Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 10:32

Gürcüstan Yazıçılar Birliyinin sədri Dağlıq Qarabağa səfərinə aydınlıq gətirdi


-

Bir müddət əvvəl Gürcüstan Yazıçılar Birlyinin sədri Makvala Qonaşvili də daxil olmaqla, bir qrup gürcü yazıçısı Azərbaycanın işğal altında olan ərazilərinə səfər edərək poeziya festivalda iştirak etmişdi.

Bu, Bakıda kəskin etirazla qarşılanmışdı.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin mətbuata açıqlamasına görə, Makvala Qonaşvilinin adı Azərbaycanda arzuolunmaz şəxslər siyahısına salınıb. Azərbaycanın Yazıçılar Birliyi də Makvala Qonaşvilinin bu səfərini pisləmişdi.

Noyabrın 28-də Gürcüstan Yazıçılar Birliyinin sədri Makvala Qonaşvili Azərbaycan Yazıçılar Birliyinin sədri Anara məktub yazaraq, ondan və Azərbaycandakı dostlarından bağışlanmasını istəyib.

Kult.Az məktubun mətnini dərc edib:

“Hörmətli Anar!

Sizi və bütün qələm qardaşlarımı böyük sevgi və hörmətlə salamlayıram!

Artıq bir aya yaxındır ki, Sizə yazmaq istədiyim məktubu, firkirlərimi ifadə eləmək üçün gərək olan sözləri düşünürəm.

Yaddaşımda Sizin müdrikliklə və həyat təcrübəsi ilə işıqlanmış simanız, baxışlarınız canlanır, Sizinlə, sevimli həmkarlarımla, dostlarımla olan görüşlərimizi xatırlayıram…

Görəsən, Qarabağa etdiyim səfərlə özüm də belə istəmədən onların qəlbini yaralayarkən dostlarım mənim haqqımda nə düşünürlər?

Onların qonağı ikən, üzümü gənclərə tutub İlya Çavçavadzenin bu misralarını oxudum:

Aylı gecəli dünyanın
Bəlli aydın sabahı var,
Sevgiylə ucalar hökmən
Qəzəblə uçan komalar.


Amma görəsən, biz şairlər bizim bu sərsəri, nifrətlə dolu əsrdə sevginin, vətənin, sədaqətin harda başlayıb harda bitdiyini bilirikmi?!

Bəlkə birisi üçün xeyir kimi görünən, o birisi üçün şərdir, bəlkə birini sevindirən şey əksinə o birisini kədərləndirir, bəlkə birisi üçün yeni həyatın özülü saydığı şey, başqa birisi üçün uçulmuş, unudulmuş məzar daşlarıyla dolu faciədir. Bizim bu təşviş dolu zamanda görəsən yazıçıların gücü çatacaqmı ki, hamıya bir parça da olsa sərin kölgəlik qismət olsun deyə qanadlarını gərsinlər, bu adamqarsan bürküdə boğulanlara kömək etsinlər?

Həmişə inanmışam, indi də inanıram ki, şair sözü sərhəd tanımır. Şair hər yerdə, onu gözləyən tək bir oxucu olsa belə həmin yerdə olmalıdır…Mən poetik söz vasitəsilə Cənubi Osetiya adlandırılan yerin (məgər bu mənim üçün ağrısı səngiməyən yara deyil?) əhalisiylə də görüşməkdən şərəf duyaram. Siyasətçiərin qanunun və topların diliylə danışmaq haqqı varsa, şairlərin yalnız bir silahı var- söz.

2008-ci ildə mənim ölkəm bombardman ediləndə öz etirazımı, “müharibəyə- yox deyək!” fikrimi nifrət dolu çıxışla deyil, şeirlə dedim, moskvalı şairə həmkarıma yazdım ki, müharibə aramızdakı yolu səhraya çevirib, indi sənə ünvanladığım ismarıcımı yalnız mələklər çatdıra bilər, və əgər o sənə çatsa, sən də onu göz yaşlarınla suvarsan, deməli dava bütün körpüləri və yolları yandırmayıb.

Mənim siyasətim sevgidir…amma… Amma burda qələmim dayanır. Özümə sual edirəm: şairin onu gözləyən tək bir oxucunun yanında olması fikri sənə həqiqət kimi görünürsə, amma bu səfərin başqa birini kədərləndirisə, sənin bunu eləməyə haqqın varmı? Bu sual məni düz bir aydır ki, rahat buraxmır.

Bütün suallar tək bir cavab istəyir, bütün cavablar isə şərtidir.

Nəyisə izah edib-etmədiyimi bilmirəm, amma bir şeyi aydın şəkildə izhar eləmək istəyirəm: mən həmişə Azərbaycan mədəniyyətinin sədaqətli pərəstişkarı olmuşam, bu gün də belədir və olacağam, həmişə Azərbaycan xalqını sevmişəm və sevəcəyəm.

Ola bilsin ki, mənim səfərim, bu addımım kədərli də olsa Azərbaycan sərhədlərini üzümə həmişəlik bağlayacaq, amma daha kədərli bu olardı ki, azərbaycanlı dostlarımın qəlbləri mənim üçün bağlansın. Heç bir pis niyyətim olmadan belə dərin şəkildə incitdiyimə görə Sizin hamınızdan alicənadlıqla məni bağışlamanızı istəyirəm.

Hörmətlə, ən yaxşı arzularla,
Makvala Qonaşvili…
21 noyabr, 2012-ci il”
XS
SM
MD
LG