Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:51

Kağız kitabları yandırmayın!.. E-kitab satışı yavaşıyır


-

E-kitab satışı yavaşıyır. E-kitab oxuma qurğularının satışı isə getdikcə zəifləyir.


Nicholas Carr
The Wall Street Journal


KİTABLARINIZI YANDIRMAYIN - KAĞIZ NƏŞRLƏR DURUŞ GƏTİRƏCƏK

“Amazon” özünün populyar “Kindle” e-kitab oxuma qurğusunu satışa çıxarandan bəri mütəxəssislər kitab nəşrinin gələcəyinin rəqəmsal olacağı haqda proqnozlar verirlər.

Kağızdan monitora keçilməsinin sürəti haqqında rəylər müxtəlif olsa da, ortaq fikir budur ki, bundan əvvəl musiqi, foto və xəritə sahəsinə nüfuz etmiş rəqəmsallaşma kağız kitab çapına da öz təsirini göstərəcək. Bir media mütəxəssisi hətta bir neçə il əvvəl proqnoz vermişdi ki, 2015-ci ilə qədər ənənəvi kitab çapı tamamilə sıradan çıxacaq.

Amma e-book inqilabından 5 il keçməsinə baxmayaraq gözlənilmədən məlum olub ki, ənənəvi kitabların gələcəyi ilə bağlı daha nikbin proqnozlar verilə bilər.

Nə qədər təəccüblü olsa da, kağız kitablar öz mövqeyini əldən vermir.

E-kitab satışı yavaşıyır. E-kitab oxuma qurğularının satışı isə getdikcə zəifləyir, alıcılar çoxtəyinatlı tabletlərə üstünlük verirlər.

Ola bilər ki, gələcəkdə e-kitablar kağız kitabları əvəz etməsin, ənənəvi qiraətə əlavə kimi audio-kitablar rolunu oynasın.

“Pew” Araşdırma Mərkəzinin ötən ay açıqladığı hesabatın nəticələrinə diqqət edək:

Düzdür, hesabata görə, son 1 ildə e-kitab oxuyan böyüklərin sayı 16 faizdən 23 faizə qalxıb. Amma eyni zamanda məlum olub ki, daimi kitab oxucularının 89 faizi son 12 ayda azı 1 kağız kitab oxuyub. Müqayisə üçün araşdırmadan başqa bir rəqəmi götürək: Daimi kitab oxucularının yalnız 30 faizi son 1 ildə azı 1 e-kitab oxuyub.

Bundan başqa Amerika Naşirlər Assosiasiyasının hesabatına görə, 2012-ci ildə e-kitab satışı 34 faiz artıb.

Az deyil. Amma bu, illik artım sürətinin əvvəlki illərlə müqayisədə xeyli zəifləməsi deməkdir.

Bundan əvvəlki illərdə artım üçrəqəmli olurdu.

İlkin dövrlərdə müşahidə olunan e-kitab “partlayışı” normadan kənar bir şeyə bənzəməyə başlayıb.

Bu texnologiyalara ilk olaraq keçənlər – kiçik, amma təşəbbüskar oxucu qrupu – e-kitablara çox sürətlə və qısa zamanda qucaq açdı. Bundan sonra belə keçidlər asan olmayacaq. “Bowker”in bazar araşdırmalarısa göstərir ki, amerikalıların yalnız 16 faizi e-kitab alıb. Ən təəccüblüsü isə odur ki, amerikalıların 59 faizi bildirib ki, onların e-kitab almağa, ümumiyyətlə, marağı yoxdur.

Bu arada e-kitab oxuma qurğularından tabletlərə keçilməsi də e-kitab satışına mənfi təsir edib.

“IHS iSuppli” hesablayıb ki, e-kitab oxuma qurğularının satışı 2012-ci ildə 36 faiz azalıb, paralel olaraq tabletlərin satışından kəskin artım var.

İndi e-kitablar iPad və Kindle Fire kimi qurğularda oyunlar, video və Facebook kimi asan “həzm edilən xörəklərlə” rəqabətə məcbur olacaq və özünün cəlbediciliyini xeyli itirəcək.

E-kitabın oxunandan sonra satıla bilməməsi, yaxud başqasına verilə bilməməsi də onun dəyərini azaldır.

E-kitabların satışındakı artımın zəifləməsinin praktiki səbəbləri ilə yanaşı daha dərin səbəbi də ola bilər. Ola bilər ki, biz elektron kitabları düzgün qiymətləndirmirik.

Lap əvvəldən e-kitab satışında nəsrin xeyrinə böyük disbalans olub. Romanlar satılan e-kitabların 3-də 2-ni təşkil edir. Rəqəmsal kitab satışında bestseller siyahısında romanlar dominantdırlar. Xüsusən də triller və romantik janrlar. Monitorda oxunma yüngül əyləncə janrları üçün daha uyğun görünür. O janrlar ki, onların kütlə üçün nəzərdə tutulan kağız versiyaları ənənəvi olaraq supermarket və aeroportlarda satılır.

Bunlar, mahiyyətcə, “birdəfəlik” kitablardır. Biz onları sürətlə oxuyur, son səhifəni də oxuyandan sonra daha həmin kitablara yenidən qayıtmaq həvəsimiz olmur.

Biz bəzən belə kitabların kağız versiyalarını oxuduğumuzu başqasının görməsini də istəmirik, buna görə də e-versiya bu baxımdan daha münasib sayıla bilər.

“Bozun 40 çaları” fenomeni (indi dünyada ən çox oxunan əsər – O.Z.) – e-kitablar yaranmasaydı, yəqin ki olmazdı.

Daha ciddi əsərlər, o cümlədən bədii ədəbiyyat və təhkiyəli publisistik əsər oxuyanlar rəqəmsal müstəviyə keçməyə daha az meylli görünürlər.

Onlar, belə görünür ki, kitabın daim əllərinin altında olması, toxunuşla hiss edilməsi həzzi kimi amillərə dəyər verirlər. “Əsl kitablar” dediyimiz, rəfə qoya biləcəyimiz kitablara üstünlük verirlər.

Bu baxımdan məlum ola bilər ki, e-kitablar sadəcə, ayrı formatdır – yüngül çəkili, “birdəfəlik” kağız kitablardır. Bu mənada qəfildən məlum ola bilər ki, insanların e-kitab alması heç də onların kağız kitablar almağı dayandırması anlamına gəlmir. “Pew” Araşdırma Mərkəzinin hesabatına görə, e-kitab oxucularının az qala 90 faizi kağız kitablar oxumağa davam edir. Bu formatların hər birinin, deyəsən, öz təyinatı var.

Gutenberg-in 500 il texnoloji inqilablardan salamat çıxmış kəşfi rəqəmsal eranın həmləsini də dəf edə bilər. Yəqin mətbəədə çap edilən, xışıldayan və üzü cildlənən kitabların elə bir özəlliyi var ki, biz onun itib-yox olmasına həvəsli deyilik.
XS
SM
MD
LG