Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 10:22

M.Ə. Rəsulzadə türkçülüyə «pan» damğası vuranlara nə dedi?


Yadigar Türkel və Xaliq Bahadır
Yadigar Türkel və Xaliq Bahadır
-
«Bizim ideologiyamız var. Bu ideologiyanı bizə bir əsr öncə M.Ə. Rəsulzadə işləyib, qoyub, gedib».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına yazıçı-jurnalist Xaliq Bahadır söylədi.

AZƏRBAYCANDA İDEOLOJİ BOŞLUQ VAR

M. Ə. Rəsulzadənin yenicə çapdan çıxmış «Pantürkizm. Qafqaz sorunu» kitabının (tərtibçi və rus dilindən çevirən Yadigar Türkel) işıq üzü görməsində xidmətləri olan Xaliq bəy bizi ideologiyasızlıqda suçlayanlara cavab olaraq bunları söylədi:

«Azərbaycanda bu gün ideoloji boşluq var—müxalifətdə də, hakimiyyətdə də. Amma bizim ideologiyamız var. Özü də dünyanın ən güclü ideologiyalarından biridir. Olduqca çağdaş, köhnəlməyən ideologiyadır, bizə uğur qazandıracaq ideologiyadır. Sadəcə, bunu oxumaq, öyrənmək istəmirik. Bax, bu böyük boşluğu doldurmaq üçün bu işə girişdik. Təbii ki, işin başında Yadigar Türkel dururdu. Mən də bir az ona kömək elədim. Ən önəmlisi odur ki, biz ortaya Məhəmməd Əmini qoymuşuq—gerçək Məhəmməd Əmini!».

KİTABLARI ARI TÜRKCƏYƏ ÇEVİRMİŞİK

Xaliq bəyin fikrincə, Rəsulzadənin əsərlərini olduğu kimi çap etdirmək onu gənc nəslə çatımlı etmir:

«Bizim hamımızın müəllimi olan Şirməmməd Hüseynov Rəsulzadənin neçə kitabını nəşr etdirib. Sağ olsun. Mən ərəb-farsı yarısınacan bilirəm, amma onlardan tam baş açmıram. Bu, Şirməmməd müəllimin suçu deyil, çağın suçudur. M.Ə. Rəsulzadə XX əsrin o başının dili ilə yazıb. Ərəbi, farsı gözəl bilib. Mollaxanada oxuyub. Biz Yadigar bəylə ona çalışdıq ki, yalnız bu günün dili ilə deyil, gələcəyin dilində olacaq kitablar qoyaq ortalığa. Yalnız indi yox, 100 il sonra oxuyanlar da Məhəmməd Əmin bəyi anlasınlar. Odur ki, bu kitabların hamısını arı (arınmış türkcəyə--S.İ.) türkcəyə çevirmişik».

MİN İLDƏN SONRA DA MƏHƏMMƏD ƏMİN OLACAQ

Xaliq bəy MEA-nın Yadigar bəyi bu məsələdə qınadıqlarını da bildirdi:

«Deyiblər ki, belə etməklə siz Məhəmməd Əmin bəyin ruhunu incidirsiniz. Fikrimcə, biz bu kitablarla onun ruhunu güldürmüşük, ona sığal çəkmişik. Onu bir daha bu xalqa tanıtmağa çalışmışıq. Oxuyan tanıyacaq, biləcək ki, onun Məhəmməd Əmin kimi böyük lideri var. İnanın, hər kitabı oxuduqca mən uşaq kimi sevinirəm, qol-qanad açıram ki, xalqımın belə böyük lideri var. Liderlərin qiyməti çağdan-çağa dəyişir. M. Əminin böyüklüyü ondadır ki, o, bitib-tükənməzdir. Min il bizdən sonra da M. Əmin olacaq. Mən buna inanıram. Odur ki, istər müxalifət, istər hakimiyyət onu dərindən öyrənməli, onu bayrağına çevirməlidir».

BU, RƏSULZADƏNİN 5-Cİ KİTABIDIR

Yadigar Türkel son illərdə Rəsulzadənin bir neçə kitabını işləyib müasir düşüncəyə uyğunlaşdırdığını deyir:

««Azərbaycan şairi Nizami» (2008), «Milli birlik» (2009), Nizami haqqında kitabın bitkin çapı (2011) və «Qafqaz türkləri» (2012). Amma bu kitab barədə heç nə bilmirdim. Akademiyanın alimlərindən biri--Xaləddin Xəlilli mənə dedi ki, sən ideoloji yöndə bu millət üçün xeyli iş görübsən. Rəsulzadənin bir kitabı da var.
Yadigar Türkel və Xaliq Bahadır
Yadigar Türkel və Xaliq Bahadır
Onu da eləsən, fəaliyyətin bitkin olacaq».

ƏGƏR SƏN BUNU ETMƏSƏN...

Yadigar bəy bir az xəstə olduğundan əvvəlcə bu işdən vaz keçib:

«Xaləddin bəy bunu eşidəndə, çox acıqlandı və dedi ki, sən bu işi etməsən, elə bil ki, Azərbaycan xalqına heç bir şey etməyibsən... Kitabxanadan tapıb işə başladım. Gördüm çox böyük ideoloji kitabdır və doğrudan da, bunu çevirmək gərəkdir».

KİTAB 1930-CU İLDƏ PARİSDƏ RUSCA ÇIXIB

Yadigar Türkel Xaliq Bahadırın da bu kitabın çapında çox böyük əməyi olduğunu deyir:

«Kitab 1930-cu ildə Parisdə rusca çıxıb. Biz istəyirik indiki nəsil bunu daha yaxşı anlasın. Bu kitabda, demək olar ki, ərəb sözü işlədilməyib. Amma bir sıra sözlər var ki, ədəbi dildə az işləndiyindən, şüur altındakı ərəb sözləri buna qarşı durur. Onları Xaliq bəylə işlədik».

KİTABA NUH JORDANİYA ÖN SÖZ YAZIB

Yadigar bəy kitabın 1930-cu il nəşrinə Gürcüstan Milli Şurasının başçısı Nuh Jordaniyanın ön söz yazdığını bildirdi:

«2007-ci ildə «Qafqaz» Yayın Evi bunu çoxaldıb verib kitabxanalara. Sağ olsunlar. Kitabda 3 böyük yazı var. Birincisi «Rusiyanın qulluğunda» adlanır. Rusiya imperiyasının yandaşlarından olan erməni ideoloq Xondkaryana verilmiş cavabdır. Olduqca yüksək səviyyəli cavabdır. İkinci yazı Rusiya Keçid Ağalığının (Müvəqqəti Hökumət—S.İ.) başçısı Kerenskiyə cavabdır. «Nə peyindir, nə də material»—bu başlıq Kerenskinin öz cümləsidir. Üçüncü yazının tarixi belədir: 1930-cu ilin aprelində Parisdə Qafqazdan qaçan siyasi sığınmaçıların toplantısında Məhəmməd Əmin bəy çıxış edib. Çıxışın adı belədir: «Panturanizm i problema Kavkaza». Kitabın adı isə «O panturanizme. V svyazi s Kavkazskoy problemoy» idi. Biz bu adı daha da çağlaşdırdıq, «Panturanizm. Qafqaz sorunu» etdik. Bu yazılarda M.Ə. Rəsulzadə türkçülüyə avropalıların «pan» damğası vurmasına qarşı çıxır və deyir ki, bizim bu ideologiyamız türklərin mənəvi-mədəni-kültürəl birliyi baxımındandır. Amma türklər haçansa bunu siyasi düşüncəyə çevirməkdən qaçmazlar. Deyir ki, bu «Panturanizm» adı verdiyiniz türkçülüyü biz almanlardan götürdük. Sonradan göründü ki, bu, almanlardakı kimi nasionalizm, irqə dayanış yox, daha çox mədəni-kültürəl anlama gəldi. Ona görə də, bizimki daha çox slavyanizmə--«panslavyanizm»ə yaxındır».

QAÇQIN YAŞAMININ DÖZÜLMƏZ KOŞULLARI...

Yadigar Türkel və Xaliq Bahadır
Yadigar Türkel və Xaliq Bahadır
Yadigar Türkel deyir ki, Rəsulzadə kitablarını çox çətin bir şəraitdə yazıb:

«Özü belə yazır: Qaçqın yaşamının dözülməz koşulları içində yazdım... Düşünürsünüzmü, bu adamda necə baş, necə ağıl varmış? Mən elə bilirdim ki, buradan sənədlər, kitablar aparıb. Sən demə, yox! Ancaq yadında qalanları kompüter dəqiqliyi ilə yazıb».

NƏ HAKİMİYYƏT MARAQLANIR, NƏ MÜXALİFƏT!

Verilişimizin qonaqları 5 kitab ortaya qoyduqları halda, heç kimin bu işlə maraqlanmadığını ürək ağrısı ilə söyləyirlər:

«Nə hakimiyyət maraqlanır, nə də müxalifət. Bu kitablarsız Azərbaycanın gələcəyi ola bilməz. Elə belə olar! Bu kitablar Azərbaycan üçün projektordur elə bil... Hakimiyyət bir yana, istənilən müxalifət bu kitabları stolüstü etməlidir ki, ölkəsinə daha yaxşı gələcək yaratsın. Kitablara tanıtım keçiririk, gələn olmur... Yadigar bəy cibinin pulu ilə kitablar çap edir, onları orada pulsuz paylayır. Gəlib pulsuz da götürmürlər. Ayrı-ayrı partiyalar maraqlanmalıdır, İctimai Palata maraqlanmalıdır. Bu kitablar yayılmalıdır. Tanıtıma gəlmək üçün Akademiyaya 5 taksi göndərdim, yenə də gəlmədilər. Cəmiyyəti elə bir durğunlaşdırıblar ki, siyasi düşüncə ölüb...».

RƏSULZADƏNİN «İRAN TÜRKLƏRİ» KİTABI—AYDA NƏŞRİYYATA 50 MANAT VERİRƏM

Yadigar bəy növbəti—6-cı kitabın «İran türkləri» olduğunu dedi:

«Hər ay nəşriyyata öz cibimdən 50 manat verirəm. Xaliq bəylə o kitabı son dəfə oxuduq. Bir sıra dəqiqləşmələr var. Sağlıq olsa, gələn il də bu kitabı çapa verəcəyik».

SÖZ VERDİLƏR, PUL VERMƏDİLƏR...

Xaliq bəy bu barədə partiyalara da ağız açdıqlarını bildirdi:

«Görün, Yadigar bəy hansı çətinliklə bu kitabları çap etdirir. Partiyalara da dedim. Söz verdilər, pul vermədilər. Liderlər ağzını açanda, neçə milyon üzvdən danışır. Hər üzv 1 manatdan yığsa idi, bu kitablar çoxlu tirajla çap olunardı. Hamıya çatardı»...
XS
SM
MD
LG