Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 21:31

İsa Qəmbərə Lənkəranda hücum olub (VİDEO)


İsa Qəmbər Lənkəranda hücuma məruz qalıb
Gözlə

No media source currently available

0:00 0:02:27 0:00

İsa Qəmbər Lənkəranda hücuma məruz qalıb

-
«HÜCUMU SİYASİLƏŞDİRMƏK DÜZGÜN DEYİL»

«Lənkəranda kiməsə hücumdan söhbət belə gedə bilməz. Onlar rayonun Göyüşaban kəndinin ərazisində olanda qadınlardan ibarət bir qrup rayon sakini onların yoluna çıxıb. Qadınlar öz etirazlarını, nifrətlərini bildiriblər. Bir qrup qadının qəzəbini, nifrətini görən İsa Qəmbərgil elə ordan da rayon ərazisini tərk eləmək məcburiyyətində qalıblar və qayıdıb gəliblər. Bundan başqa orada heç bir hadisə olmayıb. Xəsarət alan, zərər çəkən olmayıb. Ona görə bunu hücum deyə şişirtmək, siyasiləşdirmək düzgün deyil».

Bunu Azadlıq Radiosuna Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov Müsavat Partiyasının başqanı İsa Qəmbər və tərəfdarlarının yanvarın 13-də Lənkəranda hücuma məruz qalmasına münasibət bildirərkən deyib.

Ehsan Zahidov bildirib ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət daxil olub. «Müraciət qanuna müvafiq olaraq qeydiyyata alınıb. Müraciətdə göstərilən xüsusatlar araşdırılır».

AXCP HÜCUMLA BAĞLI BƏYANAT VERİB

AXCP yanvarın 13-də Lənkəranda Müsavat Partiyası rəhbərliyinə hücumla bağlı bəyanat yayıb.

Bəyanatda deyilir ki, «hakimiyyətin əlaltısı olduğu şübhə doğurmayan adamlar Müsavat başqanının avtomobilini zədələyib. Onunla birgə olan şəxslərə, hadisəni işıqlandıran jurnalistə qarşı zorakılıq ediblər. İnsidentə heç bir polis müdaxiləsinin olmaması hadisənin öncədən xüsusi planlaşdırılması qənaətini daha da gücləndirir».

AXCP baş verən bu hadisəni ayrı-ayrı şəxslərin özfəaliyyəti kimi deyil, hakimiyyətin özbaşınalığı kimi dəyərləndirir.

«AXCP Müsavat partiyasına qarşı törədilən cinayətin müəllifinin hakimiyyət olduğunu bir daha vurğulayaraq, Əliyevçi rejimdən məsuliyyətli olmağı, siyasi rəqiblərlə qanun və etika çərçivəsində davranmağı, ölkədə cəngəllik qaydalarına son qoymağı tələb edir».

YAXŞI OLDU Kİ, BU HADİSƏ İLİN ƏVVƏLİNDƏ BAŞ VERDİ

«Bu, mövcud hakimiyyətin, Əliyev rejiminin xalqa, siyasi rəqiblərə, vətəndaşların hüquqlarına münasibətinin göstəricisidir».
Bunu AzadlıqRadiosuna yanvarın 13-də Lənkəranda onlara edilən hücumla bağlı Müsavat Partiyasının başqanın İsa Qəmbər deyib:
«Bu gün biz Lənkərana gedirdik. Müsavat Partiyasının Lənkəran rayon təşkilatının yaranmasının 20-ci il dönümü idi. Onu qeyd etməyə hazırlaşırdıq. Lənkəran şəhərinin girəcəyində bir neçə maşın qarşımızı kəsdi. Bizə 40-50 adam hücum etdi. Kifayət qədər ciddi bir insident oldu. Ancaq biz təmkinli davranıb hər hansı bir hadisələrin olmamasına çalışdıq. Bu hakimiyyətin bizim cəmiyyətimizlə, vətəndaşımızla, müsavatçılarla görüşlərindən nə dərəcədə qorxduğunun təzahürüdür».

Müsavat başqanı deyir ki, bu hücum onun üçün gözlənilən olub:
«Biz Azərbaycan hakimiyyətinin xislətinə, fəaliyyət üsullarına bələdik. Ona görə də bütövlükdə bizim üçün gözlənilməz bir şey yoxdur. Ancaq bəzən açığı bizim rayonlara səfərlər və s. ilə bağlı mövzular gündəmə gələndə, bildirəndə ki, bizim hər bir səfərimiz hakimiyyətin insident yaratmasına, təxribat törətməsinə gətirib çıxarır, bəzən bunu sona qədər qiymətləndirməyənlər olur. Amma biz heç bir zaman hakimiyyətin bu təxribatlarından çəkinməmişik. Bütün bu müddət ərzində mübarizəmizi davam etdirmişik. Bu il də prezident seçkiləri ilidir. Elə yaxşı oldu ki, bu hadisə ilin əvvəlində baş verdi. Mən prezidentliyə namizədliyimi irəli sürdükdən cəmisi bir neçə gün sonra bu hadisə baş verdi. Hakimiyyətin öz rəqiblərin, opponentlərinə münasibəti çox aydın şəkildə bir daha təzahür etdi».
İsa Qəmbər deyir ki, seçki ili olduğu üçün bu səfərlər davam edəcək:
«Belə hadisələr bizim siyasi fəaliyyət təcrübəmizdə dəfələrlə olub. Biz hər zaman cəmiyyətimizlə, xalqımızla, vətəndaşlarımızla təmaslara, onlarla mümkün qədər çox görüşməyə çalışmışıq və yenə də davam edəcəyik. Təbii ki, səfərlərimiz davam edəcək. Sadəcə olaraq bundan sonra bu məsələlər hakimiyyətin törədə biləcəyi bütün təxribatlar nəzərə alınaraq həyata keçiriləcək. Hesab edirəm ki, bu günkü hadisənin ətrafında ictimai rezonans özü də hakimiyyətə bir dərs olmalıdır».
MÜSAVAT PARTİYASININ RƏHBƏRLİYİNƏ HÜCUM OLUB

Yanvarın 13-də saat 14.35-da Lənkəranın girəcəyində «Armudu stəkan» adlı ərazidə Müsavat Partiyası rəhbərliyinə hücum olub.
Bu haqda AzadlıqRadiosuna Müsavat başqanın müavini Gülağa Aslanlı məlumat verib.

Gülağa Aslanlının sözlərinə görə, onlar Müsavat Partiyası Lənkəran rayon şöbəsinin yaranmasının 20 illiyi ilə bağlı keçirilən tədbirdə iştirak etmək üçün Lənkərana gedirmişlər:

«İsa Qəmbər, Arif Hacılı, Arzu Səmədbəyli, Sevinc Hüseynova, Valeh Hümmətoğlu və mən Lənkəranın girəcəyində hücuma məruz qaldıq. Bir neçə maşın bizim maşınların qarşını kəsdilər. Öyrədilmiş insanlar bizim maşınlara hücum edib, biz təhqir elədilər. Maşınlarımızı əzdilər və bizi ölümlə hədələdilər. Maşından çıxıb İsa Qəmbərin maşınını qorumaq istəyəndə maşını mənim ayağımın üstünə sürdülər. Bundan sonra geri qayıtmaq məcburiyyətində qaldıq».

Gülağa Aslanlı deyir ki, hazırda onlar zədəli maşınlarla Bakıya qayıdırlar:

«Arxada və qarşıda içi adamla dolu bir neçə maşın var. Onlar bizim Lənkərandan çıxmağımızı gözləyirlər. Onlar arasında mülki geyimli polislər də var. Yol boyu maşınlar dayanıb. Onların içində kifayət qədər öyrədilmiş qadınlar var idi. Onlar özlərini maşınların qabağına atırdılar, müxtəlif əşyalarla maşınlara vururdular. Yumurta atırdılar. Şəxsən mənə o yumurtadan ikisi dəyib. Eşidirsiz, bu dəqiqə də bizə hücum edirlər, yəqin maşınımıza dəyən zərbələrin səsini eşidirsiniz? İndi bizə Qumbaşı yolunda hücum oldu. Zədəli maşınlarla geri qayıdırıq. Bütün bunlar Azərbaycanda demokratiyanın hansı səviyyədə olduğunu göstərir».

Lənkəran rayon polis şöbəsindən telefon zənglərimizə cavab vermədilər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirdilər ki, məsələyə sabah münasibət bildirə bilərlər.

Gülağa Aslanlı deyir ki, başlarına gələn bu günkü hadisələrlə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib.
XS
SM
MD
LG