Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:33

«Xristianofobiya» və müasir «səlib yürüş»ləri


Vatikan, Müqəddəs Pyotr meydanı
Vatikan, Müqəddəs Pyotr meydanı
-
XRİSTİANLIQ YAXIN ŞƏRQDƏN YOX OLUR

Civitas – Vətəndaş Cəmiyyətinin Araşdırılması İnstitutunun (Institute for the Study of Civil Society) hesabatında deyilir ki, xristianlar dünya boyunca ən çox düşmənçiliklə üzləşən və sıxışdırılan dini qrupdur.

Civitas həmçinin Afrika, Asiya və Yaxın Şərqdə xristianlara qarşı zorakılıqlara “göz bağladıqları” üçün siyasətçiləri günahlandırır.

Belə bir nəticə ifadə olunur ki, Yaxın Şərqdə Xristianlığa qarşı ən böyük təhlükəni “davakar İslam” təşkil edir.

Qeyd edilir ki, Qərb siyasətçiləri irqçilikdə ittiham edilməkdən çəkindikləri üçün müsəlman ölkələrində xristianların təqibinə göz yumurlar.

Hesabatda deyilir ki, Səudiyyə Ərəbistanı, Mavritaniya və İran kimi ölkələrdə İslamdan Xristianlığa keçənlər ölüm təhlükəsi ilə üzləşirlər, Yaxın Şərqdə isə belə bir hərəkətin ağır cərimə və cəzaları var.

Hesabata görə, dünya boyunca 200 milyon xristian və ya bütün xristianların 10 faizi ictimai ədalətsizliklə üzləşir və təqib olunur.

HESABATIN ADI – “XRİSTİANOFOBİYA”

“Xristianofobiya” adlı bu hesabatda deyilir ki, Xristianlıq Qərbin məhsulu sayıldığına görə Yaxın Şərqdə qısqanclıqla qarşılanır.

Hesabata görə, Xristianlığa qarşı ən böyük dövlət düşmənçiliyi Çində nümayiş etdirilir və bu ölkə bütün dünyada xristianların ən böyük “məhbəsçisidir”.

Sənəddə Çin hökumətinin din məsələləri üzrə müşaviri Ma Hucheng-dən sitat gətirilir.
Ma Hucheng-in fikrincə, ABŞ Çində protestant kilsəsini gücləndirməklə ölkədəki sabitliyi pozmağa çalışır.

“Başda Amerika olmaqla, Qərb qüvvələri, bilərəkdən Xristianlığı Çinə ixrac edir və müxtəlif qanunsuz missioner fəaliyyətinə rəvac verirlər”, - yazır Ma Hucheng.

Onun fikrincə, Xristianlıqdan Çindəki rejimin xarakterini dəyişmək və son nəticədə bu rejimi devirmək məqsədi güdülür.

Bununla belə, xristianlar daha çox İslamın hakim olduğu ölkələrdə zorakılıqlarla üzləşirlər.

GEORGE BUSH-UN “SƏLİB YÜRÜŞÜ”

Hesabatın təxminlərinə görə, İncilin müqəddəs torpaqlarından son yüz il ərzində xristianların üçdə ikisi “ya mühacirət edib, ya da öldürülüb”.

Sənəddə qeyd olunur ki, Freedom House təşkilatının hesabatına görə 20 müsəlman ölkəsindən 12-si məhz dini dözümsüzlüyə görə, “azad olmayan” ölkələr kateqoriyasına aid edilib.

Freedom House Misir, İraq, Pakistan, Nigeriya, Hindistan, Birma və Çində xristianların üzərinə dini fanatiklərin yüzlərlə basqını sənədləşdirib.

Sənəddə qeyd olunur ki, 11 sentyabr terror aktlarından sonra prezident George Bush-ın “səlib yürüşü” ifadəsini dilə gətirməsi Müsəlman dünyasında Xristianlığa qarşı həssaslığı daha da gücləndirib.

Lakin dini dözümlülüyə ziyan vuran təkcə sözlər deyil.

2003-cü ildə İraqa hərbi müdaxilə, bu regiondakı xristianların vəziyyətini xeyli ağırlaşdırıb.

2006-cı ildə pravoslav keşiş Boulos Iskander ata oğurlanıb və boynu vurulub.

2006-2010-cu illərdə daha 17 keşiş və yepiskop oğurlanıb.

Hesabatda bildirilir ki, bu kimi zorakılığı törədənlər məqsədin xristianların bu bölgədən çıxarılması olduğunu deyirlər.

Ötən il Pakistanda ölkənin milli azlıqlar üzrə katolik naziri Shahbaz Bhatti qətlə yetirilib.
Hesabat müəllifləri yazırlar ki, Hindistanda xristianlar əsasən hindu ekstremistləri tərəfindən təqib edilirlər.

RADİO DALĞASİ KİMİ DİNDARLIQ – GAH GƏLİR, GAH İTİR…

Maraqlıdır ki, “Xristianofobiya” adlı bu hesabatda Xristianlığın Qərbdəki, ələlxüsus da elə Britaniyadakı vəziyyətindən bir kəlmə də deyilmir.

Halbuki, Birləşmiş Krallıqda aparılmış əhalinin son siyahıya alınmasının nəticələrinə görə Xristianlıq ən çox tənəzzülə uğramış dindir.

Son on ildə ölkədə heç bir dinə qulluq etməyənlərin sayı ilk dəfə olaraq dindar xristianların sayı ilə bərabərləşib və onu ötüb.

Siyahıyaalma zamanı “özünü xristian hesab edənlər”in böyük bir qismi üçünsə, dinin simvolik xarakter daşıdığı göstərilir.

Baş nazir David Cameron ötən həftə Helmandda Britaniya əsgərləri ilə birlikdə Milad ibadəti edib.

O, ibadət zamanı müqəddəs John-dan sitatlar gətirirərək deyib ki, “İsa Məsih bütün bəşəriyyətin işığıdır”.

“The Guardian” qəzeti xatırladır ki, David Cameron 2008-ci ildə qəzetə verdiyi müsahibədə öz anqlikanizmi barədə başqa cür danışmış, dindarlığının “ bəzən yada düşən” dindarlıq olduğunu söyləmişdi.

“Mən İngiltərə Kilsəsəsinin tipik üzvüyəm” – demişdi Cameron.

Öz kəskin, ezopsayağı dili ilə seçilən London meri Boris Johnson da buna bənzər bəyənatlar verib: “Mənim dindarlığım Çiltern tərəflərdə Magic FM radiosunu dinləmək kimi bir şeydir – siqnal gah gəlir, gah da itir”…

Paytaxt meri deyib ki, “biz ürəyimizdə Allaha dərindən inanırıq, lakin dini əlimizdə bayraq etmirik”.

Siyasətçilər üçün din həmişə bir növ simvolizm olub.

AZƏRBAYCAN PREZİDENTİNİN “YOLKA”SI

Azərbaycandan alınan son xəbərlərdə prezident İlham Əliyevin “yolka bəzədiyi” bildirilir.
Bunun özündə də bir neçə siyasi mesaj var, lakin ən mühümü, əlbəttə, Qərbə hesablanıb.

Prezident, ölkəsinin Qərb dəyərlərinə bağlılığını, Azərbaycanın tolerant bir ölkə olduğunu yada salır və görəcəyiniz kimi pis də alınmayıb.

İlham Əliyevin doğum günü xristianların ən əziz bayramı olan Milada təsadüf edir.
Qərb dəyərlərini təbliğ edən və uşaqlara aid Amerika xeyriyyə saytlardan birində qeyd olunur ki, müsəlman ölkəsi sayılan Azərbaycanda hətta Milad nəğmələrini azərbaycanca oxuyanlar da var.

“Gəlin ad günündə prezident İlham Əliyev üçün dua edək, dua edək ki, onun öz ölkəsindəki xristianlara münasibəti müsbət olsun. Dua edək ki, Miladı sülh və əmin-amanlıq içində qeyd edə bilək” – yazır sayt.

ROMA PAPASI BİEBER-İ KEÇDİ

Xristianlıq üçün daha bir təsəlli xəbəri var.

85 yaşlı Roma Papası Benedict bir həftə bundan əvvəl Twitter tərəfdarlarından aldığı cavabların sayına görə internet reytinqlərinin qəhrəmanı 18 yaşlı Kanada müğənnisi Justin Bieber-i ötüb.

Vatikan xəbər verir ki, ilk tvit mesajını göndərəndən bəri Papaya 2 milyon 100 min cavab gəlib.

Xəbər verilir ki, Papa artıq ingilis, alman, italyan, fransız, portuqal, polyak və ərəb dillərində tweet yazır. Vatikan əlavə etməyi lazım bilir ki, müqəddəs atanın tweet-ləri, əlbəttə ilahi məzmundadır.
XS
SM
MD
LG