Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 08:09

Əlil: «Nə vaxta qədər təqaüdlə dolanım?» [Video]


Həyatdan küsmək və...barışmaq
Gözlə

No media source currently available

0:00 0:05:42 0:00

Həyatdan küsmək və...barışmaq

-
Əsgər getməzdən öncə Xəzər Mirzəyevin fərqli - rəngli dünyası vardı. Daha doğrusu, rəngsazdı, avtomobilləri boyayırdı. Hərdən sintezatorda çalmağı da olurdu. Amma hərbi xidmətdə əllərini itirəndən sonra boyalardan da, avtomobildən də uzaq düşdü:

«Qəlpə əlimdə partlayıb. Gizirin səhvi ucbatından baş verdi. Adi plastmas parçası bildi, o da əlimdə partladı».

Danışır ki, bu hadisədən sonra uzun illər həyata küsüb, qaranlıq otaqlara qapanıb. Amma görüb ki, bu da çıxış yolu deyil, o, qaranlıq otaqdan çıxmağa vadar olub. Ailə qurub, oğul-uşaq sahibi olub, özünə iş qurmağa çalışıb. Amma məlum olub ki, iş tapmaq elə də asan deyil:

«Bir neçə banka müraciət etmişəm ki, kredit verin, özümə iş qurum. Nə vaxta qədər təqaüdlə dolanım? Amma kredit vermirlər. 260 manatla dolanmaq olmur. İş yerləri yaratsınlar».

HƏR 50 İŞ YERİNDƏN BİRİ ƏLİLİNDİR

«Biz əlillərin işə qəbul olunması barədə düşünürük. Azərbaycanda Əmək Məcəlləsinə əsasən, 50 iş yerindən 1-i əlillərə verilməlidir».

Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli lent.az portalında «Sən də əlil ola bilərdin» başlıqlı məqaləsində belə yazır.

Hadı Rəcəbli daha sonra yazır:

«Elə iş yerləri var ki, əlillər orada çalışa bilərlər. Tutaq ki, qəzet köşklərində, kompüter xidmətində, mühasibatda uyğun fiziki qüsuru olan adam rahat çalışa bilər. Bu insanlar üçün iş yerləri yaradılmalıdır ki, sosial müdafiəsi yaxşı olsun».

10 AYA 150 İŞ YERİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzadlıqRadiosuna verilən məlumata görə, son 10 ayda təxminən 150-dək əlil işlə təmin olunub, 70-dən artıq əlil peşə hazırlığına cəlb olunub. «Bu, az deyilmi?» sualına nazirliyin əlillərlə bağlı dövlət siyasəti sektorunun müdiri İsgəndər Mustafayevin cavabını eşidək:

«Bu, həmin insanların müraciəti əsasında baş verir. Son illərdə 2300-ə qədər əlil müraciət edib, 1100-dən artıq insan işlə təmin olunub. Bu insanların məşğulluğu bizim üçün
Foto: Arxiv
Foto: Arxiv
prioritetdir».

İsgəndər Mustafayev deyir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu yöndə Milli Fəaliyyət Planı hazırlayıb. Onun dediyinə görə, layihə təsdiqlənərsə, regionlarda əlillər üçün müxtəlif profilli iş yerlərinin açılmasına real imkan yaranacaq.

CƏRİMƏLƏR ARTIRILA BİLƏR

Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimliyə görə, reallıqda əlillər üçün ayrılan iş yerləri çox azdır:

«Əlillik iki cürdür: sosial müavinət alanlar və əmək pensiyası alanlar. Əmək pensiyası alanlar 336 mindirsə, onlardan cəmi 25 minə yaxını işlə təmin olunub. Bu, çox az faizi təşkil edir. Baxmayaraq ki, kvota var. Qanunda da var ki, hər hansı müəssisə bunu yerinə yetirməsə, cərimə olunmalıdır. Ancaq cərimələr də köçürülmür».

İnzibati Xətalar Məcəlləsinə görə, müəssisə rəhbəri əlili işə götürməkdən imtina edərsə, 50-90 manat cərimə olunmalıdır. Nazirlik bildirir ki, son 10 ayda vur-tut 80-dən artıq idarə-müəssisə cərimə olunub. Ancaq sektor müdiri İsgəndər Mustafayev deyir ki, həmin cərimələri bir neçə dəfə artırmaq haqda düşünürlər. Ya da işəgötürənlər üçün stimullaşdırıcı təkliflər də hazırlana bilər.

NƏ İNFRASTRUKTUR ƏLİLLƏR ÜÇÜN UYĞUNDUR, NƏ DƏ İŞ YERLƏRİ

Foto: Arxiv
Foto: Arxiv
Davud Rəhimli deyir ki, iş yerlərinin yoxluğu bir problemdir. Ancaq daha önəmlisi infrastrukturun və iş yerlərinin əlillər üçün uyğun olmamasıdır:

«Misal üçün əlil arabasında bir insan evindən çıxıb işə getməlidir. Əvvəla binanın lifti, pilləkənlər buna uyğunlaşmalıdır. Ya da avtobus dayanacağına qədər olan yolu götürək, səkilər onlar üçün uyğun deyil. Avtobuslar da əlil arabaları üçün uyğunlaşdırılmayıb. Tutaq ki, işə çatdı. Yenə lift, pilləkənlər, iş yerində oturacaq yerləri, kommunal sahələr, əl-üz yuyan olmalıdır. Yəni əlilin qarşısında çoxsaylı fiziki maneələr var».

Hadı Rəcəbli də etiraf edir ki, əlillər üçün avtobuslara, binalara panduslar qoyulmalıdır:

«Bəzən əlillərimiz şikayətə gəlirlər, icra hakimiyyətlərində pilləkənləri çıxa bilmirlər. Bu məsələlər Mənzil Məcəlləmizdə artıq öz əksini tapıb».

Dekabrın 3-ü Beynəlxalq Əlillər Günüdür. Bu gün 1992-ci ildən BMT-nin qərarı ilə qeyd olunur.

Azərbaycanda 420 minə yaxın əlil var və əhalinin 4.5 faizini təşkil edir. Amma Avropada bu faiz 9-12 arasında dəyişir.

Dünyada isə bir milyarddan çox əlilliyi olan şəxs yaşayır.
XS
SM
MD
LG