Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:18

Neft pulları Əliyevlərin cibinə axır


Soldan sağa: Heydər Əliyev, Mehriban Əliyeva, İlham Əliyev, Leyla Əliyeva və Emin Ağalarov. Heydər Əliyev Mərkəzinin açılışı zamanı çəkilmiş foto (President.az)
Soldan sağa: Heydər Əliyev, Mehriban Əliyeva, İlham Əliyev, Leyla Əliyeva və Emin Ağalarov. Heydər Əliyev Mərkəzinin açılışı zamanı çəkilmiş foto (President.az)

Britaniyada çıxan həftəsonu dərgisinin müəllifi bu iddianı irəli sürərək bir suala cavab axtarır. Britaniyanı Azərbaycanın "çirkli zənginlər"i ilə birləşdirən nədir? (İxtisarla təcümə)

Çirkli zənginlər: Britaniyanın sevimli diktatorluğunun o qədər nefti var ki, onun varisləri bu neftdə çimirlər...lakin Azərbaycanın nağılvari sərvətinin altından çox bulanıq sirlər pırtlayır.

Bu, Britaniyada bazar günləri çıxan “The Mail on Sunday” qəzetinin baş sərlövhəsidir.

İkinci sərlövhədə oxuyuruq: Neft ötən il 19 milyard funt sterlinq gəlir gətirib, amma ehtimal olunur ki, bu pulun çox hissəsi birbaşa prezident İlham Əliyevin və onun ailəsinin ciblərinə axıb.

KLEOPATRADAN DA QƏRİBƏ
Məqalənin müəllifi Will Stewart yazır:

“Qədim Misir hökmdarı Kleopatra öz vücudunun gözəlliyini qorumaq üçün uzunqulaq südündə çimərmiş. Azərbaycanın paytaxtı Bakıda isə bundan da qəribə üsul təklif olunur. Xanımlar Gucci və ya Oscar de la Renta geyimlərini soyunaraq, bir vaxtlar Marko Polonun inandığı kimi, 40 dərəcəyədək qızdırıldıqda dəri xəstəliklərindən, yel xəstəliyindən, artritdən və hətta “əsəb”dən müalicəvi effekti olduğu söylənən xam neft vannalarına girirlər”.

Tibb elmi də deyir ki, belə vannada 10 dəqiqədən artıq qalan insan özünü kansirogen təsirə məruz qoyur" - yazır jurnalist.

BAKI DUBAY OLMAQ İSTƏYİR
Will Stewart davam edir ki, Bakı, açıq-aşkar, İpək Yolunun Dubayına çevrilmək istəyir. “Uzağı 2019-cu ildə Bakı planetin ən hündür göydələnin.sahibinə çevriləcək və 1 milyard 250 milyon funt sterlinqə başa gələcək və bir kilometr ucalığındakı 189 mərtəbəli bina ilə öyünəcək. Bu binanın hündürlüyü hazırkı rekordun sahibi Dubayın Bürc Xəlifəsini 30 faiz aşacaq. Düzdür, söhbət zəlzələ təhlükəsi yaşayan regiondan gedir”.

“The Mail on Sunday” qəzeti daha sonra belə yazır: “Heç kim Azərbaycanın heyrətmaiz neft sərvətindən nə qədərinin 50 yaşlı prezident İlham Əliyevin, onun dost və çevrəsinin bank hesablarına axdığını bilmir. Bir şeyi inamla demək olar ki, söhbət son dərəcə varlı adamlardan gedir. Müstəqil araşdırmanın təxminlərinə görə, dövlət neft və qaz şirkəti ötən il əhalisi 10 milyon nəfərdən də az olan ölkədə 19 milyard funt sterlinq gəlir əldə edib”.

Will Stewart yazır ki, “Əliyevin özü Rusiyada təhsil alıb, amma qızları Leyla və Arzunu Londonda illik təhsilhaqqı 15 min funt stelinq olan Kraliça Qızlar Kollecinə göndərib”.
Jurnalsit fikrini belə bir ehtimalla davam etdirir ki, bu gün Əliyeva bacıları Dubayda, Parisdə və Londonda 50 milyon funt sterlinqlik mülkiyyət portfelinə yiyələnərək, tikintidən gələn faizləri anaları ilə bölüşürlər.


AİLƏNİN SƏRVƏTİ
Qəzet yazır: “Deyilənlərə görə, Leylanın biznes imperiyasına gəlirli hava yolları şirkəti, mobil telefon konsernləri daxildir, lakin Bakının bulanıq kommersiya dünyası bu iddialrı yoxlamağa imkan vermir və hətta belə iddialar da var ki, Azərbaycanın Londondakı səfirlyinin binası da onun mülkiyyətidir”.

Müəllif bildirir ki, indi 26 yaşlı Leyla və onun milyarder oğlu olan müğənni əri Hayd Parka baxan dəbdəbəli mənzildə yaşayırlar.

Sənətsevər və kübar təsiri bağışlayan Leylanın ünsiyyət çevrəsinə Elisabeth Murdoch, Lord Mandelson və Şahzadə Andrew kimi qüdrətli insanlar daxildir. Qəzet iddia edir ki, Leyla beş-on rəfiqəsi üçün keçirdiyi şam yeməyində təkcə əla sampan şərabına 300 min funt sterlinq xərcləyib.

HEYDƏROVUN MİLYARDER BALALARI
Məqalədə son dərəcə bahalı şərabların verildiyi başqa bir məkandan – Londonun bahalı Naytsbric məhəlləsindəki Azərbaycan restoranından da söhbərt açılır. “The Mail on Sunday” bu restoranın Kəmaləddin Heydərovun milyarder oğulları Tale və Nicata məxsus olduğunu yazır.

Qəzet yazır ki, iş təkcə varlı Azərbaycanlıların Britaniyaya məftunluğu ilə bitmir. Britaniya biznesmenləri də neftlə zəngin Bakıya vurğundurlar.

Azərbaycan Dövlət Neft Şirkəti, Tale Heydərovun Londonda mənzillənmiş Avropa-Azərbaycan Cəmiyəti Britaniya siyasətçilərinin Bakıya səfərlərini təşkil edir.
Qəzetin yadığına görə keçmiş müdafiə naziri Liam Fox, Lord Fraser, Lord Sheikh, Bob Blackman, Mark Field, nəqliyyat naziri Stephen Hammond və hətta Olster Yunionistlərinin lordu Kilclooney üçün Bakıya müftə səfərlər təşkil edilib.

Lakin qəzet yazır ki, Bakıya səfərlərinin sayına və intensivliyinə görə York hersoquna kimsə çata bilməz.

BRİTANİYAPƏRƏST AZƏRBAYCAN TİRANI
Məqalədə deyilir ki, Azərbaycana səfər etmiş Britaniya rəsmilərindən heç biri rəsmi Bakını tənqid etməyib.

“Yəqin ki, onlar haqlıdırlar, - yazır “The Mail on Sunday” qəzeti, - məsələ burasındadır ki, Əliyev tiran olsa da, Britaniyapərəst tirandır”.

Müəllif qeyd edir ki, bu ölkədə Avropanın gələcək nəsillərinin enerji təhlükəsizliyi yatır və Əliyev inandırmağa çalışır ki, onun hələ yüz illik qaz ehiyatı var. Həm də bu təchizatın marşrutu “rus ayısı Gazprom” və təməlçi despotizmə malik Səudiyyə və İran üçün əlçatmazdır.

“Özünün bütün absurdluğuna baxmayaraq, Azərbaycan Qərbsimalı müsəlman ölkəsidir…Buradan 200 kilometr cənuba gedin və qarşınıza İranın nüvə ambisiyalı teokratiyası çaxacaq” – deyilir məqalədə.

BİR VAXTLAR BASHAR ASSAD DA "YAXŞI OĞLAN" SAYILIRDI…
Daha sonra Britaniya biznesinin Bakıdakı fəaliyyətinə toxunan Will Stewart davam edir: “Dəniz sahilində tikilmiş 33 mərtəbəli ayparaşəkilli “Crescent” oteli tezliklə açılacaq. Bundan sonra “Ulduz müharibələri” filmindəki Ölüm Ulduizunu xatırladan Full Moon mehmanxanası da istifadəyə veriləcək. Bakının “Ağ Şəhər”ini tikən və lord Norman Foster kimi memarları olan Atkins UK şirkəti bildirib ki, söhbət Monakodan böyük və Qafqazın ən böyük layihəsindən gedir”.

Əliyevin lağa qoyulmasına və tənqid olunmasına baxmayaraq, - yazır Will Stewart, - Qərb liderləri gizlində neft və qaz perspektivi mənasında sabitlik gətirmiş şəxsə minnətdardırlar.

Jurnalist xatırladır ki, Suriyada Bashar al-Assad hakmiyyətə gələndə, Britaniyanın leyborist nazirlərindən biri bu hadəsni “yaxşı xəbər” adlandırmışdı.

O demişdi ki, “Bu çox istiqanlı, müasir baxışlara malik şəxs Suriyanı irəliyə doğru aparacaq”.

“Bu sözləri deyən nazirin adı Peter Hain idi…Lakin nə olar? Keçmişə nəzər bizi daha müdrik edir. Odur ki, indi deyəcəyim yalnız bir şey ola bilər: Stabil Əliyev sülaləsinə və onun göydələn saraylarına çox da bel bağlamayın. Bir gün çərxi-fələk tərsinə dönə bilər”.
XS
SM
MD
LG