Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:06

Britaniyada media azadlığına təhlükə var?


Londonda qəzet satışı
Londonda qəzet satışı
-

Britaniyada mətbuatın qanun əsasında tənzimlənməsi təklifi elan edilib.

Bu təklif artıq bir ilə yaxındır ki, mətbuatda qanun pozuntularını araşdıran Ali Məhkəmə hakimi Lord Leveson-un hazırladığı böyük həcmli hesabatda səslənib.

Britaniyanın siyasi ənənəsinə görə, ölkədə ictimai önəmli hadisələr baş verərkən, hökumət bir qayda olaraq Ali Məhkəmə hakimlərinin hesabat hazırlamasını istəyir.

Sonradan belə hesabatlara dayanan qanunlar qəbul olunur.

Məşhur bulvar qəzeti «Sun»ın bir sıra tanınmışların telefon söhbətlərinə qulaq asması və onların mesajlarını oxuması üzə çıxandan sonra baş nazir lord Leveson-a mətbuatın pozuntularını araşdırmaq barədə hesabat hazırlamağı tapşırmışdı.

İctimaiyyəti ən çox çiyrəndirən fakt - 13 yaşlı qətl qurbanının telefonundan son mesajların çıxarılması idi.

«Sun»ın redaktoru Rebecca Brooks baş nazirin ailə dostu olduğundan, məsələ lap qəlizləşmişdi. Sonradan təkcə Brooks deyil, baş nazirin mətbuat katibi Andrew Coulson da məhkum edildilər.

Beləcə, David Cameron özünə, necə deyərlər, daha bir problem yaradıb.

Lord Leveson
Lord Leveson
O, mediada yol verilən pozuntulara dair hesabat hazırlanmasına sərəncam verərkən, nəticədə mediaya «xalta taxılması» təklifinin gələcəyini gözləmirdi.

Bu üzdən indi David Cameron hesabat hazırlanmasına sərəncam verməklə, özünün düşdüyü quyudan tək çıxış yolunu ölkə mediasının qanunla tənzimlənməsi ideyasını rədd etməkdə görüb.

MEDİA AZADLIĞI DEBATI HAKİMİYYƏTİ PARÇALAYIB

Reuters agentliyi yazır ki, Cameronun bu mövqeyi mühafizəkarlardan və liberal- demokratlardan ibarət hakim koalisiyanı tamamilə parçalaya bilər.

Bununla belə, Cameron parlamentdəki çılğın çıxışında mətbuatı hər hansı qanuna salmağı Caesar-ın (Sezar) Rubikon çayını, yəni ən son həddi keçməsinə bənzədib.

Britaniyada mətbuatın özünütənzimləyən – Mətbuatdan Şikayətlər Şurası 1953-cü ildən mövcuddur. Bu qurum mətbuatda etik normaların gözlənməsinə nəzarət edir.

Qurum həmçinin jurnalistlərə qarşı məhkəmə iddialarının önlənməsi üçün iddiaçı tərəflə danışıqlar aparır və mübahisənin məhkəmədən kənar həllinə nail olmağa çalışır.

Lord Leveson bildirib ki, medianın özünütənzimləmə mexanizmi bundan sonra da qalmalıdır, sadəcə, tənzimləyici orqanın özü barədə yeni qanunların tətbiqinə ehtiyac vardır.

Mətbuat azadlığının müdafiəçiləri bu yanaşmadan narahatdırlar. Onların fikrincə, özünütənzimləmə orqanının qanunlara salınması media qurumunun tərkibcə necə formalaşmasına təsir göstərə bilər.

Qanunu pozmuş jurnalistin 1 milyon funt sterlinqədək cərimələnməsi də yeni təkliflərdən biridir.

David Cameron
David Cameron
Təxminən 2 min səhifəlik hesabatını Britaniya parlamentində açıqlayan Leveson deyib ki, o, ölkənin 300 illik mətbuat azadlığına ziyan vurmaq niyyətində deyil, amma mətbuatın da, zaman-zaman, məsuliyyətsiz və qəbuledilməz davranışlara yol verdiyi danılmazdır. Belə davranışlar günahsız insanların həyatını darmadağın edir.

KRAL AİLƏSİNƏ SATAŞMAQ

Britaniyada mətbuatın cilovlanması üçün son 70 ildə 7 dəfə cəhd göstərilib.

Məsələn, 1930-cu illərdə kral VII Edward-a rəğbəti olan bulvar qəzetləri sözü bir yerə qoyub, onun iki dəfə boşanmış amerikalı sevgilisi Wallis Simpson barədə yazmaqdan boyun qaçırırdılar.

Halbuki, Buckingham sarayındakı çəkişmələrin bəzi iştirakçıları, o cümlədən, hazırkı əlahəzrət 2-ci Elisabeth-in anası bu məsələnin mətbuatda geniş işıqlandırılmasına çalışırdı ki, Edward-ın «dalından dəymək» mümkün olsun.

Britaniyada ilk müstəqil şura 1953-cü ildə yaradılıb. Bu şura ilk toplantılarından birində 2-ci Elisabeth-in qızı şahzadə Margaret-in, boşanmış ordu kapitanı Peter Townsend-lə sevgi macərası barədə məqaləni dartışıb. Həmin məqalə «The Daily Mirror» qəzetində çıxıbmış.

Media sonrakı illərdə şahzadə Diana-nı güdməkdə, hətta onun ölümünə səbəb olmaqda ittiham edilmişdi.

LEYBORİSTLƏRİN QİSASI

Müxalif Leyboristlər Partiyası lord Leveson-un «mətbuatı buxovlamaq» təklifini qızğın müdafiə edir.

«The Daily Telegraph» qəzeti Leyboristlər partiyasından olan millət vəkillərinin parlamentin ayırdığı pulları mənimsədiyini üzə çıxardığından, bir çox təhlilçilər leyboristlərin qəzəbini həmin fakta bağlayırlar.

Leyboristlərin hakimiyyətdə olduğu vaxt «The Daily Telegraph» hakim partiyanı təmsil edən bir millət vəkilinin hətta öz pişiyi üçün yemi də dövlət puluna aldığını ifşa etmişdi.

Əksər şərhçilər inanırlar ki, Leyborist hökumətinin seçkilərdəki rüsvayçı məğlubiyyətində «The Daily Telegraph» aparıcı rol oynayıb.

Parlament binası, London
Parlament binası, London
Sadəcə aranı qarışdıran budur ki, hakimiyyət koalisiyasına daxil olan liberal-demokratlar da leyboristləri dəstəkləyirlər.

Bu isə o deməkdir ki, mətbuat azadlığını müdafiə edən David Cameron məsələ parlament səsverməsinə çıxarılanda məğlub ola bilər.

BAŞ NAZİRİN MÜTTƏFİQİ MEDİANIN ÖZÜDÜR

Ancaq baş nazir uduzmaq niyyətində deyil və tezcə bildirib ki, mətbuat barədə hər hansı məhdudlaşdırıcı qanun layihəsinə veto qoyacaq.

O biri yandan, Britaniya parlamenti bu məsələni səsə qoyub qəbul etsə də, onun məcburi gücü olmayacaq.

Aparıcı mətbuat ekspertləri əmindirlər ki, hətta qanun halına salınsa da, mətbuata nəzarət heç nəyi dəyişməyəcək.

Onsuz da mövcud qanunlar mediaya qarşı çox sərt davranır.

Başlıcası da odur ki, baş nazirin müavini Nick Clegg David Cameron-u tərk etsə də, sonuncunun Britaniya tarixi boyunca yenilməyən müttəfiqi var.

Söhbət vaxtaşırı baş nazirin özünü də darmadağın edən mətbuatdan gedir.
XS
SM
MD
LG