Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:03

Dərdlərə dərman camış niyə bir elə də sevilmir?


Öküzlər
Öküzlər
-

Hələ sovetlər dönəmində Azərbaycanda bir sıra camışçılıq təsərrüfatları olsa da get-gedə bu heyvanı saxlayanların sayı azalıb. Cənubi Qafqaz ölkələrindən əsasən Azərbaycan mühitinə uyğunlaşmış bu heyvanların sayının azalmasını statistik rəqəmlər də təsdiqləyir. Bir neçə il öncə ölkədəki camışların sayı 330 min idisə hazırda 228 min baş təşkil edirlər.

28 ildir ki, maldarlıq təsərrüfatı ilə məşğul olan Samux şəhər Yenikənd qəsəbəsinin sakini Süleyman Cəfərov da deyir ki, sürüsündə 20-dən çox camışı olub. Ancaq hazırda 3 camışa güclə baxır. Fermer otlaq, örüş sahələrinin olmadığını əsas gətirir. Bununla belə Süleyman Cəfərov əlavə edir ki, camışdan əldə etdiyi məhsullun həm keyfiyyəti, həm də gəliri yaxşı olur. Deməsinə görə, camışın südünü də, qatığını da inəyinkindən 2 dəfə baha qiymətə satır:

«ÖRÜŞ DƏRDİNDƏN HAMI İNƏK SAXLAYIR»

«Çətinliyimiz bundadır ki, örüşümüz olsa süni gölləri birtəhər özümüz yaradarıq. Onun qatığı, südü satılanda bizə sərfəlidir. İnəyin ikiqat qiymətinə satılır. Hərənin öz yeri var, torpaqları bölüblər, hərə öz heyvanını saxlayır. Bizim kəndimizdə örüş çox idi. Örüş dərdindən indi hamı inək saxlayır. Bizim qapıda 16-17 camışımız var idi».

Süleyman Cəfərov
Süleyman Cəfərov
«Harada camış, orda qamış» misalını nənə-babalar daim çəkirdi. Amma fermer Süleyman Cəfərov əlavə edir ki, süni göllərdə əsasən qamış olmur. Ona görə də adi şəraitdə, otlaq yeri olmadan camışa baxmaq çətindir. Hazırda əsasən Samuxun Kür çayı yaxınlığındakı kənd və ərazilərində camış saxlayanlar var.

Camışçılığın artırılmasının zəruriliyindən Azərbaycan Dövlət Aqrar Universitetin dosenti Süliddin Abbasov da danışır. Deyir ki, camış xəstəlik qəbul etməyən heyvan olması ilə yanaşı, südündəki yağlılığın miqdarı inəyinkindən bir neçə dəfə çox və keyfiyyətlidir. Təsərrüfatlarda camışların sayının azalması səbəblərinə gəlincə isə Süliddin Abbasov belə deyir:

LEYKOZU MÜALİCƏ EDƏN CAMIŞ SÜDÜ...

«Bu dövlət səviyyəli məsələdir və fermerlərin istəyi ilə bağlıdır. Yəni respublikada camış baş sayına görə azalıb. Qabaqlar 330 mindən 288 minə enib. Bu da kəsimlə bağlıdır. Camış əti çox satılır. Bu yaxşıdır, camış əti A vitamini ilə zəngindir. Nə kəsilməsi qəbahətdir, nə də keyfiyyətsiz ətdir. Ancaq tələbat təminatı ödəməlidir. Ucuz başa gəlir. Camış qaba yemlə yemlənir. Onun mədəsi elə qurulub ki, mikrobları həzm edir. Camış südü, camış qanı dünya təbabətində qəbul olunub ki, xərçəng xəstəliyini müalicə edir. Leykoz xəstəliklərini müalicə edir».

Süliddin Abbasov deyir ki, camışçılıq təsərrüfatının genişləndirilməsi vacibdir. Bunun üçün də ölkəyə yeni cins camışlar gətirilməlidir:

«Cins daxilində yüksək keyfiyyətli törədicilər gətirilməlidir. «Murrah» camış cinsindən istifadə olunur hazırda respublikada. O vaxtilə Hindistandan Bolqarıstana gətirilib. Yetişdirmə aparılıb və Azərbaycana satılıb».

CAMIŞÇILIĞA DİQQƏT ARTIRILMALI

Ziyad Abbasov
Ziyad Abbasov
Ekspert Ziyad Abbasov camışçılıq təsərrüfatına dövlət dəstəyinin artırılmasını, zoogigiyenik qadalara uyğun tövlələrin yaradılmasını mühüm hesab edir:

«Camış məhsulu çox qiymətlidir. Müalicəvi əhəmiyyəti var. Camışın saxlanılması göldə, su kənarında olmalıdır. Evdə olsa belə, ona şərait yaradılmalıdır. Tövlələrdə çətindir. Çay suları təmiz deyil. Suvarma suları, çaylar quruyur. Camış üçün münbit şərait yoxdur. İnkişaf etdirmək olar, proqram hazırlanmalı, sahibkara kömək məqsədilə yeni cinslər gətirilməli və satışa verilməlidir. Əksər cinslər itib. Fermerlər üçün Kür qırağında süni göllər yaradılmalıdır. Vəsait artırılmalıdır. Qamışla yanaşı, qidalanması olmalıdır. Zoogigiyenik qaydalara uyğun tövlələrin yaradılması vacibdir. Azərbaycanda camış qaymağı qablaşdırılırdı, satılırdı. Hazırda isə tək-tük satılır».

Ziyad Abbasov əlavə edir ki, süni mayalanma çıxış yolu olsa da, xaricdən yeni və məhsuldar cinslərin gətirilməsindən sonra mayalanmaya başlanılmalıdır.

«DÖVLƏTİN DƏSTƏYİ DƏ VAR, PROQRAMI DA»

Kənd təsərrüfatı nazirliyində heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdir müavini Fərhad Eminov isə deyir ki, dövlətin bu sahəyə dəstəyi də var, xüsusi proqramı da. Onun deməsinə görə, hazırda ölkədə 3 ildir ki, camışların süni mayalandırılması işləri aparılır.
Camış
Camış
«Tədbirlərimiz var. Damazlıq cinsləri yaxşılaşdırırıq. Respublika süni mayalanma mərkəzi yaratmışıq. 3 ildən artıqdır. Biz orada damazlıq camış kəlləri gətirmişik, saxlayırıq, toxum alırıq və damazlıq işinin genişləndirilməsi üçün respublikanın bütün yerlərində süni mayalanmadan istifadə edirik. Camışların sayı azalsa da məhsuldarlığı yüksəlib. İl ərzində 8 min doza toxum almışıq. İlə min doza toxum istifadə olunur. Camış 1000 kiloqram süd verir. Süni mayalanmadan alınan balaların, ana olandan sonra verdiyi süd 1600 kiloqram olur, beləcə məhsuldarlığı artırırıq».

«CAMIŞLARLA BAĞLI PROBLEM YOXDUR»

O ki, qaldı otlaq yerlərinin qıtlığı barədə deyilənlərə nazirlik rəsmisi deyir:

«Camış ancaq Azərbaycandadır, Gürcüstanda çox cüzi miqdardadır. Azərbaycanda yetişdiyinə görə, yerli şəraitə uyğunlaşıb. Hətta otlaq sahəsi olmasa, suların içində qamışlar olur, ondan istifadə edir. Onlar üçün yem problem deyil. Camışlarla bağlı problem yoxdur».

Camışın faydasına baxmayaraq, çox vaxt insanlar inək ətinə daha çox üstünlük verir. Bu, özünü qiymət fərqində də göstərir. Mütəxəssislər bunu insanların bilgisizliyi ilə izah edir.
XS
SM
MD
LG