Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:59

Son şans?


İsa Qəmbər və Əli Kərimli
İsa Qəmbər və Əli Kərimli
-
2003-cü il prezident seçkisi ərəfəsində ən çox səslənən sözlərdən biri «son şans» olub. Nəyə görə «son şans»? Müxalifət liderləri tez-tez deyirdilər: «2003-cü il prezident seçkiləri həm iqtidarın, həm də müxalifətin son şansı ola bilər».

Politoloq Eldar Namazov 2003-cü ildə AzadlıqRadiosuna deyirdi ki, bu seçkilərdən sonra ölkədə heç nə dəyişməsə, qınaq obyekti siyasi liderlər olacaq. Və bu mənada «son şans» fikrində müəyyən həqiqətlər var:

«Köklü dəyişikliklər üçün iqtidarla müxalifət dialoqa getməli, kompromis tapmalıdırlar. Ölkəni bu vəziyyətdən çıxarmağın yollarını tapa bilsələr, onda həmin siyasi liderlər siyasi nüfuzlarını qoruya, hətta perspektivlərini artıra bilərlər. Bunlar olmasa, onda siyasi liderlərin vəziyyəti ağır olacaq. Ancaq bu, məni bir o qədər də maraqlandırmır. Əsas odur ki, Azərbaycanın vəziyyəti ağır olacaq».

«MÜXALİFƏT İQTİDAR DİALOQUNA CƏHD EDİRİK»

2003-cü il seçkiləri zamanı, ən azından ilin birinci yarısında qızğın dartışmalar yaradan bir məsələ də vardı: seçki komissiyaları. Seçki komissiyalarının yeni formatı bu gün də ara-sıra gündəmə gəlir. Ancaq o zaman beynəlxalq qurumlar - ATƏT, Avropa Şurası vəziyyəti dəyişmək üçün tərəflərin birgə görüş və müzakirələrini keçirməyə, hətta razılaşdırma komissiyası yaratmağa səy göstərdilər. AŞPA-nın Azərbaycan üzrə məruzəçisi Martinez Kassan yanvarda Bakıdakı mətbuat konfransında bildirmişdi:

«Əsas narahatlığımız seçkilərlə bağlıdır. Biz Seçki Məcəlləsinin müzakirəsi üçün müxalifət qüvvələri ilə hökumət arasında dialoq yaranmasına cəhd edirik. Eyni zamanda, Azərbaycanda bütün siyasi qüvvələri razı salan seçki komissiyaları yaradılmalıdır».

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə
«HEYDƏR ƏLİYEVLƏ MÜMKÜN DEYİL»?

Sosial-Demokrat Partiyasının keçmiş həmsədri Zərdüşt Əlizadə müxalif düşərgənin diqqətini seçki komissiyalarına yönəltməsini tənqid edirdi:

«Seçki Məcəlləsi ilə bağlı bütün mübahisələrin mahiyyəti ondan ibarətdir ki, Heydər Əliyev seçki komissiyalarında öz adamlarının əksəriyyət təşkil etməsinə çalışır. Və istəyir ki, seçkilərin nəticələri saxtalaşdırılanda, müxalifətin əlində sübut olmasın. Müxalifətin vəzifəsi bu olmalıdır ki, saxtalaşdırma ilə bağlı yetərincə sübut toplasın. İkincisi, elə bir fiziki qüvvə toplasın ki, Heydər Əliyevə saxtalaşdırmaya imkan verməsin. Bunun əvəzində öz aralarında çəkişirlər. Diqqətlərini də mənasız Seçki Məcəlləsinə yönəldirlər. Ən demokratik Seçki Məcəlləsi olsa belə, Heydər Əliyevlə demokratik seçki keçirmək mümkün deyil».

«BUNLARIN NECƏ VAHİD NAMİZƏDİ OLA BİLƏR?»

10 il əvvələ baxanda, görünən budur ki, müxalifət seçki komissiyalarının arzu etdiyi tərkibdə formalaşmasına nail ola bilmədi. Bir də, təkcə bərabərhüquqlu komissiyalar arzusunu yox, «son şans» saydığı prezident seçkilərinə vahid namizədlə getmək fürsətini də əldən buraxdı.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının 2003-cü ildə dedikləri:
Sabir Rüstəmxanlı
Sabir Rüstəmxanlı

«Vahid namizəd məsələsi real deyil. Bu qədər partiya olmasaydı, əvvəlki kimi hərəkat olsaydı, onun lideri ola bilərdi. Bu qədər müxalifət partiyası var və bəzən bir-biriylə də yola getmirlər. Bunların vahid namizədi necə ola bilər?».

Bu dəfə - 2013-cü ildə vahid namizədin İctimai Palata liderləri arasından seçiləcəyinə ümidlər böyük idi. Seçkilərə təxminən 10 ay qalsa da, deyəsən, bu məsələdə razılıq əldə edilənə oxşamır.

2013-cü il yanvarın ilk günlərində Müsavat Məclisi prezident seçkilərində namizədini irəli sürüb. AXCP sədri Əli Kərimli İsa Qəmbəri təbrik edib və deyib:

«Biz bir yerdə olmağa, yekun qərarları bir yerdə verməyə qərarlıyıq».

İsa Qəmbər bu addımı «xəyanət» adlandıranlara belə cavab verib:

«Bir neçə ay əvvəl biz deyəndə ki, vahid namizədi müəyyənləşdirək, onda «vahid namizəd» məsələsini hakimiyyətin sifarişi və xəyanət saydılar. Çox gözəl. Biz də öz namizədimizi irəli sürdük».

İLHAM ƏLİYEVİN VƏDLƏRİ?

Müxalif düşərgə «vahid namizəd» məsələsini dartışmaqda olsun, biz qayıdaq 2003-cü ilə.
İlham Əliyev Masallıda, 2003
İlham Əliyev Masallıda, 2003

Həmin ilin əvvəlində müxalifətin rəqibi - ovaxtkı prezident, YAP sədri Heydər Əliyev idi. Hakim partiya İlham Əliyevi varis elan etsə də. «Heydər Əliyev okeanın o tayında müalicə olunur» deyilən vaxtda İlham Əliyev baş nazir gətirildi. Oğul Əliyevin Milli Məclisdə verdiyi mesajlar:
«Hamımızın məqsədi Azərbaycanı qüdrətli ölkəyə çevirməkdir. Hökumətdə dəyişiklik gözlənmir. Bu, cənab prezidentin səlahiyyətindədir. Əsas məqsədimiz iqtisadi sabitliyi qoruyub saxlamaqdır. Mən kəskin hərəkətlərin tərəfdarı deyiləm. Hesab edirəm ki, hər şey tədricən həyata keçirilməlidir».

İlham Əliyev az sonra prezidentliyə namizəd kimi vədlər verirdi:

«Növbəti 5 ildə ancaq neft satışından 5 milyard dollar vəsait əldə edəcəyik. Əlbəttə, bu vəsait Azərbaycanın iqtisadi inkişafına, ordu quruculuğuna yönəldiləcək. İnsanların rifahı yaxşılaşacaq, maaşlar, təqaüdlər artacaq. Ermənistanda belə perspektivlər yoxdur. Bir neçə ildən sonra hər cəhətdən güclü Azərbaycan zəif Ermənistanla üz-üzə gələcək. Mən əminəm ki, yaxın gələcəkdə Azərbaycan torpaqları işğalçılardan azad olunacaq».

«15 OKTYABRDA HAKİMİYYƏTƏ GƏLƏCƏYƏM»

Müsavat başqanı İsa Qəmbər də qələbədən danışır, maaşların, təqaüdlərin artırılması, siyasi məhbus probleminin həlli haqda vədlər verirdi. Zaqatala mitinqindən
İsa Qəmbər və MSK sədri Məzahir Pənahov, 2005
İsa Qəmbər və MSK sədri Məzahir Pənahov, 2005
:

«Nəyə görə biz bu cənnət torpaqlarda, müstəqilliyimizi qazanandan 12 il sonra istədiyimiz kimi yaşaya bilmirik? Bunun günahkarı Heydər Əliyev ailəsidir və rejimidir. Bu rejim 10 ildir qiyamla hakimiyyəti zəbt edib. Bu hakimiyyət xalqı zəlil, kasıb günə qoyub. Döyüşən insanları həbsxanalara saldırıb. Biz 15 oktyabrda bu hakimiyyəti dəyişməliyik. Bu məsələ yetişib. 15 oktyabrda kimin prezident olması həll olunmur, Azərbaycanın taleyi həll olunur. Əliyev hakimiyyətə oğlunu gətirmək istəyir... Mən əminəm ki, Azərbaycan xalqı buna yol verməyəcək, mən buna yol verməyəcəyəm».

SON SÖZ?

Politoloq Zərdüşt Əlizadənin fikrincə, 2003-cü ildə o zaman müxalifət prezidentliyə namizədini verməməli idi. Əksinə, müxalifət hakim zümrə arasında çat yaradaraq, onlardan liberal birinə dəstək verə bilərdi:

«Ancaq müxalifət liderləri bunu qəbul etmədilər. Gedib meydanda döyüldülər, tapdandılar... 2008-ci ildə müxalifətin «gücü» göründü: sıfır nəticə. 2013-cü ildə də onları yenə sıfır nəticə gözləyir».

Bakıda İlham Əliyev və Heydər Əliyevin şəkli
Bakıda İlham Əliyev və Heydər Əliyevin şəkli
AŞPA həmməruzəçilərinin Azərbaycanla bağlı hesabatında isə deyilir:

«Avropa Şurasına üzv olandan bəri Azərbaycanda heç bir parlament, yaxud prezident seçkisi demokratik standartlara tam cavab verməyib. Avropa İnsan Hüquqları Məhkəməsində baxılan və 2005-ci il parlament seçkilərinə aid 35 işdən 7-si barədə qərarlar da bunu sübut edir. 2010-cu il seçkiləri ilə bağlı xeyli iş də məhkəmə baxışında öz sırasını gözləyir. Seçki prosesindəki nöqsan və çatışmazlıqlar, özəlliklə Seçki Məcəlləsi, seçki komissiyalarının tərkibi, namizədlərin qeydiyyatı, müşahidəçilər, şikayətlərə və müraciətlərə baxılması proseduru – bütün bu məsələlər gələn seçkiyədək həllini tapmalıdır».

Tapacaqmı?...
XS
SM
MD
LG