Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:26

Öldürülüb, yoxsa özünü öldürüb?


Pərviz Mikayılovun meyiti
Pərviz Mikayılovun meyiti
-
Zaqatala sakini məhbus oğlunun işgəncə ilə öldürüldüyünü bildirir. Yuxarı Tala kəndinin sakini Fatma Əliyevanın fikrincə, oğlu Pərviz Mikayılova Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində işgəncə veriblər. Onun dediyinə görə, dekabrın 17-də Penitensiar Xidmətdən zəng vurub oğlunun intihar etdiyini bildiriblər:

«Oğlum 16-cı «kolon»daydı. Əsəbləri pozulmuşdu deyə, iki aya yaxındı ki, tibb müəssisəsinə qaldırılmışdı. Xəstəxanada onu möhkəm, ölümcül döyüblər. 16-cı «kolon» qəbul etmədiyi üçün 17-ci «kolon»a aparmalı olublar. Oğlum «kolon»a çatandan 2 saat sonra ölüb. Bizə dedilər ki, guya özünü asıb. Meyit gözümün qabağındadır. Kəllə sümüyü sınıb, bədəni də qapqaradır. Ekspert tələb edirik, vermirlər».

Fatma Əliyeva məlumatı dustaqlardan aldığını deyir.

«DEDİLƏR, EHTİYATLI OLUN»

Pərviz Mikayılovun anası əlavə edir ki, 30 yaşlı oğluna ötən ilin noyabrında yol polisləri ilə mübahisədən sonra cinayət işi açılıb. Ancaq onun həbsinə səbəb hadisənin izləri 2010-cu ilə aparır:

«2010-cu ildə polislər oğlumun cibinə narkotik atıb həbs eləmişdilər. O zaman biz hər yerə şikayət elədik, həqiqəti üzə çıxardıq, məhkəməni udduq. Bizə deyirdilər ki, «ehtiyatlı olun, sizi yenə şantaj edəcəklər»».

Fatma Əliyeva deyir ki, oğluna saxta ittihamla cinayət işi açılması qisasçılıq məqsədi güdüb:

«2011-ci ilin noyabrında oğlumun maşınını pərdəyə görə saxlayıblar. Deyiblər ki, polisə getməliyik. Oğlum da qorxub ki, polisə aparıb yenə cibinə narkotik qoyarlar. Getməyib, aralarında mübahisə yaranıb, polislər onu söyüblər. Bu hadisədən sonra oğluma xuliqanlıq maddəsi ilə cinayət işi açdılar. Zərərçəkənlər 5 nəfər polis işçisi idi».
Pərviz Mikayılovun meyiti
Pərviz Mikayılovun meyiti

BİR MAŞIN ODUNA ŞAHİD?

Fatma Əliyevanın dediyinə görə, cinayət işinə etiraz edən oğlu Bakı bulvarındakı qülləyə çıxaraq intihar etmək istəyib:

«Bu hadisədən bir gün sonra Zaqatala məhkəməsi onun haqqında həbs-qətimkan tədbiri seçdi. Bu il oktyabrın 4-də 3 il müddətinə azadlıqdan məhrum edildi. Məhkəmə ədalətsiz keçirildi. Şahidlərin hamısına hədə-qorxu gəlmişdilər. Biri məhkəmədə dedi ki, onu bir maşın oduna Pərvizin əleyhinə ifadə verməyə məcbur ediblər. Məhkəmənin qərarından apelyasiya şikayəti vermişdik. Ali Məhkəməyə də müraciət etdik. Bir həftə öncə Ali Məhkəmədən zəng eləmişdilər ki, «oğlunuzun heç bir günahı yoxdur, azadlığa buraxacağıq»».

Fatma Əliyeva deyir ki, YAP-ın yaradıcılarından biri olması da ona oğlunun işinin ədalətli aparılmasına yardımçı olmayıb:

«Burada YAP-ın özəyini mən yaratmışam. YAP ayağını qoyan yerə başımı qoymuşam. Mənə belə edirlərsə, gör, sadə adamların başına nə oyun açırlar».

«O ADAMIN PSİXİ PROBLEMLƏRİ VARDI»

Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən də ölüm hadisəsini təsdiqlədilər. Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Sadıqov Pərviz Mikayılovun işgəncə verilərək öldürülməsi iddiaları ilə razılaşmır, intihar etdiyini
Mehman Sadıqov
Mehman Sadıqov
bildirir:

«O adamın psixi problemləri vardı. Bununla bağlı müəssisədə müəyyən tədbirlər görülmüşdü. Xəstəxanada yox, bir neçə gün öncə 17-ci «kolon»da özünü asaraq intihar edib. İşgəncə verilərək öldürülməsi barədə deyilənlər boş sözlərdir. Pərviz Mikayılov bir il öncə də bulvardakı paraşüt qülləsindən özünü atmaq istəmişdi. O, müalicə müəssisəsində ölməyib».

Hüquqşünas Yalçın İmanov isə bildirdi ki, psixi problemləri olan dustağın cəzaçəkmə müəssisəsində saxlanılması qanunaziddir:

«Psixi problemləri vardısa, cəzaçəkmə müəssisəsində nə işi vardı ki, orada da özünü assın? Xəstəxanada olubsa, müalicəsi başa çatmadan cəzaçəkmə müəssisəsinə qaytarılıbsa, bu, yenə qanun pozuntusudur. Tam sağalmayan xəstəni müalicə müəssisəsində saxlamalı idilər. Dustaq özünü asıbsa, bunun məsuliyyəti Penitensiar Xidmətin üzərində qalır. Yox, öldürülübsə, artıq bununla bağlı cinayət işi açılmalıdır».

Zaqatala rayon Polis İdarəsindən nə Pərviz Mikayılovla bağlı cinayət işinə, nə də söylənən ittihamlara cavab verdilər.
XS
SM
MD
LG