə dünya, kainat arasında qəribə, müqəddəs bir əlaqə yaranmışdı. Bütün yaddaş o nöqtədən vərəqlənirdi. İyirmi səkkiz illik ayrılıqdan sonra, daha dəqiq desək iyirmi səkkiz il müxtəlif həbsxanalarda, həbs düşərgələrində dustaq ömrü yaşayan, min bir əzaba qatlaşan, sınmayan, keçmişindən qaçmaq arzusunu ağlına belə gətirməyən Məmmədağa azadlığının ikinci gecəsini beləcə yaşayırdı… Səhərin açılmasına az qalanda ayaq barmaqlarının ucu ilə mətbəxə keçdi, çaydanı doldurub qazın üstünə qoydu, sonra da mizin üstündəki əncir mürəbbəsindən bir qaşıq götürüb ağzının acısını aldı. Çayı süzüb yenə də ayaq barmaqlarının ucunda evə keçdi, anası yatan otağın qapısını astaca bağlayıb qonaq otağının işığını yandırdı, sonra da dədəsindən qalan, amma «turubkası» çoxdan yatan «VOSXOD 2» -ağ-qara televizorun düyməsini basdı, çaydan içə-içə ancaq bir kanalı göstərən televizorda ingilis dilində danışan qızın ağzının içinə baxmağa başladı, sonra televizorda böyük bir orkestrin ifasında simfonik musiqi verildi. Məmmədağa kürəyini divana dayayıb gözlərini qapatdı və musiqinin ahəngini, harmoniyasını duymağa çalışdı. Birdən-birə ağlına qəribə bir fikir gəldi: - bütün musiqilərin beşiyi şərq musiqisidir, özü də muğamlardır. Çalınan simfoniya hansısa bir qərb bəstəkarının bəstəsi idi, lakin həmin musiqinin kökündə şərqin min illər boyu süzülüb axan, ruhdan-ruha, yaddaşdan-yaddaşa köçən qədim musiqilərinin xalları açıq-aydın duyulurdu. Bu kəşfindən sevindi Məmmədağa… Həbsxanada olduğu illərdə, ən çox da qəriblikdəki həbs düşərgələrində olanda doğma musiqilərin xiffətini çox çəkmişdi. Sonra düşərgəyə işə təyin olunan azərbaycanlı cavan rejim inspektoru günlərin birində həbs düşərgəsinin radio qovşağı ilə Qədir Rüstəmovun kasetini oxutmuşdu və o gün Qədirin səsini eşidən Məmmədağa axşama qədər həmin kaseti fırlatmağı tələb etdiyindən və buna görə də rejim qaydalarını pozduğundan on beş sutka «kars» yatmalı olmuşdu.Qollarına qandal vurulub «kars»a aparılanda isə:
- Hər şey Qədirin səsinə və «Sona bülbüllər»ə qurban olsun, - demişdi.
Anidən yenə də şəhərin dəyişən küçələri keçdi beyin yaddaşının içindən. Ona elə gəldi ki, şəhər dil açıb danışır və onu eşidənlərin hamısından kömək istəyir.


Məmmədağa qalxıb televizoru başqa kanala çevirdi, ekrana hopan
qaranlığın arxasından eşidilən qırıq-qırıq səslərdən başqa heç bir şey Məmmədağanın marağını çəkmədi və ona elə gəldi ki, bu səsləri haradasa eşidib. Birdən yadına düşdü ki, bu bayaq o biri kanaldan verilən büt haqqında olan filmin kadrlarının səsidir və nə üçünsə eyni gündə eyni filmi iki kanal müxtəlif vaxtlarda nümayiş elətdirirdi. Darıxdı… Qalxıb televizoru, sonra da otağın işığını keçirib paltarlıca divana uzandı, pencəyini üstünə atıb yuxulamaq istədi və ayılanda iyirmi səkkiz ilin o tayında qalan şəhərin küçələrindən birinə düşməyi arzuladı. Arzuladı ki, bütün gördükləri yuxu olsun, nağıl olsun. Lap bundan sonra iyirmi səkkiz il təzədən həbsxanalarda yatsa da şəhərin bakirəliyinə, toxunulmazlığına dəyməsinlər … Köhnə fəvvarələrin şırıltısı ətrafa yayılsın, yenə də küçənin o başına yaxınlaşan 017 nömrəli tramvay fit verə-verə küçəni keçsin, lap qonşudakı dəli arvad da eyvana çıxıb onun atasını söysün, amma bütün bunlara toxunmağa heç kəsin cürəti çatmasın, heç kəsin!
… bütü yığıb qurtarmaq olmurdu. Bayaqdan bəri yerə əyilib bütün qalıqlarını toplayan və topladıqca da barmaqları alışıb yanan adamın ürəyi ağzına gəlirdi daha. Onun barmaqlarının ucundan qan axırdı və bütün qalıqları da - balaca daş parçaları da qana bulaşmışdı. Ətrafdakı insalar ümidsiz baxışlarını yerə dikmişdilər, çarəsizlikdən nə edəcəklərini bilmirdilər. Əsrlər boyu nə qayğıları olmuşdusa bu bütə danışmışdılar, nə dərdləri olmuşdusa bu bütlə bölüşdürmüşdülər, dualarını bu bütə ünvanlamışdılar, qurbanlarını bu but üçün kəsmişdilər, amma indi onların ümid, sığınacaq, dayaq yerləri birdən-birə yerlə-yeksan olmuşdu və onların hamısının içində bir qorxu baş qaldırmışdı; bütün parçalanıb dağılması gələcək bədbəxtliklərə işarə deyildi ki?!
Nə olacaqdı bilmirdilər, ancaq nəyinsə baş verəcəyi anı gözləyirdilər…
XS
SM
MD
LG