Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 10:21

Əyyub Qiyas "Uşaq oyuncaqları" (Hekayə)


Əyyub Qiyas
Əyyub Qiyas
-

UŞAQ OYUNCAQLARI

Qardaşım Elburusun unudulmaz xatirəsinə

Aramızda olan cüzi yaş fərqi bizi biri- birimizdən seçmirdi. Atam pal- paltar alanda cüt alar, bütün oyuncaqlarımız bir olardı. Hamı bizə «əkizlər» deyirdi. Gələn il məktəbə də birgə gedəcəkdik. Amma…

Yuxudan gec oyanmışdıq, hər ikimiz yerimizdə bir- birimizlə oynayırdıq. Az qala bütün oyuncaqlarımız yataqa idi. Oyuncaq tapançalarımızı yanımıza gətirmişdik, yorğanın altında gizlənərək «müharibə» oyunu oynayırdıq. Birdən mən qumbara atırmışam kimi yanımdakı taxtalardan birini onun başına atdım. Hiss elədim ki, bu onu incitdi, amma fərqinə varmadan oyunu davam elədik. Səsə anam gəldi, ev- eşiyin dağınıqlığını görüb əsəbləşdi, yanımızdan bir şillə də vurub paltarlarımızı geyinməyi tapşırdı. Nə olmuşdusa, həmin gün onunla daha çox əylənmək, daha çox vaxt keçirmək istəyirdim. Bu evdə o mənə ən doğma adam idi. Mən onu hamıdan çox istəyirdim, çüknki günümüzün çox hissəsi bir yerdə keçirdi.

Nə isə… Paltarlarımızı geyinib aşağı endik. Anam qazın üstünə paltar yumaq üçün yekə qazanla bir su qoymuşdu qaynamağa. Yemək süfrəsi açıq idi, süd dolu stəkanları başımıza çəkib oynamaq üçün tez- tələsik həyətə endik. Hava çox gözəl idi. Oyuncaqların bolluğundan nədən başlamağımızı bilmirdik. Və beləcə günortaya qədər başımız oynamağa qarışırdı.

Kəndin mağazasına mətbəx stolu gəldiyindən məhəlləyə hay- küy düşmüşdü. Atam işdə olduğundan stol almaq üçün əmim oğlu gedirdi. Onun kənd mərkəzinə getdiyini eşidən kimi hər ikiimiz onunla getmək istədiyimizi bildirdik. Anam paltarımızı dəyişməyimizi tapşırdı. Mən təkcə köynəyimi dəyişib əmioğlumun yanına yüyürdüm. Səməd isə evdə paltarlarını dəyişməklə məşğul idi. Əmioğlu tələsməyimizi getməyimizi bildirəndə biz Səmədi gözləmədən yola düzəldik. Qayıdanda isə…

Qayıdanda isə qonşumuz Əli dayının «Moskviç»inin yanımızdan sürətlə ötdüyünü gördük. Ağlıma heç nə gəlmirdi. Evə çatanda hər ikimiz çaşdıq. Qonşuların çoxu həyətimizə toplaşmışdı. Səkinə xala anamı sakitləşdirmək istəyirdi, anamsa elə hey
-Səməd, balam eyy…,- deyib fəryad çəkirdi.
Səməd evdə yox idi. Səmədi aparmışdılar və mən hələ bilmirdim ki, Səməd bir daha bu həyətə qayıtmayacvq . Mən öz uşaq ağlımla bunları dərk etmirdim, amma elə bil hansısa qüvvə mənə deyirdi ki, mən bir daha bu həyətdə Səmədlə, öz doğma, əziz qardaşımla oynamayacağam, səsimiz bu həyətdən eşidilməyəcək.
Həyətdə qonşuların pıçıltısından və anamın şivən səsindən başqa bir səs eşidilmirdi. Mən ayaqlarımın ucunda anama yaxınlaşıb, başımı onun dizi üstə qoydum və hönkürməyə başladım və içimi çəkə- çəkə Səmədi xəbər aldım. Anam mənim başımı sinəsinə sıxıb için- için ağladı. Hamı ağlayırdı. Həyətimizə çökən bu ağlaşma səsi hələ uzun müddət buralardan çəkilməyəcəkdi…
Axşamüstü səssiz- səmirsiz həyətə girən «təcili yardım» maşını və onun arxasınca gələn maşınlarda qardaşım Səməd, atam və qohumlar gəldilər. Səmədi maşından düşürəndə anamın fəryadının səsi hələ də qulaqlarımdadır. Və yəqin ki, o səsi mən heç vaxt unuimayacağam. Atam bir günün içində sanki qocalmışdı. Anamı heç nə ilə sakitləşdirə bilmirdilər.
Səmədi eyvanda, yerdə uzatmışdılar. Gözləri yarıyumulu idi, bədəninin göbəkdən aşağı hər yeri sarıqlı idi, amma onun səsi belə çıxmır, ağır- ağır aldığı nəfəs onun körpə, məsum, günahsız çöhrəsinə ilahi birgörkəm verirdi. Mən nə etmək lazım olduğunu bilmirdim və hələ də başa düşməmişdim ki, Səmədə, mənim evdə xoşbəxt, qayğısız qoyub getdiyim Səmədə nə olmuşdu. Sonradan bildim ki, o corablarını geyinməkdən ötəri anamın paltar yumaqdan yana qanatdığı su qazanının üstündə oturarkən qazanın qapağı sürüşmüş və o bədbəxt də balaca canı ilə qazana düşüb yanmışdı.
Hamı ona baxırdı. Deyəsən, həkimlər demişdilər ki, onu evə aparmaq lazımdır, ağrılarını kəsmək üçün iynə vurmuşdular ona. Səməd gözümüzün qabağında qısaca ömrünün son anlarını yaşayırdı. Mən buna inanmırdım, mən buna heç vaxt inanmayacaqdım.
Eyvana toplaşanlar aram- aram evandan enirdilər, yuxarıda atam, anam, mən, qardaşlarım, bir də lap yaxın adamlar qaldılar. Hamı ağlayırdı, amma heç kəsin səsi çıxmırdı. Araya çökən sakitlik hamımızı üzürdü. Səməd gözlərini açanda içini çəkənlərin hamısı susdu, təkcə mən özümü saxlaya bilməyib hönkürdüm. O, mənim səsimi eşidib adamların arasından məni axtarıb tapdı və üzümə baxıb gülümsündü, hansı qüvvəyləsə, həmişəki, ağrısız səsiylə dilləndi:
-Niyə ağlayırsan, ə? Kişi ol! Ölürəm?
Anam ağladı. Hamı yenidən ağlamağa başladı. Səməd heç kəsə fikir vermədən mənimlə danışmağa davam elədi:
-Qaqaş, mənim velosipedimə heç kəsi qoymazsan dəysin. İstəsən özün sürərsən. Mən gəlndə yenə də oynayırıq,- dedi,- qaqaş ağlama! – bu onun son sözləri oldu. Bu sözdən sonra onun səsi və xatirəsi asta- asta evdən, eşikdən çəkildi. Səməd ömrünün son gününü beləcə yaşadı. Onun gülüşləri də, ayağının izləri də, qoxusu da asta- asta həyət- bacadan çəkildi. Səməd öldü. Səməd hamıdan çox mənim yaddaşımda, mənim xatirimdə qaldı.
Səhərisi gün onu dəfn etdilər. Atam onun bütün oyuncaqlarını, paltarlarını yanında dəfn elədi. Oyuncaqlarının bir neçəsini isə məzarının üstünə qoydular. Mən Səmədsiz yaşaya bilmirdim. Demək olar ki, hər gün evdən çıxıb yaxınlıqdakı qəbirstanlığa gəlir, Səmədin balaca, kimsəsiz qəbrinə sığınıb ağlayırdım. Qəbirdən Səmədin qoxusu gəlirdi, mən sanki Səmədlə oynayırdım kimi onunla danışır, vaxtımı keçirirdim. Məni axtaranda çox vaxt Səmədin məzarının yanında yatmış tapardılar. Hamı deyərdi ki, mən dəli olacağam, amma mən dəli olmadım.

***
Qış təzəcə qurtarmışdı. O gün yenə özümü gözdən yayındırıb qəbiristanlığa vermişdim, qəbiristanlığın altındakı gölün yanından keçəndə gözlərimə inanmadım. Səməd sahildə durub məni səsləyirdi. Mən sevindiyimdən nə edəcəyimi bilmədim və bütün qüvvəmi toplayıb ona doğru qaçmağa başladım. Üzüaşağı qaçarkən müvazinətimi itirib yıxıldım və sahilədək aşdım. Gözlərimi açanda hava qaralmışdı, atam başımı dizi üstə qoyub yanağından süzülən yaşı silirdi. Mən ona baxıb bir qədər ürəkləndim, başımı qaldırıb ətrafa baxdım. Sakitlik idi. Məndən bir qədər aralıda Səmədin məzarı üstə qoyulan oyuncaq maşın tozun- torpağın içində aşaraq qalmışdı. Mən qalxıb maşını götürdüm və atamın yanında oturdum. Atam əlini çiynimə qoydu, mən ona baxmadan dedim:
-Mən gələndə Səməd burada oynayırdı…
Atam heç nə demədi. Qalxıb evə getdik, yolda atam pıçıltı ilə dedi:
-Murad, bala, bir də qəbirisanlığa gəlmə. Eşidirsən, gəlmə…
Mən ona heç nə demədim. Biz evə çatdıq. Anam mənə heç nə demədən üst- başımı dəyişdi, mən Səmədin oyuncaq maşınını yuyub təmizlədim və evə qaldırıb öz yatağımın yanında qoydum. Və beləcə hər gün yenidən Səmədlə, onun yeganə xatirəsi ilə təmasda oldum.
… O vaxtdan uzun illər ötür, indi mənim evimdə də balaca bir Səməd böyüyür. Balaca Səməd mənim uşaqlıq yaddaşımda qırılıb qalan xatirələrimin təzə cücərtiləridir. Oğlum Səməd ağlı kəsdikcə evdəki köhnə, oyuncaq maşınla oynayır, onun səsini eşitdikjə xatirəyə dönən Səmədimin son gününü xatırlayıram.
Kəndimizin qəbirisanlığında balaca bir məzar var, yanında isə uşaq oyunjaqları dəfn edilmiş başqa bir qəbir sükuta qərq olub.
son
XS
SM
MD
LG