Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:25

BP-də «özününkülər» və «yadlar» var?


Arxiv foto
Arxiv foto


«BP-nin Azərbaycandakı obyektlərində işçilərdən tələb olunur ki, pilləkəndə sürahidən tutsunlar, çay ya kofe fincanının ağzını örtsünlər. Bu qaydaya əməl etməyəndə intizamı ağır şəkildə pozmuş sayılırsan. Təbii ki, bu qayda yerli əməkdaşlar üçündür, əcnəbilərə dəxli yoxdur. Üstəlik, rəhbərlik azərbaycanlı əməkdaşlara xəbərdarlıq edib ki, qaydanı birinci dəfə pozmaq töhmət, ikinci dəfə pozmaq isə işdən çıxarılma ilə nəticələnə bilər».

Bu fikirlər dekabrın 4-də Prezident Administrasiyasına yaxınlığı ilə seçilən «1news» portalında dərc olunmuş oxucu məktubundandır. Məktubun müəllifi «Azərbaycan vətəndaşıdır», redaksiya adın gizlədilməsini həmin şəxsin peşə fəaliyyəti ilə bağlayıb.

BP-də ƏCNƏBİLƏRLƏ YERLİLƏRƏ FƏRQ QOYULUR?

Tamam Bayatlı
Tamam Bayatlı
Məktubda BP şirkətində yerli işçilərin hüquqlarının pozulmasına dair çoxsaylı iddialar yer alıb, yazılır ki, yerlilərin azərbaycanca danışması belə əcnəbilərdə qıcıq yaradır. Əcnəbilər yüksək maaşla Bakıya gətirilir, bahalı evlərdə yerləşdirilir; hansısa qəza onun üzündən baş verirsə, cəzadan yayına bilir və sairə.

BP-nin sözçüsü Tamam Bayatlı bu məktubda səslənən fikirlərlə bağlı AzadlıqRadiosuna deyir ki, BP şirkəti şəffaf və açıqdır, burada işgüzar, qarşılıqlı hörmətə əsaslanan və son dərəcə ədalətli iş şəraiti yaradılıb:

«Şirkətin daxili davranış kodeksi var. Hamı bu kodeksə əməl etməyə borcludur. Kimsə, nə vaxtsa bu qaydaları, bizim standartları pozursa, ona qarşı dərhal tədbir görürük. Həmin tədbir də şirkətin bütün işçilərinə açıqlanır. Şirkətdən kənara təsiri olan tədbirdirsə, tərəfdaşlarımıza, maraqlı tərəflərə açıqlanır».

Tamam Bayatlı vurğulayır ki, BP-nin istər yerli, istərsə də xarici əməkdaşları bir ailə kimi çalışır, iş şəraiti və standartlardan razı qalır.

(BP-də niyə həmkarlar təşkilatı yoxdur, işçilərin neçə faizi azərbaycanlılardır, bu suallara cavabları burada eşidin):


«1NEWS» NİYƏ İNDİ YAZIR?

Qeyd edək ki, sözügedən məktub «1news»-un bp-yə qarşı ilk tənqidi yazısı deyil. Noyabrın 28-də dərc olunmuş məqalədə iddia olunurdu ki, Britaniya mətbuatında Azərbaycanla bağlı tənqidi yazıların arxasında bp şirkəti dayanıb. Agentliyin redaksiya məqaləsində bu yanaşmanın Prezident İlham Əliyevin bp-ni tənqidindən sonra başlandığı qeyd edilirdi.

1news saytının görüntüsü
1news saytının görüntüsü
Bu zaman «1news»-un son 2-3 həftədə bp əleyhinə yazılarının arxasında kim dayanır? Elə son oxucu məktubunun da əslində redaksiya mövqeyi olduğunu düşünənlər, bu yazıları birbaşa hakimiyyətin sifarişi sayanlar var. Niyə bundan əvvəl bəzi QHT rəhbərlərinin gündəmə gətirdikləri məsələlər hakimiyyətyönlü medianın diqqətindən kənarda qalırdı?

«1news» agentliyinin rəhbəri Rəhman Hacıyev günboyu zənglərə cavab vermədiyindən, AzadlıqRadiosunun sualları cavabsız qaldı.

GÜNDƏMLƏ KAMPANİYAÇILIĞIN FƏRQİ

Bəs bir media qurumunun bənzər kampaniya aparması media etikasına uyğundurmu?
Jurnalistika xəbəri gündəmə gətirir və gündəmdə saxlayır. Bu mənada hadisələrin gündəmdə qalması təbiidir. Bunu media eksperti, siyasət elmləri üzrə fəlsəfə doktoru Aynur Bəşirli deyir. Ancaq o, vurğulayır ki, gündəm kampaniyaçılığa keçməməlidir:

«Gündəm o zaman kampaniyaçılığa keçir ki, jurnalistika öz funksiyalarını itirir və dəyişməyə başlayır. O, təbliğatçı, təşviqatçı və təşkilatçıya çevrilir ki, bu da artıq jurnalistika deyil».

Aynur Bəşirli düşünür ki, jurnalistika gündəmi saxlamalı, medium-vasitəçi olaraq tamaşaçısına, oxucusuna səs verməli, onların səsini mediaya gətirməli və bu səsin əsasında ictimai rəyin yaranmasına kömək etməlidir. Yaranmış rəyin əsasında isə qərar qəbul olunmalıdır. Bu hərəkət edən dövrəyə jurnalistika kampaniyaçı kimi qatılırsa, dövrə qapanır, bu da cəmiyyət üçün yaxşı bir şey vəd etmir.
XS
SM
MD
LG