Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 21:24

Həbsdən çıxan siyasilər əfv sərəncamı haqda [Video]


Azadlığın ilk dəqiqələri
Gözlə

No media source currently available

0:00 0:03:41 0:00

Azadlığın ilk dəqiqələri

-
«Mən məhkum deyildim, girovluqda idim və indi girovluqdan azad olundum».

Bunu AzadlıqRadiosuna müsahibəsinə prezidentin əfv fərmanı ilə həbsdən çıxan hüquq müdafiəçisi Vidadi İsgəndərli deyib.

Vidadi İsgəndərli bundan sonra da korrupsiya, rüşvətə qarşı mübarizə aparacağını deyir.

«Bundan sonra korrupsiyaya, rüşvətə qarşı daha mətin, daha şüurlu mübarizə aparacam. Ölkədə azadlıq, demokratiyanın olmasından ötəri hüquq müdafiəçisi kimi əlimdən gələn hər şeyi edəcəm. Mənim azadlığa çıxmamda rolu olan xalqıma, məndən ötrü əziyyət çəkən jurnalistlərə, dostlara, partiyalara, hüquq müdafiəçilərinə, beynəlxalq təşkilatlara öz minnətdarlığımı bildirirəm. Onlar bizi bu girovluqdan azad etdi».

V. İsgəndərli Göyçay rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilmişdi. O, Cinayət Məcəlləsinin 159.4.1 (Seçki hüquqlarının həyata keçirilməsinə hədələmə və zor tətbiq etməklə mane olma) və 160.2.1-ci (Seçki komissiyalarının işinə hədələmə, zor tətbiq etməklə müdaxilə) maddələri ilə ittiham olunurdu.

«CİBİMDƏ PATRON AŞKARLANMASI O DEMƏK İDİ Kİ...»

Yenicə azadlığa çıxan AXCP üzvü Şahin Həsənli də 21 ay günahsız yerə həbsdə qaldığını deyir.

Şahin Həsənli
Şahin Həsənli
«Ömrümdə patron üzü görmədiyim halda cibimdə patron aşkarlanması o demək idi ki, hakimiyyət mənə siyasi fəaliyyətimə görə qondarma cinayət işi açıb. Həbsim qanunsuz, məhkəmələrim də ədalətsiz olub və mən 21 ay haqsız yerə cəza çəkmişəm. Həbslər məni mübarizəmdən döndərə bilməz. Biz hansı məqsədlər uğrunda mübarizə aparırdıqsa hələ o məqsədlər həyata keçməyib. Məqsədlərimiz həyata keçənə qədər biz bu mübarizədə, bu yolda varıq».

Şahin Həsənli İctimai Palatanın 2011-ci il 2 aprel aksiyasından əvvəl yaşadığı Şəmkir rayonunda saxlanılıb. O, qanunsuz olaraq odlu silah saxlamaqda ittiham olunaraq, 2 il müddətinə azadlıqdan məhrum edilib. Ş. Həsənlinin həbs müddətinin başa çatmasına 3 ay qalırdı.

«SAXTA İTTİHAM İDİ QOYMUŞDULAR»

Əfv olunanlar arasında İranın «Səhər» televiziyasının Azərbaycan üzrə müxbiri Anar Bayramlı da var. O da narkotik ittihamı ilə həbsini ədalətsizlik sayır.

«Saxta ittiham idi qoymuşdular boynuma. Amma bu həbs mənim jurnalist fəaliyyətimə mane olmayacaq».

Anar Bayramlı 2012-ci il fevralın 17-də Binəqədi rayon 4-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və onun üzərindən 0, 0387 qram heroin tapıldığı bildirilib.

Jurnalistə qarşı Cinayət Məcəlləsinin qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri hazırlama, saxlama və ya satma maddələri üzrə ittiham irəli sürülüb.

İyunun 9-da Binəqədi rayon məhkəməsi onun barəsində 2 il azadlıqdan məhrum etmə hökmü çıxarıb. Avqustun 2-də Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə cəzası 2 ildən 1 ilə endirilib.

TALEH XASMƏMMƏDOV: «AXIRA QƏDƏR MÜBARİZƏ APARACAĞAM»

Taleh Xasməmmədov
Taleh Xasməmmədov
«Mən əfv olunmağımı müsbət qiymətləndirirəm. Ancaq bəraət uğrunda mübarizə aparacağam. Çünki mən cinayətkar deyiləm. Qanunsuzluqlara yol verən hakimiyyət nümayəndələrinin cəzalandırılmasını istəyirdim. Ancaq mənim özümü şərləyib həbsə atdılar. Ona görə axıra qədər mübarizə aparacağam».

Bunu AzadlıqRadiosuna dekabrın 27-də əfv fərmanı ilə həbsdən çıxan hüquq müdafiəçisi Taleh Xasməmmədov deyib.

Taleh Xasməmmədov deyib ki, tutulan vaxt 48 saat onu incidiblər. Ancaq 14 ay cəza çəkdiyi 17 saylı cəzaçəkmə müəssisəsində ona münasibət normal olub.

Bildirib ki, bundan sonra siyasi fəaliyyətlə məşğul olacaq.

Taleh Xasməmmədov 2011-ci ilin noyabrında həbs edilib. Bu ilin aprelində Göyçay rayon məhkəməsi onu xuliqanlıqda və polisə müqavimətdə ittiham edərək 4 il azadlıqdan məhrum edib. Beynəlxalq təşkilatlar onu «vicdan məhbusu» sayır. Prezident İlham Əliyevin dekabrın 26-da imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.
XS
SM
MD
LG