Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:38

Səməd Seyidov həmməruzəçilərdən, «kürü diplomatiyası»ndan danışdı


Səməd Seyidov
Səməd Seyidov
-
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro AgramuntJoseph Debono Grech ötən həftə «Azərbaycanın öhdəliklərinə əməl etməsi» adlı hesabat açıqladılar. Sənəd AŞPA-nın qış sessiyasında müzakirə üçün nəzərdə tutulub. Hesabatda deyilənlərlə bağlı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq Münasibətlər Komitəsinin rəhbəri Səməd Seyidovla müsahibəni diqqətinizə yetiririk.

– Sənəddən çıxan əsas fikir – Azərbaycanda hazırlanan qanunların praktikada pozulması və hüququn aliliyinə və insan haqlarına sayqı baxımından bunun narahatlıq yaratmasıdır. Həmin fikirlə razısınızmı?

– Təbii ki, məruzədə müxtəlif tənqidi fikirlər əksini tapıb. Biz dəfələrlə demişik ki, Avropa Şurasından gələn hər sənədi diqqətlə təhlil edirik. Özümüz üçün müəyyənləşdiririk ki, hansı bəndlər, mülahizələr reallığı əks etdirir, hansılar etdirmir. Xeyli tənqidi məqamlar olsa da, bu məruzə üzərində işləməyə və müzakirəyə hazırıq, çünki Monitorinq Komitəsi bütövlükdə Azərbaycan-Avropa Şurası münasibətlərinə, aparılan danışıqlara ciddi yanaşır. Komitənin son iclasında da bu məsələlərlə bağlı təkliflərimizi bildirdik, bəzi fikirlərimiz, əsasən, qəbul olundu. O ki qaldı başqa, xüsusən cənab Strässer-in məruzəsinə, bu məruzə tamam başqa məqsəd – insan haqlarından bir alət kimi ölkəyə qarşı istifadə məqsədi daşıyır.

– Sizcə, həmməruzəçilərin hesabatında hansı məqamlar reallığı əks etdirir?

– Rəsmi münasibətimizi məruzə müzakirə olunandan, AŞPA sessiyasında gündəmə gələndən sonra bildirəcəyik. Təbii, orda elə məqamlar var ki, heç cür razılaşa bilmərik. Ancaq qəbul edib-etməmə bu sənədi nəzərə almamağımız demək deyil. Biz bu sənədin üzərində işləyirik. Başqa sənədlərin üzərində işləmək imkanında və iqtidarında deyilik, çünki onların içərisində tamamilə başqa bir məna var.

– Sənəddə bildirilir ki, heç bir seçki demokratik standartlara uyğun keçməyib, seçki prosesində çatışmazlıqlar var...

– Mən yenə deyirəm, məruzənin üzərində işləyirik. Hər bir bənd müzakirə olunacaq. Elə bəndlər var ki, ümumi fikir formalaşdırandan sonra, təbii, qəbul etməyəcəyik. Elə məqamlar da var ki, razılaşmaq olar. Bəzi bəndlər üzərində işləmək lazımdır. Ancaq prosedur qaydalara uyğun olaraq, nümayəndə heyəti AŞPA-ya fikrini bildirməmiş, bununla bağlı yekun qərar açıqlamaq düzgün deyil. İndilik ancaq onu demək olar ki, bu məruzə Azərbaycan-Avropa Şurası arasındakı münasibətlərin konstruktiv yöndə inkişafına xidmət edə biləcək bir sənəddir. Bunu digər sənədlər barədə demək mümkün deyil.

Strässer-in Avropa Şurası olmadığını demişdiniz. Bəs həmməruzəçiləri Avropa Şurası sayırsınız?

– Biz həmməruzəçilərin iş tərzini qəbul edirik. Onların məruzəsinin müzakirəsinə qatılırıq, razılaşmadığımız məqamları deyirik. Yoxsa Azərbaycanla məsləhətləşmədən, fikir mübadiləsi aparmadan hansısa qərəzli mövqe ortaya qoyacaqsınız və Azərbaycan da bunu qəbul edəcək? Bu, mümkün məsələ deyil. Strässer-in məruzəsini diqqətlə oxusanız, xeyli səhvlər də görərsiniz. Adlarda səhvlər var, bəzi adlarda heç məhbus yoxdur. Belə də ciddi sənəd ortaya çıxa bilərmi? Biz dəfələrlə demişik ki, insan haqları problemini bir ölkədə qabartmaq düzgün deyil. Gürcüstan bəyan edir ki, məndə yüz-iki yüz siyasi məhbus var, onu qoyurlar kənara. Helsinki Assosiasiyası Ermənistanda 53 vicdan məhbusunun siyahısını təqdim edir, bunu atırlar qırağa. Birbaşa Azərbaycanda siyasi məhbus məsələsindən, insan haqlarından danışırlar. Azərbaycan heç vaxt bu məsələni kənara qoymayıb, ölkə başçısı səviyyəsində sənəd qəbul olunub, Avropa Şurası da bunu yüksək dəyərləndirib. Bu irəliləyişi görmədən, insan haqlarından yararlanaraq, Azərbaycana təzyiq göstərmək qəbulolunmazdır.

– Axı birinci dəfə deyil AŞPA həmməruzəçiləri ortalığa tənqidi sənəd qoyur, tövsiyələr verir, ancaq onların çoxu yerinə yetirilməmiş qalır. İstər demokratik seçki çağırışı olsun, istər sərbəst toplaşma azadlığı...

– Belə deyil, Avropa Şurasının tövsiyələrinə diqqətlə baxıb təhlil etsəniz, görərsiniz ki, Monitorinq Komitəsindəki öhdəliklərin əksəriyyəti həyata keçirilib. Bunu Monitorinq Komitəsi də, Avropa Şurası da təsdiq edir.

– Konkret bir-iki öhdəliyi misal çəkə bilərsiniz?

– Yerinə yetirilməyən öhdəliklərdən hansılar qalıb? Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması, alternativ xidmətin yaradılması. Əsas bu ikisi qalıb. Azərbaycan öhdəliklərinin əksəriyyətini yerinə yetirib. O ki qaldı öhdəliyi yerinə yetirəndən sonra onunla bağlı fikir mübadiləsinin aparılmasına, məsələn, sərbəst toplaşma azadlığı ilə bağlı hansısa bəndin düzgün olub-olmamasına – bu, hər bir ölkənin müstəsna səlahiyyətidir. Misal çəkə bilərəm - son vaxtlar Avropa ölkələrində, xüsusilə iqtisadi böhranla əlaqədar sərbəst toplaşma qanununun kobud şəkildə pozulması məsələsi gündəmdədir. Azərbaycan öz öhdəliklərinə ciddi yanaşır, ancaq millətin və dövlətin marağını ali tutur. Bir məsələ də var ki, Avropa Şurasında heç bir üzv ölkənin ərazisinin 20 faizi işğal olunmayıb və 1 milyon qaçqını yoxdur. Qoy Avropa Şurası 1 milyon qaçqının hüquqlarını qorusun.

– Həmməruzəçilər 9 bənd üzrə 40-dan çox tövsiyə irəli sürürlər. Əsas tövsiyələrdən biri də Seçki Məcəlləsinin təkmilləşdirilməsi ilə bağlıdır. Bu yaxınlarda Avropa Birliyi rəsmisi də deyib ki, Azərbaycan mümkün qədər tez seçki qanunvericiliyini ATƏT tövsiyələrinə uyğunlaşdırmalıdır ki, oktyabrda seçkilər ədalətli və şəffaf keçirilsin. Yəni beynəlxalq qurumlardan eyni çağırışlar gəlir, Siz də israrla öhdəliklərin yerinə yetirildiyini deyirsiniz...

– Bütün beynəlxalq təşkilatlar ermənilərə eyni çağırışı səsləndirir – Dağlıq Qarabağ münaqişəsi sülhlə həll olunsun, ermənilər danışıqlar masasına otursun. Bütün cəhdlərə baxmayaraq, nəticə yoxdur. Ona görə beynəlxalq təşkilatlar deyəndə, onların çağırışlarının Azərbaycan Respublikasının müstəqilliyinə, milli maraqlarına uyğunluğu təhlil olunmalıdır. Avropa təşkilatları içərisində romantik dövrü yaşayıb qurtardıq. Çox gözəl bilirik – həmin təşkilatlar içində bəzi qüvvələr var ki, ümumi geostrateji məsələləri həyata keçirmək üçün dövlətlərə təzyiq göstərir. Azərbaycana qarşı da bu təzyiqləri görürük.

– ABŞ Dövlət katibinin müşaviri də AzadlıqRadiosuna müsahibəsində hakimiyyətə məsləhət görürdü ki, dəvəquşu kimi davranmaqdansa, tənqidlərdən nəticə çıxarsın, ölkənin beynəlxalq imicinin yaxşılaşdırılmasının qeydinə qalsın. Bu məsələ sizi narahat etmir?

– Bizim Avropa ilə də, Amerika ilə də münasibətlərimiz çox yüksək səviyyədədir. Eyni zamanda ciddi beynəlxalq sənədləri təhlil etsəniz, Azərbaycana münasibətin dəyişdiyini görərsiniz. Biz heç bir sənədi kənara qoymuruq. Bir məsələni gündəmə gətirmək istəyirik. Biz bu gün Avropanın dəyərlərini, dünyada gedən prosesləri, ABŞ-ın regionda nüfuzunu, rolunu çox gözəl anlayırıq. Anlayırıq ki, Azərbaycan çox balaca bir ölkədir, ancaq çox böyük geostrateji gücə malikdir. Yalnız neftə və qaza görə yox. Ona görə ki, başqa müsəlman dövlətlərinin cavab verə bilmədiyi suallara biz cavab veririk. Başqa müsəlman dövlətlərindən fərqli olaraq, islam və demokratiyanın yanaşı mövcudluğunu, qadının rolunu, mədəniyyət və təhsilin yüksək səviyyəsini göstəririk.

– Bütün bu münasibətlərin formalaşdırılmasında «kürü diplomatiyası»nın payı nə qədərdir? Yəqin xarici mediada yazılanlardan xəbəriniz var...

– Əlbəttə, var. Bütün yazılanları oxumuşam. Bu sualı daha çox Azərbaycana qarşı işləyən qüvvələrə yönəltmək lazımdır. Heç bir fakt, dəlil olmadan bütün bunları ortaya atırlar. Hansı prinsipdən çıxış edirlər? Əstəğfürullah, dilimə də gətirmək istəmirəm... Bax, bu gün Azərbaycana qarşı belə bir təbliğat aparılır. Məsəl var ki, «yalan necə dəhşətlidirsə, bir o qədər inandırıcıdır, ancaq həqiqət nə qədər dəhşətlidirsə, bir o qədər qorxuludur». Ona görə onlar bir milyon qaçqının varlığını təsdiqləmək istəmirlər. Dəhşətli həqiqət budur, ancaq ondan qorxaraq ortaya dəhşətli yalanı atırlar ki, o yalan yapışsın və Azərbaycanla bağlı başqa söhbətlər ortaya çıxsın.
XS
SM
MD
LG